Son vaxtlar küçələrdə, xüsusən də metro çıxışlarında, bir sözlə əhalinin qələbəlik olduğu yerlərdə 3 dənəsi 9 manata satılan toyuq ətlərinə çox sıx rast gəlinir. Əhali də, bu “kampaniya”dan yararlanır.
Hazırda supermarketlərdə toyuq ətinin bir kiloqramı 6-7 manatdan aşağı deyil. Bu zaman da üçü, doqquz manata satılan məhsulun mənşəyi haqqında ağıllarda bir xeyli sual yaranır. Belə ət məhsullarının keyfiyyəti məsələsi bir dərd, saxlanma və satış şəraiti isə başqa dərddir…
Məsələ ilə bağlı Qida Təhlükəsi Agentliyinin(AQTA) mətbuat katibi Aysel Fərzəliyeva BAKU.WS-ə açıqlamasında bildirdi ki, sözügedən məhsullar küçə ticarətinə aid olduğundan Agentlik buna nəzarət etmir. Mövzu Bakı şəhər İcra Hakimiyyətinin nəzarətindədir.
Bakı şəhər İcra Hakimiyyətinin sözçüsü İsrafil Kərimov isə deyir ki, keyfiyyətlə bağlı məsələlərdə icra orqanı cavabdeh deyil. Küçə ticarətinə gəldikdə isə, bu da müvafiq rayonun polisinin və İcra hakimiyyətinin öhdəliyindədir.
Qida texnoloqu Ağa Salamov isə bildirir ki, məhsulun harada satılmağından asılı olmayaraq AQTA onun keyfiyyətini yoxlamalıdır. Ekspertin sözlərinə görə, toyuqların ucuz olmasına əsas səbəb yaşı keçmiş olmalarıdır:
“Hesab edirəm ki, bu toyuqlar, yumurtalıq olaraq yetişdirilirlər. Müvafiq kəsim dövrünü keçən heyvan ətinin satışı və yeyilməsi doğru deyil. Yarka (kəsim) dövründən sonrakı mərhələ ya xoruz, ya da toyuq dövrü olur. Belə həddi buluğa çatan quş ətləri isə yeyilmək üçün əlverişli deyil”.