Xırdalanda 2 milyonluq abadlıq – 3 ayda 8 milyonluq tender qazanan şirkətlər kimindir?

 28-10-2023

Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan Şəhəri üzrə Nümayəndəliyi Xırdalan şəhərində abadlıq işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo.az xəbər verir ki, tenderin qalibi “Xezer-Construction” MMC seçilib. Abadlıq işləri quruma 1 927 615,41 AZN-ə başa gələcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Xezer-Construction” MMC 26 fevral 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, Qasım bəy Zakir küçəsi, ev 1130-da yerləşir. MMC-nin qanuni təmsilçisi Binnətov Rəmzi Rüfət oğludur.

Açıq mənbələrdə “Xezer-Construction” MMC haqqında heç bir məlumat yoxdur.

Rəmzi Binnətov isə Vətən müharibəsi iştirakçısıdır. 2021-ci ildə Yevlax Gənclər Evinin “Facebook” səhifəsində paylaşılan məlumatda bildirilir ki, “Post-travmatik stress pozuntusu” mövzusunda sosial-psixoloq Yusifli Əhməd Murad oğlunun təqdimatında Rəmzi Binnətova “Zoom” proqramı vasitəsi ilə psixoloji yardım göstərilib.

“Xezer-Construction” MMC dövlət satınalmalarında fəallıq göstərir. Şirkət təkcə 2023-cü ildə 8 311 665, 8 AZN dəyərində 6 tenderin qalibi seçilib.

“Xezer-Construction” MMC bu ilin sentyabrında Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan Şəhəri üzrə Nümayəndəliyinin Xırdalan şəhərində yolların təmiri işlərinin satın alınması ilə bağlı 1 261.045,32 manatlıq tenderinin qalibi seçilib.

Bundan başqa, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyi Xırdalan şəhərində küçə işıqlarının təmir işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.

Bu tenderin qalibi isə “Orbis Group” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 205.854,93 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Orbis Group” MMC 20 noyabr 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamı kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, ev 2A, mənzil 9-da yerləşir. MMC-nin qanuni təmsilçisi Bəkirov Cavid Elbrus oğludur.

Ondan əvvəl şirkətin qanuni təmsilçisi Bayramov Tural Çingiz oğlu olub. Tural Bayramov isə Abbasov Əsgər Rasim oğlunu əvəzləyib.

Adıçəkilən şəxslər haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

“Orbis Group” MMC-yə gəlincə, şirkətin adına elan və satış saytı olan “tezbazar.az”da rast gəlinir. Məlum olur ki, şirkət iri və xırdabuynuzlu heyvanların satışı ilə məşğuldur.

Maraqlıdır ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyi heyvandarlıqla məşğul olan bu şirkətə həm də şəhərdə mənzil fondunun təmirini tapşırıb. Bununla bağlı qurumun keçirdiyi tender iyulun 7-də yekunlaşıb və qalib “Orbis Group” MMC elan edilib. Tərəflər arasında bağlanan satınalma müqaviləsinin maliyyə dəyəri 493.604,54 AZN-dir.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir. O, 2022-ci ildə bu vəzifəyə təyin edilib. Abdin Fərzəliyev 2003-2005-ci illərdə Nizami, 2005-2022-ci ildə isə Nərimanov rayonunun icra başçısı vəzifəsində çalışıb.

Bənzər yazılar

0.058106184005737