Köhnə sistem, təzə köməkçi – Əli Həsənovun kadrları medianı necə buxovlayır?

 05-07-2022

Təəssüf ki, Prezidentin keçmiş köməkçisi Əli Həsənov işdən çıxarılsa da, onun sistemi hələ fəaliyyətdədir. Müşahidələr göstərir ki, media ilə bağlı heç nə dəyişməyib. Yenə də eyni adamlar ortalıqdadır.

Sadəcə bu dəfə bəh-bəhlə şəkil çəkdirdikləri şəxs Prezidentin keçmiş köməkçisi Əli Həsənov yox, Prezidentin indiki köməkçisi Hikmət Hacıyevdir. Bu Vüqar Əliyevin timsalında Əli Həsənovun kadrlarının hələ də iş başında olması ilə əlaqəli ola bilərmi? Bu sualın cavabı açıq qalır.

Vüqar Əliyev Prezidentin keçmiş köməkçisi, Prezident Admnistrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin sabiq müdiri Əli Həsənovun kadrı kimi tanınıb. O uzun illər keçmiş şöbə müdirinin yanında çalışıb. Əli Həsənovun karyerasının son dövrlərində isə Vüqar Əliyev onun müavini olub.

Əli Həsənovla bağlı məsələ aydındır. Uzun illər ictimai-siyasi sahəni kurasiya edən keçmiş köməkçinin medianı hansı vəziyyətə saldığı bəllidir. Əli Həsənovun dövründə media mənsubları iki qrupa bölünmüşdü: Əli Həsənovun patronajlığını qəbul edən jurnalistləri və ona asi çıxanlar.

Asilər keçmiş köməkçinin direktivləri əsasında işləməyi qəbul etməyən media mənsubları idi. Əli Həsənov bütün qapıları onların üzünə qapatmışdı. Yalnız özünün nəzarətində olan jurnalistlər ən müxtəlif üsullarla önə çəkilirdi ki, bu da mediaya təsadüfi, konyuktur maraqları peşə etikasından üstün tutan, insanları ləkələməyi, şərləməyi jurnalistikanın başlıca prinsipi hesab edən adamların doluşması ilə nəticələnmişdi.

Əli Həsənovun media üzərindəki “hakimiyyəti” illərində keçmiş köməkçinin mətbuatla bağlı qara işlərini əsasən Vüqar Əliyev görürdü. Elə bu səbəbdəndir ki, Əli Həsənov işdən çıxarılarkən Vüqar Əliyevin də Prezident Admnistrasiyasından kənarlaşdırılması gündəmə gəlmişdi. Amma hansısa sehrli əl Əli Həsənovun kadrını xilas elədi.

Əli Həsənovdan sonra media sahəsində vəziyyətin düzələcəyinə ümidlər artmışdı. Düşünülürdü ki, mətbuat keçmiş köməkçinin dəstəyi ilə “tanınmış baş redaktor”, “tanınmış jurnalist” olanlar media cameəsindən uzaqlaşdırılacaq.

Mətbuat nəhayət, hansısa məmurun qaydaları, şəxsi istəyi ilə deyil, jurnalistika prinsipləri əsasında fəaliyyət göstərəcək. Bu gün vəzifədə olan məmura yaltaqlanıb, sabah o işdən çıxarılanda alovlu tənqidçiyə çevrilən “jurnalistlər” üçün meydan daralacaq. Yeri gəlmişkən, Əli Həsənov işdən çıxarılanda onu ən çox tənqid edənlər vaxtilə keçmiş köməkçinin hər sözünə “ləbbeyk” deyənlər idi.

QEYD: Yazı bir müddət öncə reportyor.info saytında yayılmışdı. Məqalə hələ də aktuallığını saxladığından bəzi ixtisarlar edərək, oxucularımız üçün maraqlı olacağını düşünərək yenidən ictimailəşdirik.

 

Bənzər yazılar

0.20123505592346