“Azərbaycan xalqı xoşbəxtdir ki...” - Eldar Mansurov ən böyük arzusundan danışdı

 15-09-2023

Ölkə.Az 18 sentyabr Milli Musiqi Günü ərəfəsində Xalq artisti, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifi, bəstəkar Eldar Mansurovla söhbətləşib.

E.Mansurovun Ölkə.Az-a müsahibəsini təqdim edirik:

- Milli Musiqi Günü ərəfəsində Azərbaycan musiqisi ilə bağlı ən böyük arzunuz nədir?

- Ən böyük arzum odur ki, dünyada bəzi ölkələrin ən məşhur bəstəkarlarını, ən gözəl musiqilərini bütün millətlər, bütün xalqlar qəbul etdiyi kimi, Azərbaycan musiqisini də eləcə qəbul etsinlər. Dünyada elə bir ölkə, elə bir xalq yoxdur ki, orada Bethoven, Çaykovski, Şopen, Mozartın adını eşitməsin. İstərdim ki, bizim bəstəkarları - Fikrət Əmirovu, Qara Qarayevi ancaq musiqiçilər yox, adi adamlar da musiqilərinə görə yaxşı tanısınlar və heç olmasa, onların əsərlərinin balaca bir hissəsini zümzümə etsinlər. Ən böyük arzum budur.

- İncəsənət, adətən, fitri istedad hesab olunur. Necə düşünürsünüz, insan bəstəkar doğulur, yoxsa sonradan bəstəkar ola bilir?

- İnsan istedadlı doğula bilər. Onun payına musiqiçilik düşə bilir, amma istedadı inkişaf etdirmək də lazımdır. Təkcə Allahın verdiyi payla olmur. Gərək, özün də nəsə edəsən, oxuyub savadlanasan. Savadsız fitri istedadın ömrü qısa olur. Savad ona görə lazımdır ki, fitri istedadı daha da inkişaf etdirəsən və bu sahədə yeniliklər yaradasan. Ona görə də mənə elə gəlir ki, fitri istedadla yanaşı, mütləq savad da lazımdır. Düşünürəm ki, hər adamın üstündə mələklər var və həmin adamı o sahəyə doğru aparırlar. Mən buna inanıram.

- Bu yaxınlarda Yunanıstan Ali Məhkəməsi 11 il sürən məhkəmə işinə nöqtə qoyub və “Esena Mono” mahnısının musiqisinin “Bayatılar” əsərinizdən götürüldüyü barədə yekun qərar verib. Məhkəmə prosesinin 11 il davam etməsinin səbəbi nə idi?

- Qərb ölkələrində, adətən, məhkəmə çəkişmələri çox uzun çəkir. Burada söhbət təkcə müəllif hüquqları ilə bağlı məhkəmələrdən getmir, digər qəbildən olan məhkəmə işləri də 5, 10, 15, hətta bəzi hallarda 20 il çəkə bilir. Ona görə də bu, normal haldır. Bizdə isə öyrəşiblər ki, o saat məhkəmə qərar qəbul etsin. Amma bir az səbir lazımdır.

- Sizdə də səbirdən bol olub...

- Elə səbrim olub ki, məndən Eldar Mansurov olub. Mən səbirli adamam.

- Dünyaya “Bayatılar” kimi səs salan başqa mahnılarımız niyə yoxdur?

- Təkcə, “Bayatılar” deyil. Son vaxtlar mənim yazdığım “Yada sal məni” mahnım  dünyada yaşayan azərbaycanlılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Mənə Azərbaycandan və xarici ölkələrdən bu mahnı ilə bağlı yazanlar çox olur. Bundan əlavə, instrumental musiqilərimə xarici aləmdə çox gözəl münasibət var. Çox adam qulaq asır, milyonlarla baxış toplayıb.

Səs salmaq məsələsində gəldikdə isə hər şey səs salmır. Türkiyədə, İranda və b. yerlərdə görürsən ki, bu musiqilər yaxşı qəbul olunur. Amma bütün dünyada yox. Məsələn, İsrail, Tayland, Sinqapur, Çin, Avstraliyada, Amerikanın cənubunda və s. o qədər də maraqla qarşılanmır. Hər millətin özünə yaxın musiqi seçimi var. Hər mahnının, hər musiqinin bəxti gətirmir. Mən deyərdim ki, Allah-taala o sənətçilərə bir az pay da verib ki, onları məşhurlaşdırıb. Amma belə baxanda “Bayatılar” doğrudan da çox unikal bir əsərdir. Çünki bütün dünyaya səs salıb. Bu mənim üçün çox xoşdur, bununla fəxr edirəm. Fəxr edirəm ki, mən Eldar Mansurovam və azərbaycanlıyam. Allah-taala mənə pay verib, mən də çalışmışam ki, bir növ Azərbaycan musiqisinin hökmünü dünyaya çatdırım.

