Mədəniyyət Nazirliyi 11 müəssisə ilə bağlı Baş Prokurorluğa MÜRACİƏT EDİB

 04-07-2022

Mədəniyyət Nazirliyi tərəfindən son bir il ərzində aparılmış yoxlama və xidməti araşdırmaların nəticələri açıqlanıb.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, hazırda Mədəniyyət Nazirliyi tərəfindən mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, səmərəliliyinin artırılması və xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə kompleks islahatlar aparılmaqdadır.

Qeyd olunan islahatlar çərçivəsində mədəniyyət müəssisələrində yoxlama, monitorinq və xidməti araşdırmalar zamanı aşkar olunan nöqsanların aradan qaldırılması, əmək və icra intizamının pozulması hallarına yol vermiş şəxslər barəsində müvafiq tədbirlərin görülməsi istiqamətində işlər aparılıb. Əlavə olaraq idarə və müəssisələrin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı aşkarlanmış cinayət əlamətləri olan məlumatlar aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndərilib.

Hazırda Nazirliyin strukturunda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda baş verə biləcək pozuntu hallarının qarşısının alınması, belə hallara yol vermiş şəxslər barəsində zəruri tədbirlərin görülməsi istiqamətində yoxlama, xidməti araşdırmalar və digər tədbirlər davam etdirilir.

Son bir il ərzində Mədəniyyət Nazirliyi tərəfindən Ağstafa, İsmayıllı, Şəki, Bərdə, Masallı, Ağdaş, Sumqayıt, Gəncə və Lənkəran Regional Mədəniyyət İdarələrində və tabe müəssisələrdə aparılmış yoxlama və xidməti araşdırmaların nəticələrinə əsasən hüquq mühafizə orqanlarına 11 müraciət göndərilib, 8 işçinin dövlət qulluğuna və əmək fəaliyyətinə xitam verilib, tabe müəssisələrin 17 işçisi işdən azad edilib, 2 nəfərə sonuncu xəbərdarlıqla “Şiddətli töhmət” intizam tənbehi, 18 nəfərə “Töhmət” intizam tənbehi verilib, 10 işçiyə “Xəbərdarlıq” elan edilib.

6 təhsil müəssisəsinin, 3 Regional Mədəniyyət İdarəsinin, 1 Mədəniyyət Mərkəzinin, 1 Konsert müəssisəsinin fəaliyyəti ilə bağlı cinayət əlamətləri olan məlumatlar Baş Prokurorluğa göndərilib.

Regional Mədəniyyət İdarələrinin 2 rəisinin, 3 baş məsləhətçisinin, 1 baş mühasibinin, 1 məsləhətçisinin, 1 mühasibinin dövlət qulluğuna və əmək fəaliyyətinə xitam verilib.

2 uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin direktoru, 2 Mədəniyyət Mərkəzinin direktoru, 1 dövlət teatrının direktoru və baş rejissoru, 1 Tarix-Diyarşünaslıq muzeyinin direktoru və həmin muzeyin filialının müdiri, 1 konsert müəssisəsinin baş mühasibi, 1 Rəsm Qalereyasının direktor müavini, təhsil müəssisəsinin 7 əməkdaşı işdən azad edilib.

1 Tarix-Diyarşünaslıq Muzeyinin direktoruna, 1 dövlət teatrının baş mühasibinə sonuncu xəbərdarlıqla “Şiddətli töhmət” intizam tənbehi verilib.

1 Regional Mədəniyyət İdarəsinin rəisinə və baş məsləhətçisinə, 4 Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin müdirlərinə, 1 Dövlət Dram Teatrının direktoruna, 4 Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoruna, 1 Rəsm Qalereyasının direktoruna, 1 konsert müəssisəsinin direktoruna, 1 Heydər Əliyev Mərkəzinin direktoruna və təsərrüfat müdirinə, 2 Mədəniyyət Mərkəzinin direktoruna, təhsil müəssisəsinin 1 əməkdaşına “Töhmət” intizam tənbehi verilib.

1 Regional Mədəniyyət İdarəsinin mühasibinə, 1 Mədəniyyət Sarayının direktoruna, 1 Heydər Əliyev Mərkəzinin bədii rəhbər-rejissoruna və həmin mərkəzin müşayiətçisinə, 4 uşaq musiqi, incəsənət və rəssamlıq məktəbinin direktoruna, 1 Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoruna, 1 təhsil müəssisəsinin əməkdaşına “Xəbərdarlıq” elan edilib.

Bənzər yazılar

0.20100212097168