Qurbanlıq heyvanlar NEÇƏYƏDİR? - QİYMƏTLƏR

 07-07-2022

İslam təqviminə əsasən qarşıdan Qurban bayramı gəlir. 

Bununla əlaqədar olaraq Trend bazarda qurbanlıq ətin qiymətləri ilə bağlı araşdırma aparıb. Bazarda qurbanlıq qoyunların qiymətləri müxtəlifdir. Qurbanlıq qoyunlar həm diri çəkidə, həm də təmiz ət çəkisi ilə təklif edilir.

Diri çəkidə qoyunun 1 kiloqramının qiyməti 6.90-7.50 manat arasında dəyişir. Təqribən 30 kiloqram gələn qoyunun minimum 15 kilo təmiz ətinin olduğu bildirildi. Belə olan halda 30 kiloqramlıq bir qoynun qiyməti təqribən 207-225 manat arasında, bir kiloqram ətin qiyməti isə təqribən 14-15 manat arasında dəyişir. Qoyunu diri çəkidə almaq istəməyənlər isə kəsdirib təmiz ətinin pulunu ödəyə bilər. Belə olan halda da ətin bir kiloqramının qiyməti 14-15 manata təklif edilir.

Bəs qurbanlıq qoyunun diri çəkidə yoxsa təmiz ətinin alınması dini qaydalara uyğundur? Bu suala cavab olaraq Təzəpir Məscidinin imamı Hacı Şamil Rəsulov Trend-ə bildirdi ki, əslində heyvanı diri olaraq almaq məqsədəuyğundur.

"Qurban kəsdirmək istəyən şəxs birinci qurbanlıq heyvanı seçir və sonra kəsilmədən öncə qurbanlıq heyvan diri şəkildə tərəziyə qoyulur və çəkisi müəyyən edildikdən sonra pulunu ödəyib sonra kəsdirir. Bu dinimizə uyğundur. Lakin şəxs qurbanlıq heyvanı seçəndən sonra kəsilib tərəziyə qoyulub çəkisi müəyyən edildikdən sonra pulunu ödəyib alırsa, bu düz deyil", - deyə o bildirib.

Ş.Rəsulov qeyd edib ki, bu qurbanlığı kəsmək əsasən Məkkədə Həcc ziyarətində olanlara vacibdir, digər şəhərələrdə və regionlarda olanlar üçün isə qurban kəsmək savab əməl və gözəl bir işdir.

"Yaxşı olar ki, qurbanı kəsən şəxs onun bir hissəsini özünə götürsün, bir hissəsini hədiyyə olaraq versin, üçüncü hissəsini isə imkansız insanlara paylasın", - deyə Ş.Rəsulov əlavə edib.

Onun sözlərinə görə, qurbanı pul ilə əvəz edib ehtiyacı olan şəxsə vermək də doğru deyil. "Bu o zaman mümkün olur ki, qurbanlıq heyvan tapılmasın".

Ş.Rəsulov həmçinin qeyd edib ki, bəzən qəssab dükanlarında heyvanı qurbanlıq adı ilə kəsib satırlar. "Bu da doğru deyil çünki qurbanlıq heyvanı kəsib pul ilə satmaq olmaz. Əgər bir nəfərin imkanı yoxdursa, bir neçə nəfər birləşib bir heyvan alıb qurban kəsdirə bilər. Ancaq xırdabuynuzlu heyvanı yaxşı olardı ki, bir nəfər qurbanlıq kimi kəssin, iribuynuzlu heyvanı isə bir neçə nəfər alıb kəsdirə bilər", - deyə o əlavə edib.

Bənzər yazılar

0.20050501823425