“Ümumiyyətlə, neft birjasında olan dəyişikliklər iqtisadi, siyasi, hərbi və digər məsələləri əhatə etdiyi üçün sadaladığım nüanslara təsirsiz ötüşmür”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.
O, dünya neft bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin son dönəmlər 100 dollardan daha artıq satılması fonunda ölkədə maaş və pensiyaların artması, habelə digər sosialyönlü layihələrin icrası məsələsinə toxunub.
İqtisadi analitik əlavə edib ki, Ukraynada baş verən müharibə, Rusiya ilə Türkiyə arasında “taxıl dəhlizi”nin yaradılması ilə bağlı olan anlaşılmazlıq və həyata keçirilən hərbi əməliyyatların hamısı əmtəə birjalarına öz təsirini göstərir:
“Sonuncu məsələ də bununla bağlıdır ki, Moskva ilə Ankara arasında baş verən anlaşılmazlıq bu məsələlərdə özünü büruzə verib. Biz bilirik ki, karbohidrat ehtiyatlarının alışı ilə bağlı Rusiyanın ən böyük tədarükçüsü Avropa ölkələridir. Eləcə də Rusiyanın SWIFT sistemindən ayrılması, qoyulmuş məhdudiyyətlər və sanksiyalar satışın məhdudlaşdırılmasına gətirib çıxaran amillərdən biri oldu. Hətta bu yaxınlara qədər Türkiyədə bununla bağlı hab yaradırılırdı ki, Rusiyanın karbohidrat ehtiyatlarının Türkiyə üzərindən Avropaya satışı həyata keçirilsin”.
O, əlavə edib ki, bununla bağlı sıxıntı və anlaşılmazlıq yarandı deyə, nəticədə baş verən hadisə birjalara təsirsiz ötüşmədi:
“Azərbaycan tipli ölkələr, əsasən, gəlirlərini neft büdcəsindən götürür. Ona görə də neft qiymətlərinin bahalaşması ölkəyə əlavə valyuta daxil olmasına gətirib çıxarır ki, bu da iqtisadiyyat, bir çox infrastruktur və sosial layihələrin həyata keçirilməsində əlavə bir resursdur”.
“Azərbaycan büdcəsinə əlavə vəsait daxil olduqda, bu, təxirə salınmış və yeni nəzərdə tutulmuş layihələrin icrasına gətirib çıxaracaq, eləcə də iqtisadiyyata öz töhfəsini verəcək.
Mənə elə gəlir ki, qarşıdakı 2 ay ərzində neftin qiyməti daha da qalxmağa doğru gedəcək. Çünki baş verən siyasi və hərbi faktorlar bunu bizə deməyə və analiz etməyə əsas verir”, - deyə fikirlərini tamamlayıb.