Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə gələrək xuliqanlıq etməkdə təqsirləndirilən şəxs həbs edilib.
İnsident iyunun 29-da baş verib. Belə ki, iyunun 28-də yol polisi əməkdaşları 1988-ci il təvəllüdlü M.Şabanova məxsus “KamAZ” markalı yük maşınını saxlayıblar. Avtomobilə əlavə avadanlığın quraşdırıldığını bildirən polislər İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən protokol tərtib ediblər və yük maşınını mühafizə olunan duracağa aparıblar.
Bundan bir gün sonra yük maşınının sahibi atası ilə birlikdə saat 17 radələrində BŞBPİ-nin DYP İdarəsinə gəliblər. İttihama görə, onlar yük maşınının dərhal duracaqdan buraxılmasını tələb ediblər. Bu zaman sürücüyə hüquq və vəzifələri izah edilsə də, o və atası razlılaşmayıb və səs-küy salmağa başlayıblar.
Polisin şərəf və ləyaqətini alçaldan nalayiq ifadələr işlədərək ətrafdakı insanların diqqətini özlərinə cəlb edən M.Şabanov “sizi daxili işlər orqanlarından qovduracağam” ifadəsini işlədərək qışqırıb.
Daha sonra o, DYP əməkdaşının xidməti otağını tərk edib dəhlizə çıxıb qaçmağa cəhd göstərib. Oradakı polislər həmin şəxsi saxlamağa cəhd etsələr də, o polisləri itələyərək onların tələblərinə qəsdən tabe olmayaraq qaçmağa cəhd göstərib.
Həmin şəxslər saat 17:30-dan 17:45-dək DYPİ-nin iş rejimini pozublar və binaya gələn Çevik Polis Alayının köməyi ilə onları saxlayaraq Yasamal RPİ-nin 28-ci PB-yə gətirmək mümkün olub. Burada 1988-ci il təvəllüdlü M.Şabanov barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tab olmama) maddələri ilə protokol tərtib edilib.
Yasamal Rayon Məhkəməsinin qərarı ilə M.Şabanova 15 gün müddətinə inzibati həbs cəzası verilib.
Qafqazinfo.az