ƏBƏDİYAŞAR TARİXİ ŞƏXSİYYƏT

 11-07-2022

Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə it(ti)haf edirəm

Qədim bir şərq məsəlində deyilir: Şəxsiyyət var qarşısında təzim edərlər, şəxsiyyət də var baş əyərlər. Heydər əliyev elə bir əvəzedilməz şəxsiyyətdir ki, onun danılmaz xidmətləri qarşısında yalnız baş əyməli olursan.

Heydər Əliyev haqqında xatirə bölüşmək üçün saatlar, hətta sutkalar lazım gələr. Düşünürəm ki, bu o qədər də asan məsələ olmadığı kimi həm də məsuliyyətli işdir.

Bu yazını yazmaqda heç bir məqsədim, niyyətim və heç bir orqandan vəzifə, səlahiyyət umacağım və təmənnam yoxdur. Sadəcə olaraq bir çoxları kimi mən də Ulu rəhbəri qürur mənbəyim milli sərvətim hesab etdiyimdən bu yazını onun əziz xatirəsinə yazmaq qərarına gəldim və düşünürəm ki, dəyərli oxucu mənim bu yazımı təbii və səmimi qəbul edəcək.

Heydər Əliyevin Respublikamıza birinci rəhbərliyi illərində o mənim də həyatımda və iş fəaliyyətimdə xüsusi rol oynayıb.

Əgər məndən soruşsalar ki, Heydər Əliyev sənin üçün kimdir?- sualına cavab verərdim ki, Heydər Əliyev dahilər dahisidir, tarixi şəxsiyyətdir, ən nəhayət xalqımızın qəhrəman oğludur.

Sovetlər dövründə hər kəsin hünəri deyildi 2 dəfə sosialist əməyi qəhrəmanı adına layiq görülsün, dünyanı lərzəyə salan, idarə edən Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü seçilsin.

O zamanlar bir çox ziyalılar onun xeyir-duası ilə vəzifələrə irəli çəkilmiş və onun kreslolarında oturub onun əliylə çörək yeyirdi. Mən Heydər Əliyevin adını ilk dəfə orta məktəbdə təhsil aldığım illərdə eşitmişdim.

Onu da deyək ki, 1970-cillərə qədər istər Azərbaycanda, istərsə də digər ittifaq Respublikalarında Dövlət Təhlükəsizlik komitələrinin sədri vəzifəsi yalnız slavyan xalqlarına etibar edilirdi.

Lakin 1967-ci ildə Azərbaycan ilk dəfə milli kadr kimi Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsinə sədr təyin edilmişdi.

1968-ci ildə Çexoslovakiyada dövlət çevirilişi baş vermişdi.O zamanlar SSRİ-dövlət Təhlükəsizlik Komitəsi Heydər Əliyevin zəngin çekistlik təcrübəsini qeyri-adi iş bacarığını və çevikliyini nəzər alaraq onu təcili olaraq nümayəndə heyətinin rəhbəri kimi Çexoslovakiyaya ezam edilməsinin tövsiyə etmişdi.

Heydər Əliyev Kremlin ona verilən tapşırıqlarını uğurlu yerinə yetirmiş hətta Çexoslovakiyanın o vaxtki, baş katib işləmiş Dubçiki də özü ilə bərabər Moskvaya gətirə bilmişdi.Bütün bunlardan sonra onun ittifaq miqyasında nüfuzu daha da artmışdı və Baş Katib Leonid Brejnevin nəzərini cəlb etmişdi.

Məhz bu kimi şəxsi keyfiyyətlərinə və yorulmaz titanik fəaliyyətinə görə də Heydər Əliyev 1969-cu ilin iyul ayının 24-də Azərbaycan KP MK-ın birinci katibi vəzifəsinə irəli çəkilmişdi.elə həmin ildən də Azərbaycanın tərəqqi,intibah dövrünün və insanların güzəranının durmadan yüksəlişinin əsası qoyulmuşdu.

Heydər Əliyevə qədər istər kənd təsərrüfatı, sənaye, tikinti istərsə də digər sahələrdə dövlət planlarını kəsirdə qoyan
Respublikamız 1969-cu ildən başlayaraq bütün planların ən optimal müddətində və artıqlaması ilə yerinə yetirirdi.
əmək adamları şöhrətləndirilir, onlara fəxri adlar verilir, göstəricilərinə görə ən yaxşılarının yaxşıları sosialist əməyi qəhrəmanı adına layiq görülürdü.

İncəsənət xadimləri, yazıçılar, şairlər də unudulmur, Heydər Əliyevin eyni qayğısı ilə əhatə olunurdular.

Azərbaycan sözün həqiqi mənasında çiçəklənən diyara çevrilirdi. Ulu öndərin Azərbaycan Partiya Təşkilatına rəhbərliyi illərində Respublikamız hər il göstəricilərinə görə Sov.İKP- MK-nın, SSRİ Nazirlər Sovetinin və Ümumittifaq Həmkarlar təşkilatının keçici qırmızı bayrağını alırdı.

