TƏBİB-in 1,2 milyonluq tenderi ləğv olunub?

 17-10-2023

Xəbər verdiyimiz kimi, Dövlət Satınalmaları Portalında “İnnovasiya və Təchizat Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibinin adı açıqlanmışdı.

Yeniavaz.com xəbər verir ki, bu gün həmin məlumatlar Dövlət Satınalmalar Portalından silinib.

Məlumat üçün bildirək ki, tenderin qalibi olan şəxsin - fərdi sahibkar Orxan Cavanşirin (VÖEN – 1404799542) millət vəkili Cavanşir Feyziyev oğlu olduğu bildirilmişdi.

Cavanşir Orxan TƏBİB-in tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi”nə 10 ay müddətinə (06.10.2023-11.08.2023) anbar sahəsini icarəyə verəcək.

Dövlət Satınalmalar Portalından silinən məlumat yenidən aktivdir. Bu tenderin ləğv edilmədiyini göstərir.



Qeyd olunan anbar sahəsinin icarəsi “İnnovasiya və Təchizat Mərkəzi” Cavanşir Orxana 1 milyon 176 min manat ödəyəcək.

Xatıraldaq ki, Cavanşir Feyziyev və onun ailə üzvlərinin – həyat yoldaşı Pərvanə Feyziyeva, oğlu Orxan Cavanşir və qardaşı oğlu Elman Cavanşirin adı Böyük Britaniyada “çirkli pulların” yuyulmasında hallanıb.

Belə ki, 2021-ci ildə Britaniyada Cinayətkarlıqla Mübarizə Agentliyi ailənin bank hesablarında olan 15 milyon funt-sterlinqi (o zamankı məzənnə ilə 34,7 milyon manat) “çirkli pul” sayıb. Daha sonra məhkəmə prosesi keçirilib və Britaniya məhkəməsi 5,6 milyon funt-strelinq məbləğində vəsaitin mənbəyini şübhəli hesab etdiyi üçün müsadirə edib.

Müsadirə edilən vəsaitin 4,4 milyon funt-sterlinqi Pərvanə Feyziyevanın, 1 milyon funt-sterlinqi Orxan Cavanşirin, 240 min funt-sterlinqi isə Elman Cavanşirin hesabından müsadirə edilib.

 

Məsələ ilə bağlı "İnnovasiya və Təchizat Mərkəzi” Publik Hüquqi Şəxsin tabe olduğu TƏBİB-in mətbuat xidmətindən redaksiyamızın poçt ünvanına aşağıdakı açıqlama daxil olub:

Həmin məlumatı olduğu kimi təqdim edirik:

“Məlumat üçün qeyd edirik ki, ofis və anbar kompleksinin 1 (bir) il müddətinə icarə xidmətinin satın alınması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 2021-ci il tarixində “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq maddəsinin tələbinə əsasən müsabiqə əsaslı satınalma proseduru həyata keçirilmiş və keçirilmiş müsabiqənin nəticəsinə uyğun olaraq sözügedən ofis və anbar kompleksinin 09.08.2021-ci il tarixindən- 09.08.2022-ci il tarixinədək olan dövr üzrə icarəyə götürülməsi məqsədilə Agentlik ilə fiziki şəxs Cavanşir Orxan Cavanşir oğlu arasında vergilər, rüsumlar və digər icbari ödənişlər daxil 1 (bir) illik icarə haqqı üçün ümumilikdə 1,176,000.00 (bir milyon bir yüz yetmiş altı min) manat məbləğində satınalma müqaviləsi imzalanmışdır. Məlumat üçün qeyd edirik ki,  4,3 ha ərazidə yerləşən, ümumi sahəsi 12 min 553,3 m2 olan ofis və anbar kompleksi dərman preparatlarının qəbulu, saxlanılması, daşınması üçün hər cür imkana malikdir.

