Dədə Süleymanın övladları arasında mülk qalmaqallı davam edir

 05-11-2023

El içində “Dədə Süleyman” kimi anılan mərhum xanəndə Süleyman Abdullayevin oğlu Cümşüd Abdullayev çöllərdə səfil həyat yaşadığını, bacı qardaşlarının atasının mülkündən ona pay vermədiklərini bildirib.

Bununla bağlı Lent.az məlumat yayıb.

Cümşüd Abdullayev bildirib ki, atası sağlığında yaşadığı evi ona verəcəyini desə də, onu həmin evə buraxmırlar. Bütün bunların səbəbkarı da bacısı Aygündür:

“Ailəmizin üç evini bacım Aygün mənimsədi. Rəhmətlik atamdan üç ev qaldı. O üç ev ola-ola hazırda mən küçədə qalıram. Aygün mənimlə danışmır. Bir-iki dəfə onun həyat yoldaşının yanına barışmaq üçün getmişəm, vəziyyəti danışmışam. Dedim ki, mənə bir daxma lazımdır ki, orada qalım. Amma onlar məni təhqir ediblər. Mənim Rövşən adında bir qardaşım da var. Onunla əlaqəm var, danışırıq. Bütün bu problemlərin başında bacım dayanır”.  

Atam vəfat etməzdən əvvəl mənə söylədi ki, sən bacının ərini vurmusan. Götür pencəyini, evi də ver onlara, özün də oradan çıx. Mən də elə etdim. O evin qiyməti isə 200 min manatdır. Atam  demişdi ki, Prezident tərəfindən ona bağışlanmış evi mənə verəcək. Digər ev Yasamal ərazisində yerləşir. Həyət evidir. Atamın vəfatından 40 gün sonra oradan məni məcbur çıxartdılar. Mənə ora getməyə qadağa qoyublar”, - deyə Cümşüd Abdullayev bildirib. 

Sənətkarın oğlu bildirib ki, bacısı Dədə Süleymana Prezident tərəfindən bağışlanmış evin etibarnaməsini öz adına keçirib: 

“Kürdəxanıda həbsdə olanda bacım zəng vurub ağlayaraq məndən cənab Prezidentin atama bağışladığı evin etibarnaməsini istədi. Bacım şəxsən özü atama zəng vurub bunu deyə bilmirdi. Ona görə ki, atam bacımı 20 il danışdırmayıb. Çünki o gələcək həyat yoldaşına qoşulub qaçmışdı. Bacım söylədi ki, atamız yaşlı kişidir. Ona-buna mülk paylayır. Birdən götürər bu evi də kiməsə verər”.  

Cümşüd Abdullayev qaynını bıçaqladığına görə həbsdə yatıb. O iddia edir ki, bacısının tələbi ilə onu psixiatrik xəstəxanaya da yerləşdiriblər.

“Atam vəfat etməzdən əvvəl qaynımı bıçaqladığıma görə, həbsə düşdüm. Aygün məni məcburən psixiatriya xəstəxanasına yerləşdirdi. Bunu onlardan pul və ev istədiyimə görə etdi”, - deyə Cümşüd bildirib.

Bundan başqa, Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Süleyman Abdullayevin (Dədə Süleyman) qızı Aygün Abdullayeva qardaşının "Bacım evləri ələ keçirib" ittihamlarına cavab verərkən deyib: "Qardaşımın bütün ittihamlarına, suallarına məhkəmədə cavab verəcəyəm. Onu mənim üstümə qaldıranları da məhkəmələrdə süründürəcəyəm".

Aygün Abdullayeva qardaşının bütün ittihamlarına "Bizimləsən" verilişində aydınlıq gətirəcəyini qeyd edib:
 
"Cümşüd pis vərdişlərə qurşanıb, ruhi dispanserdə qeydiyyatdadır. Anlaqsızdır, nə danışdığını bilmir. Hər bir ailədə söz-söhbət olur. Cümşüd efirə çıxmaqla nə məni biabır edib, nə də atasını hörmətdən salıb, ancaq özünü rüsvay edib. Cümşüdün görkəmindən də məlumdur ki, adam xəstədir. Onun üz cizgilərinə baxanda səhhətinin normal olmadığını sezmək olar. Onu aldadıb, bizə böhtan atırlar".
 
Aygün Abdullayeva 3 qardaş və bir bacısının olduğunu vurğulayıb:
 
"Hələ gözləyirik, görək axırı nə olacaq. Dövlətimiz, həkimlərimiz var. Cümşüd mənim qardaşımdır, o efirə çıxır və mən bir bacı kimi pis oluram. Məsələnin mahiyyətini bilməyən insanlar var, onlarda çaşqınlıq yaranır. Bu məsələyə aydınlıq gətirəcəyəm".
 
Cümşüd Abdullayev Prezidentin Süleyman Abdullayevə verdiyi evi atasının ona bağışladığını açıqlayıb. Bu məsələyə aydınlıq gətirən Aygün Abdullayeva bildirib ki, hələ atasının sağlığında Cümşüd qayınını bıçaqlayaraq həbs olunmuşdu:
 
"Cümşüd həbsxanaya düşdü, həmin vaxt qızı tələbə idi, oğlu da əsgər getmişdi. Həyat yoldaşı da onkoloji xəstə idi. Biz də yardımlar elədik. Amma yardım bir yerə qədər olur, hamının problemi var. Atam heç kəsə ağız açan kişi olmayıb. Allah Prezidentin canını sağ eləsin, atama ev verdi. Amma atam Cümşüdün ailəsində olan çətinliyə görə həmin evi satdı. Biz atamın sözündən tit-tir əsən uşaqlar olmuşuq. Biz kimik ki, atamın qərarının qarşısında nəsə söz deyək. Qardaşım mənə böhtan atır. Prezidentin atama verdiyi evdən 1 qəpiyi mənim cibimə gəlibsə, balalarım qarışıq Allah mənə qənim olsun".
 
Aygün Abdullayeva həmin evin pulunun yarıdan çoxunun Cümşüdün yolunda xərcləndiyini deyir:
 
"O pulun yarısı Cümşüdə xərclənilib, yarısı isə Ceyhun adlı qardaşıma ev alınıb. Cümşüdün xəstəliyindən istifadə edən insanlar var. Həmin insanları məhkəməyə gətizdirəcəyəm. Cümşüd pis xəstəliyi özü qazanıb. Bu, bizim ailəyə yaraşmır. Biz bacı-qardaşıq. Onlar mənə neyləsələr də eşitsəm ki, başlarında bir çətinlik var, yenə qaça-qaça yardıma gedərəm. Cümşüd nə danışığını bilmir, atam ona Xəzər kinotetrının yanından ev verib. Onu bizm üstümüzə qaldıranların hər biri məhkəmədə cavab verəcək".

Qeyd edək ki, Dədə Süleyman ləqəbi ilə məşhur olan Süleyman Abdullayev ötən il vəfat edib. Süleyman Abdullayev Füzuli rayonunun Qoçəhmədli kəndində yerləşən ata mülkünü də aparıcı Nanə Ağamalıyevaya vəsiyyət edib.

Bənzər yazılar

1.9180810451508