Respublikamızda artıq bayraqlar silsiləsi yaradılmışdı. İttifaq Respublikalarının o vaxtki , birinci katibləri Heydər Əliyevin qeyri-adi təşkilatçılıq bacarığına həsəd aparırdılar.

70-ci illərə qədər Bakıda zirzəmi şəraitində, heç bir kommunal şəraiti olmayan mənzillərdə yaşayan insanlar yeni tikilən evlərə köçür, onların bütün sosial problemləri öz həllini tapırdı.

Ümummilli liderin Azərbaycana birinci rəhbərliyi illərində respublikamızda 100, 000 kvadratmetrlərlə yaşayış sahələri, minlərlə sosial obyektlər tikilib istifadəyə verilmişdir.

İstər Bakıda, istərsə də rayonlarda ardıcıl olaraq ən mütərəqqi texnoloji avadanlıqlarla təchiz edilən iri sənaye müəssisələri tikilib istifadəyə verilir, yeni-yeni iş yerləri açılırdı.

Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 70-ci illərdə istifadəyə verilən və SSRİ-də rezonans yaradan Bakı məişət kondisionerləri zavodunda və onun rayonlardakı şəbəkələrində 11,000 adam çalışırdı.

Azərbaycanın rayonlarında da eyni ürəkaçan mənzərə diqqətli cəlb edirdi. 70-80-ci illərdə təkcə Naxçıvan MR-da onlarla iri sənaye müəssisələri istifadəyə verilmişdi ki, bu müəssisələrdə də minlərlə insan çalışırdı.

Bəlli olduğu kimi SSRİ rəhbəri Leonid Brejnevin vəfatından və Yuri Andropovun hakimiyyətə gəlişindən sonra Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinə birinci müavin vəzifəsinə təyin edildi.

O, bu vəzifədə də üzərinə düşən vəzifəni layiqincə icra edir, qısa zaman kəsiyində şan-şöhrət qazanırdı. Lakin M.Qorbaçovun baş katib seçilməsindən və SSRİ-nin dağılması prosesi başlayandan sonra təbii ki, Heydər Əliyevin dərin potensialı və dağ vüqarı ilə M.Qorbaçovun məkrli satqın siyasəti üst-üstə düşə bilməzdi.

Məhz bütün bunlara görə də Ulu öndər Sov.İKP MK-nın 1987-ci ilin növbədənkənar aprel plenumunda tutduğu vəzifədən istefa vermək məcburiyyətində qaldı və bir neçə ildən sonra, yəni 1990-cı illin payız aylarında vətəni Naxçıvana qayıtdı.

Həmin illər səriştəsiz adamların Azərbaycana rəhbərlik etməsi və hakimiyyətin tez –tez əldən ələ keçməsi ölkədə həqiqətən anarxiya yaratmışdı.

Blokada məngənəsinə düşən Naxçıvanda vəziyyət daha acınacaqlı idi. Naxçıvanlılar çox rəzil və vahimə içərisində yaşayırdılar. Heydər Əliyev Naxçıvana qayıdandan sonra naxçıvanlıların qəlbində sanki ümid çırağı şölələndi.

Ulu rəhbər 1990-cı ilin payız günlərinin birində o vaxt Lenin meydanı adlanan məkanda insanlarıa görüş keçirdi və o vaxtki, vəziyyətlə bağlı çıxış elədi. Naxçıvan camaatı həmin görüşə yük avtomaşınlarında, hətta lafetlərdə gəlmişdilər. ətraf rayonlardan və kəndlərdən piyada gələnlər də az olmamışdı.

Mübalizəsiz deyə bilərəm ki, Naxçıvan tarixində hələ elə izdiham müşahidə edilməmişdi. Meydana axışıb gələnlər ən azından Ulu rəhbərin üzünü görə bilməsələr də səsini eşitmək arzusu ilə toplaşmışdılar. O, Naxçıvanda yaşadığı illərdə çox az müddətdə onun ətrafında sağlam düşüncəli ziyalılar birləşirdilər.

Azərbaycan rəhbərliyinin hər tərəfli təkəbbürlü müdaxilələrinə baxmaraq, Heydər Əliyev eyni ildə həm Azərbaycan, həm də Naxçıvan Ali Sovetlərinə deputat, 1991-ci ilin sentyabrından isə Naxçıvan Ali Məclisinə sədr seçildi. Elə ilk günlərdən də Naxçıvanda neçə illərdən bəri yığılıb qalmış sosial problemlərin həlli ilə məşğul olmağa başladı. Qardaş Türkiyə ilə əlaqələr yaratdı.

Türkiyədən Naxçıvana humanitar yardımlar, xüsusilər ərzaq, Süleyman Dəmirəl Naxçıvan səfər etdi, onların çox səmimi görüşləri oldu, hər ikisi Türkiyə ilə Naxçıvan arasında «Ümid» körpüsünün açılışında iştirak etdilər. Bütün Azərbaycan xalqına bəlli olduğu kimi sözügedən illərdə heç Bakının özündə və rayonlarda da vəziyyət ürəkaçan deyildi.

