İyunun 29-da Saxalin sahillərində meyit tapılıb. Onun Yaponiyanın qəzaya uğrayan “KAZU 1” kruiz gəmisində itkin düşən sərnişinlərdən biri olduğu güman edilir.
Bu barədə NHK telekanalı məlumat yayıb.
Mərhumun üzərində “KAZU” yazısı olan xilasedici jilet olub ki, bu da Yaponiya təhlükəsizlik xidmətinə onun “KAZU 1” kruiz gəmisinin batması nəticəsində itkin düşən 12 nəfərdən biri ola biləcəyini düşünməyə imkan verir.
Bundan əvvəl Kunaşir sahillərində daha iki meyit tapılmış və götürülən DNT nümunələri gəmidə itkin düşən sərnişinlərin DNT nümunələri ilə üst-üstə düşmüşdü.
Daha əvvəl Yaponiya “KAZU 1”in göyərtəsində olan sərnişinlərdən 14 nəfərin öldüyünü təsdiqləyib və gəminin özü də qəzaya uğradıqdan altı gün sonra, 100 metr dərinlikdə aşkar edilib.
Aprelin 23-də “KAZU 1”dən qəza siqnalı gəldikdə gəmi Yaponiyanın Hokkaydo adasının qərb sahili yaxınlığında olub. Kruiz gəmisində ekipaj üzvləri və iki uşaq da daxil olmaqla 26 nəfər olub.
Qəzaya əlverişsiz hava şəraitinin səbəb ola biləcəyi ehtimal edilir.
Mənbə: İzvestiya