Həmçinin bildiririk ki, HVAC (istilik, ventilyasiya və havalandırma), UPS və generatorlara nəzarət, yanğın təhlükəsizliyi avadanlığının təmiri və texniki xidmət, ofis və anbar kompleksinin növbəlilik qrafiki əsasında 7 gün/24 saat mühafizəsi, binanın ümumi sahələrinin işıqlandırılması, 100 Mbit/san sürətlə internet xidməti, ümumi sahələrin texniki qurğu və avadanlıqlarına xidmətlərin göstərilməsi də icarə qiymətlərinə daxildir.

Bir məsələni də xüsusilə qeyd edirik ki, bir sıra dərman preparatlarının saxlanması üçün xüsusi temperatur şəraiti tələb olunduğu üçün sözügedən ofis və anbar kompleksi  0 C-dən +13C-yə qədər temperatur saxlamaq qabiliyyətinə malik soyuq otaqlarla təmin edilmiş, həmçinin malların anbara qəbul və xaric edilməsi proseslərinin sadələşdirilməsi, anbar sahəsindən maksimum istifadənin təmin edilməsi məqsədilə Agentlik tərəfindən anbarda dəmir stellajlar quraşdırılmışdır.

Bununla yanaşı nəzərinizə çatdırmaq istərdik ki, Tərəflər arasında imzalanmış satınalma müqaviləsinin qüvvədə olma müddəti bitdikdən sonra anbarda xüsusi saxlama şərati tələb edən dərman vasitələrinin saxlanıldığını, dərman vasitələrinin saxlanması və daşınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada temperatur, işıq rejimləri, rütubət və başqa tələblərə ciddi riayət etməklə həyata keçirilməli olduğunu, bununla yanaşı malların mütəmadi olaraq anbara qəbul olunduğunu və anbardan Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında yerləşən tibb müəssisələrinə paylanıldığını, eyni zamanda hal-hazırda anbarda toplanmış dərman preparatları, tibb və digər avadanlıqlar, tibbi sərfiyyat, tibb ləvazimat, reaktiv və s., malların yenidən başqa bir anbara köçürülməsinin izafi xərclərə səbəb olacağını nəzərə alaraq, sözügedən ofis və anbar kompleksinin 10.08.2022-ci il tarixindən- 10.08.2023-cü il tarixinədək olan 1 (bir) illik dövr üzrə icarə xidmətlərinə görə Agentlik ilə fiziki şəxs Cavanşir Orxan Cavanşir oğlu arasında “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə uyğun olaraq, bir mənbədən satınalma metodundan istifadə edilməklə müvafiq satınalma müqaviləsinin imzalanmasına razılıq verilməsi məqsədilə Agentlik tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə rəsmi məktubla müraciət edilmiş və müraciətə cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müvafiq razılıq məktubu əsasında tərəflər arasında növbəti 1 il müddətinə satınalma müqaviləsi imzalanmışdır.
Lakin bir məsələni də xüsusilə qeyd edirik ki, Səhiyyə Sahəsində təchizat və təminatla bağlı fəaliyyətin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 9 mart 2023-cü il 2061 nömrəli Fərmanına əsasən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyindəki tibb müəssisələrinin fəaliyyətinin təşkili məqsədilə onları “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada zəruri iş, xidmət, mal-material və digər ləvazimatla təmin etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi” əmlakı ilə birlikdə TƏBİB-in tabeliyinə verilmişdir. Belə ki, İnnovasiya və Təchizat Mərkəzinin TƏBİB-in tabeliyinə verilməsini nəzərə alaraq, 10.08.2023-cü il tarixindən etibarən növbəti 1 il müddətinə sözügedən xidmətlərin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə uyğun olaraq, bir mənbədən satınalma metodundan istifadə edilməklə satın alınması məqsədilə TƏBİB tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə rəsmi məktubla müraciət edilmiş və müraciətə cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müvafiq razılıq məktubu əsasında tərəflər arasında növbəti 1 il müddətinə satınalma müqaviləsi imzalanmışdır”.

Bənzər yazılar

0.12338399887085