Xalqın etibarını qazana bilməyən səriştəsiz cəbhəçi bəylər ölkəni idarə edə bilmir, Gəncə hadisələri ilə bağlı ölkədə böhran dərinləşirdi. Qiyamçı Sürət Hüseynovun tabeçiliyindəki silahli birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək Bakıya doğru hərəkət etməyə başlayırdı. Bu arada Respublika rəhbəriliyi vəziyyətdən çıxış yolu axtarmaq üçün Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət edir.

9 iyun 1993-cü ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev prezident Əbülfəz Elçibəyin dəvəti ilə Bakıya gəlir. Həmin gün Milli Məclis Gəncədəki qiyamda iştirak etmiş şəxslərə amnistiya verilməsi və Gəncə olaylarının araşdılırması üçün deputat-istintaq komissiyasının yaradılması haqqında qərarlar qəbul edir.

13 iyun 1993-cü ildə Milli Məclisdə Gəncə hadisələri (4 iyun) ilə bağlı gərgin keçirilən uğursuz əməliyyata görə məsuliyyət daşıyan AXC iqtidarının ikinci şəxsi, səriştəsiz parlamentin sədri İsa Qəmbər istefa verir. Onun istefasını Surət Hüseynovun başçılıq etdiyi qiyamçılar dəstəsi tələb edirdi.

Prezident Elçibəy və digər hakimiyyət mənsubları parlament sədri postunu Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə təklif etsələr də, o, mövcud vəziyyəti bilavasitə öyrənmək üçün Gəncəyə gedəcəyini və yalnız bundan sonra təklifə cavab verəcəyini bildirir.

Heydər Əliyev bir qrup lurnalistin iştirakı ilə həmin gün Gəncəyə yola düşür.

15 iyun 1993-cü ilıdə Milli Məclisin iclasında təşkilatı məsələyə baxılır.

İclasda iştirak edən prezident Əbülfəz Elçibəyin təklifi ilə deputat, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev parlamentin sədri seçilir. Və həmin 15 iyun günü «Qurtuluş günü» kimi Azərbaycan tarixinə yazılır.

Ümummilli liderin hakimiyyətə ikinci qayıdışı və respublikamıza rəhbərliyi illəri yaxın keçmişimizdir. Bu barədə çox yazılıb, deyilib, ona görə də təkrarən bu mövzuya qayıdıb vaxt almaq istəmirəm.

Lakin bircə onu bilirəm ki, o, Xalqını, Vətəni Azərbaycanı qanı –canı qədər sevdiyi kimi millətimiz də onu əzizləyir, onun rəhbər adını uca tuturdu. Heydər Əliyev həm də gələcəyimiz adlandırdığı uşaqların da yaxın dostu idi.

Cənab Prezident, İlham Əliyevin bölgələrdə ictimaiyyət nümayəndələri ilə görüşü zamanı uşağın pezident cənab İlham Əliyevə «mən Sizi tanıyıram, Siz Heydər babanın oğlusunuz» deməsi bunun əyani sübutudur.

Mübaliğəsiz demək istəyirəm ki, Heydər Əliyevin xalqımızın dünəni,bugünü və sabahı üçün elədiklərinin , eləcə də respublikamızda qurub yaratdıqlarının dəyərini hesablama üçün böyük iqtisadçılar dəstəsi lazım gələr.

Müdrik ağsaqqal xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsəydi xaos, anarxiya məngənəsinə düşən respublikamız və rəzil vəziyyətdə yaşayan millətimiz məhv ola, bölgələr xanlıqlara bölünə bilərdi.

Lakin bir xalq deyimində vurğulandığı kimi Ulu yaradanın yazısına pozu yoxdur, deyiblər. Yunan filosofu Aristotelin dediyi ki insanın taleyini dəyişmək mümkün olmur.

Amansız ölüm, qəlbi daim qurub yaratmaq eşqiylə döyünən, ahıl yaşlarında, ikinci dəfə hakimiyyətə qayıdışı illərində də sözün indiki mənasına ömrünün qalan hissəsini xalqına bəxş edən bu müdrik insanı neçə illərdir ayırmışdır.

Amma təsəllimiz bundadır ki, Ulu rəhbərin macal tapıb edə bilmədiklərini və sona çatdırmadığı ideyaları bu gün onun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Azərbaycan bu gün tərəqqi yolundadır, Cənubi Qafqazın ən qüdrətli güclü dövlətidir və düşmənin istənilən hərbi həmləsinə sərrast cavab vernəyə qadir olan müasir ordusu var!

Səmimiyyətlə demək olar ki, bütün bunlar Heydər Əliyevin hələ sağlığında gərgin zəhmətlə işləyib hazırladığı konsepsiyası sayəsində mümkün olub. Onun siyasi irsi bundan sonra da yaşayacaq və aramsız uğurlar qazanacaq.

Ulu öndər Heydər Əliyev dövrümüzün zəkası, şərəfi, xalqımızın qürur mənbəyi və milli sərvətidir!

Onun əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır!

Allah rəhmət eləsin!

tahir abbasli

Tahir Abbaslı
Millətin Səsi.info saytının təsisçisi və baş redaktoru

Bənzər yazılar

0.22134900093079