Rusiya-Ukrayna müharibəsi davam etdikcə Kiyevin Qərb silahlarına ehtiyacı artır, Moskvanın isə işğal planının çevrəsini genişlətmək iştahası çoxalır.
Rusiya hərb meydanında Ukraynanın müqavimətini istədiyi şəkildə qıra bilməsə də, Kreml Ukrayna torpaqlarında mövqelərini möhkəmləndirib və tutduğu yeni ərazilərdə yerli “hakimiyyət orqanları” qurmağı hədəfləyir.
Rusiyanın hədəf aldığı koordinatları dəqiq heç kim bilmir, çünki bu, Moskvanın döyüş meydanında əldə etdiyi qısamüddətli və uzunmüddətli qazanclardan asılı olaraq dəyişir.
Gedişatlardan oxumaq mümkündür ki, Moskva Ukraynanın dövlətçiliyinin müharibədən qabaqkı xəritələr əsasında olmamasını qarşıya məqsəd qoyub.
Kiyevin tutulması planının iflasa uğramasından sonra Rusiya oxları Ukraynanın şərq və cənub-şərq cinahına çevirdi, hərçənd ki, hələ də Kiyevin Moskvanın hədəf taxtasından düşdüyünü söyləmək çətindir.
Rusiya və Qərbin təhlükəsizliyə dair anlayışları, hərəsinin öz təbirincə fikirləşsək, təhrif edilmiş mənzərələrin toplusudur, bu isə Ukraynanın başını ağrıdır.
Rusiyanın Luqanskı tam nəzarətə götürməsinin ardınca isə Ukrayna daha çox risklə üzləşir və Kremlin ərazi ekspansiyası aparmaq da daxil olmaqla maksimal məqsədlərini qoruyub-saxlamağa imkan verir.
Bu imkanı əldə etmək üçün Rusiya qüvvələri:
- Slavyanskın şimal-qərbində və şərqində hücum əməliyyatlarını davam etdirir,
- işğal etdikləri Lisiçansk bölgəsinin qərbindən Severskə doğru irəliləməyə çalışır,
- Baxtumun cənub-şərqindəki kənd yollarına çıxış əldə etməyə cəhd edir,
- Ukraynanın işğal edilmiş ərazilərində inzibati nəzarəti gücləndirir, ehtimal ki, həmin ərazilərin birbaşa Rusiya subyekti olmasına çalışır və bunun üçün şərtlər qoyulur.
Ancaq Rusiyanın geri çəkilməsini təmin edən ən əsas amil Qərbin Ukraynaya tədarük etdiyi uzaqmənzilli silahların həcmini artırmaqdır. Hərçənd ki, Qərb də ehtiyatlı davranmaqla özünün təhlükəsizliyini təhdid altına qoymur.
Qərb Ukraynaya silah ixracını artırsa, Rusiya verdiyi itkiləri, məhv edilən texnikalarını, ordu resursunun bir hissəsinin artıq tarixdə qaldığını göz önünə gətirərək geri çəkilə bilər.
Amma Rusiya hər nə olursa-olsun, döyüş olmadan öz qınına çəkilməyəcək, bu isə ortaya lap dəhşətli mənzərə qoya bilər.
NATO-nun Ukrayna üçün həlledici silah anbarı yaratması Rusiyanın daha aqressiv raket hücumları ilə nəticələnə bilər, bu isə daha çox dağıntı, daha çox itki deməkdir.
Ən fəlakətli mənzərə isə Rusiyanın cavab tədbiri kimi nüvə silahına müraciət etməsidir. Bu variantın inandırıcılığı indiki şərait üçün çox olmasa da, hər halda nüvə ssenarisinin masadan qaldırıldığını da söyləmək olmaz.
Qərbin ehtiyat etdiyi də Rusiyanın daha qorxulu silahlarını hansı anda və hansı koordinata atacağı ilə bağlıdır, yəni bu məsələdə NATO-nun ehtiyatlı davranmasının strateji əsasları var.
Qərb Ukraynanı tək buraxsa və silah tədarükündə xəsislik etsə, Rusiyanın Luqansk vilayətini tam nəzarətə götürməsi müharibənin genişləndirilməsinin müqəddiməsi hesab oluna bilər.
Ukraynadakı dağıdıcı müharibə danışıqlarda hansı sülh modelinin ortaya qoyulmasını da şərtləndirir.
Əgər Rusiya bu templə davam etsə belə, onun Ukraynanın hamısını ələ alacağı ehtimalı yoxdur. Ona görə də düşünmək lazımdır ki, hazırda Ukraynanın bölünməsi planı üzərində baş sındırılır.
Yox, əgər Rusiyaya müqavimət güclənsə, onda Rusiya ən azından 24 fevrala qədərki sərhədlərə çəkiləcək.
Aqşin Kərimov