Keçmiş məhkum cəzası bitməmiş tanışını bıçaqlayıb öldürdü - Təfərrüat

 10-11-2023

Bakının Xəzər rayonunda tanışını qətlə yetirməkdə təqsirli bilinən  1965-ci il təvəllüdlü Zaur Kazımovun (adlar şərtidir) cinayət işi üzrə təfərrüatlar məlum olub.

Hadisə ötən il yanvarın 7-də baş verib. Binə qəsəbəsində əvvəllər məhkum olumuş Zaur Kazımov münaqişə zəminində tanışı Zaur Cəbrayılovu bıçaqlayaraq öldürüb. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zaur Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. İstintaq orqanı tərəfindən Zaur Kazımovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə dindirilmiş Zaur Kazımov ifadəsində bildirib ki, 1992-ci ildə yaşadığı Binə qəsəbəsində qətl törədib və bu əməlinə görə 9 il müddətinə azadlıqdan məhrum olunub. 2001-ci ildə azadlığa çıxdıqdan sonra fəhləliklə məşğul olub.

Zaur Kazımov 2009-cu ildə narkotik vasitələrdən istifadə etdiyinə görə azadlıqdan məhrum olunub və 2010-cu ildə cəzasnı çəkdikdən sonra azadlığa çıxıb. Növbəti dəfə 2021-ci ilin oktyabrında narkotik vasitədən istifadəyə görə tutulub və məhkəmənin hökmü ilə 2 il azadlığın məhdudlaşdırılması cəzası alıb. Cəzası bitməmiş isə bu hadisəni törədib.  

Mərhum Zaur Cəbrayılovla hadisədən iki il əvvəl yaşadığı Binə qəsəbəsində tanış olub. Zaur Cəbrayılov da onun kimi məhkumluq həyatı yaşayıb. Onların münasibətləri yaxşı olub. Lakin bir müddətdən sonra aralarında narazılıq yaranıb. Belə ki, Zaur Cəbrayılov spirtli içki içdikdən sonra özünü apara bilməyib və onunla söyüşlə danışıb. Cavan və fiziki cəhətdən qüvvətli olmasında istifadə edən Zaur onu alçaldıb. 

Hadisə baş verən günü Zaur Cəbrayılov məhllədə öz tanışları ilə spirtli içki qəbul edib. Oturduğu yerdən heç bir səbəb olmadan onu təhqir edəndə ona sözlərinə fikir verməsini bildirib. Hətta həmin vaxt ətrafında olanlarda Cəbrayılova "içkilisən heç kimə sataşma" deyə irad tutublar. Buna baxmayaraq tanışı sakitləşməyib. Axırıncı dəfə ona tərəf baxıb ünvanına söyüş söyəndə səbri tükənib. Ona kənara çəkilərək təkbətək söhbət etməyi təklif edib. 

Zaur Kazımov ifadəsinin davamında bildirib ki, təxminən 15 metr kənara çəkilən kimi heç bir söz demədən cibindən çıxardığı bıçaqla tanışının döş qəfəsinə zərbə vurub və oradan bir başa 3-cü polis bölməsinə gedib.  Bir müddət sonra tanışının öldüyünü bilib.

Məhkəmə prosesində Zaur kazımov ittiham üzrə özünü təqsirli bilib. 

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə qanuna müvafiq cəza verilməsini xahiş edib.

Sonda Məhkəmənin hökmü ilə Zaur Kazımov 17 il müddətinə azadlıqdan məhrum olunub.

 

Bənzər yazılar

0.25682210922241