Vətəndaş Baş Dövlət Yol Polis İdarəsindən şikayətçidir: Ödəniş etdiyi maşının qeydiyyat nömrəsini ala bilmir

 16-03-2022

Gəncə şəhər sakini Daxili İşlər Nazirliyindən (DİN) şikayətçidir. 

Bu barədə Ələsgər Mahmudov Oxu.Az-a müraciət edib. 

O bildirib ki, DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə maşınına qeydiyyat nömrəsi almaq üçün müraciət edib:

“200”lə olan nömrə almaq istəyirdim və bunun üçün dövlət rüsumunu ödədim. Bildirildi ki, dövlət qeydiyyat nişanı sərfiyyatda olan zaman mənimlə əlaqə saxlanılacaq. Daha sonra seriya açıldı və bəhanə edirlər ki, nömrələr verilmir. Mən dövlət rüsumunu ödəsəm də, üç aydır ki, nömrəni mənə vermirlər. Amma özləri satırlar”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bu barədə vətəndaş Ələsgər Mahmudov Daxili İşlər Nazirliyinin aidiyyəti qurumlarına dəfələrlə müraciət edib:

“Bütün müraciətləri araşdırılaraq istədiyi dövlət qeydiyyat nişanının sərfiyyatda olmaması barədə təşəbbüskara rəsmi cavab verilib. 

Bundan başqa, vətəndaşa ödədiyi dövlət rüsumuna uyğun, sərfiyyatda olan digər dövlət qeydiyyat nişanları təklif olunsa da, o, israrla bundan imtina edib”. 

O bildirib ki, Ə.Mahmudov ödədiyi dövlət rüsumunu geri qaytarılmasını istədiyi təqdirdə bunun üçün o müvafiq qaydada müraciət edə bilər.

Bənzər yazılar

0.32482695579529