Direktorun insan alveri ilə məşğul olan bacısını müdir etməsinin nəticələri - ŞOK FAKTLAR

 14-03-2022

Bakı İqtisadiyyat və Humanitar Kollecinin sabiq direktoru Rüxsarə Əliyevanın bacısı həbs edilib.

Musavat.com-un əldə etdiyi məlumata görə, Rüxsarə Əliyeva daha əvvəl insan alverinə görə məhkumluq həyatı yaşamış bacısı Səadəti kollecə laboratoriya müdiri vəzifəsinə təyin edib. Direktorun bacısı da fürsətdən istifadə edərək bir neçə nəfərə qarşı dələduzluq edib. Onları kollecə işə düzəldəcəyini deyərək aldadıb.

Rüxsarə Əliyevanın dönəmində kollecin adı müxtəlif qalmaqallarda- əsasən də rüşvət və korrupsiyada hallanıb. Kollecdə tələbələrdən və müəllimlərdən rüşvət tələb edilməsi ilə bağlı ölkə mətbuatında silsilə yazılar yer alır.

Hətta Rüxsarə Əliyeva kollecdəki qanunsuz hərəkətləri ilə bağlı yazılar dərc edəcəyini deyən jurnalistlərə rüşvət verməkdən də çəkinməyib. Rüxsarə Əliyeva “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəflinin cinayət işində zərərçəkmiş kimi tanınırdı. Direktor ondan haqq tələb edən jurnalistlərə bankdan kredit götürərək pul verdiyini iddia edirdi. Bunun qarşılığında isə kollecdəki neqativ hallar adı çəkilən qəzetdə dərc edilməyib.

036d0f01-e905-437d-ae45-e46afd6eae7c.jpg (164 KB)

Rüxsarə Əliyevanın bacısı Səadət Əliyevaya bu dəfə Cinayət Məcəlləsinin dələduzluq maddəsinin bir neçə bəndi ilə ittihamlar irəli sürülüb.

Səadət Əliyeva 7 nəfərdən 3500-8000 manat arasında pul alaraq onları kollecə müxtəlif vəzifələrə işə düzəldəcəyini vəd edib. İki nəfərdən isə başqa məktəblərə müəllim kimi işə düzəldəcəyini deyərək 7000 və 10 000 manat pul alıb.

Səadət deyir ki, həmin şəxslərin bir neçəsindən işə düzəltmək adı ilə pul alsa da çoxundan borc alıb.

Səadət onu da bildirib ki, özü də başqa bir nəfər tərəfindən aldadıldığı üçün borcları yaranıb. Belə ki, Səadət Sabirabad rayonunda yerləşən Sabir adına 1 saylı tam orta məktəbin sabiq direktoru Diləfruz Mustafayevaya 197 min manat pul verib. O bildirib ki, ayrı-ayrı şəxslərdən işə düzəltmək adı ilə aldığı pulları Diləfruz Mustafayevaya verib. Diləfruz onu aldatdığı üçün borcları yaranıb. Borclarını da ödəmək üçün başqa şəxslərdən pul alıb.

Xatırladaq ki, keçmiş direktor Diləfruz Mustafayeva dələduzluqda təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb.

edf81611-0165-4629-bd4a-b053ea4a0a1e.jpg (9 KB)

Səadət Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırması davam edən ərəfədə məlum olub ki, zərərçəkmiş şəxslərə cəmi 59 400 manat maddi ziyan dəyib. Həmin məbləğin 21 500 manatı ödənilsə də, 37 900 manatı ödənilməyib. Pulu qaytarılmayan zərərçəkmişlər Səadətə ağır cəza verilməsini istəyiblər. Məhkəmənin hökmü ilə Sədaət həbs edilib və məhkəmə zalında qandallanıb.

Maraqlıdır ki, bütün bu cinayət işində keçmiş kollec direktorunun adı keçsə də heç şahid kimi də dindirilməyib. Amma bu qalmaqaldan sonra işdən çıxarılıb. Rüxsarə Əliyevanın bacısının əməllərindən xəbərsiz olması isə ağlabatan deyil. Lakin Rüxsarə Əliyeva bu işdə hansısa yolla xilas ola bilib…

Qeyd edək ki, Rüxsarə Əliyevanın Abşeronun keçmiş icra başçısı İradə Gülməmmədova ilə yaxın münasibətləri olub.

Mənbə Musavat.com

Bənzər yazılar

0.20280194282532