- Müəllif hüquqlarının pozulması halları ilə tez-tez rastlaşırsınızmı?

- Mənə elə gəlir ki, bütün yaradıcı insanlar müəllif hüquqlarının pozulması halları ilə tez-tez rastlaşırlar. Təkcə musiqi sahəsində yox, həm arxitekturada, həm poeziyada, həm rəssamlıqda və s. müəllif hüquqları pozulur. Məncə, müəllif hüquqlarının pozulması adi haldır, normal baxıram. Nəyə görə müəllif hüquqları pozulur? Adam var ki, hansısa əsər xoşuna gəlir və özünə götürür. Daha çox qonşularımız musiqilərimizi oğurlayır. Tək bizim yox, bir çox ölkələrin çox şeylərini götürürlər, özününküləşdirirlər və “bizimdir” deyirlər. Bu da paxıllıqdan irəli gəlir. Məncə, başqasının yaratdığı əsəri öz adınla vermək ən böyük günahlardan biridir. Gözümüz görə-görə Azərbaycanın nə qədər yeməklərini, xalçalarını, musiqilərini götürüb özününküləşdirirlər. Düzdür, görürük, onları söyürük. Amma bunun bir açıqlaması var. Özlərinin heç nəyi olmadığına görə, başqalarının musiqilərinə və s. üz tuturlar.

- Müasir Azərbaycan bəstəkarlarından bəyəndikləriniz varmı? Bəstəkar və ya əsər adı çəkə bilərsinizmi?

- Müasir bəstəkarlar mən gördüyüm bəstəkarlardır – mənim müəllimlərim və yaşda bir az məndən böyük olanlardır. Emin Sabitoğlu, Oqtay Kazımov, Tofiq Quliyev, Rauf Hacıyev, Cahangir Cahangirov, Seyid Rüstəmov və s. Onları müasir sayıram. Çünki musiqiləri indiyə qədər yaşayır. Gənclərin də içərisində istedadlıları var. Elələri var ki, musiqisini və s. bəyənirəm. İnanırsınız, çoxunun heç adını bilmirəm.

Adətən, radioya, televizora qulaq asmıram. İnternetdə baxıram, məni maraqlandıran şeyləri axtarıb tapıram, qulaq asıram.

 - İndiki dövrdə yazılan mahnıların musiqisini keyfiyyətli hesab edirsinizmi? Sizcə, normal və keyfiyyətli musiqi hansıdır?

- Əlbəttə, indiki vaxtda da yaxşı mahnılar var. O mahnı keyfiyyətlidir ki, həm melodiyası gözəl olur, həm sözləri qəşəng olur, həm də ifaçısı və aranjimanı da yaxşı olur. Bunlar hamısı gözəldirsə, deməli, mahnı keyfiyyətlidir. Belə mahnılar var, intəhası adlarını bilmirəm. Hərdən radioda hansısa musiqini eşidəndə xoşuma gəlir. Amma nə oxuyanın, nə bəstəkarın, nə də şairin adı çəkilir. Bir mahnının quyruğunu başqa mahnıya bağlayırlar. Adını da “non-stop” qoyublar. Adam bilmir mahnı kimindir, nədir, nə deyil.  Ona görə də heç birinin adını bilmirəm.

- Sənətkar kimi öz davamçılarınızı yetişdirirsinizmi? Sənətkar mütləq özündən sonra iz qoymalıdırmı?

- Yetişdirmək deyəndə ki, mən özümdən sonra musiqilərimlə iz qoyuram. Kim ki gələcəkdə bu musiqilərə qulaq asacaq, bəyənəcəksə, o tərəfdən - yuxarıdan baxıb sevinəcəyəm. Bəyənməyəcəksə, bəyənənləri gözləyəcəyəm.

Hər bir sənət adamı mütləq özündən sonra nəsə qoyub gedir. Məsələn, Bakıdakı tarixi binalar onu tikən memarların özlərindən sonra qoyduqları izdir. Yaradıcılıq da belədir. Bu gün xalq mahnıları dediyimiz mahnıları birinci dəfə kimlər oxuyub, sözlərini kimlər yazıb, musiqisini kim bəstələyib adı yoxdur. Muğamı kim yaradıb heç kim bilmir. Yəni böyük bir qrup ifaçılar o mahnıları oxuyub, hərə bir şey əlavə edib – bir xal, bir boğaz, bir zəngulə əlavə ediblər və muğam get-gedə inkişaf edib.

- Azərbaycan musiqisinin gələcəyini necə görürsünüz? Bu torpaq yenidən Eldar Mansurov kimi istedadlar yetişdirə bilərmi?

- Bu torpaq Üzeyir Hacıbəyov kimi, Fikrət Əmirov kimi, Qara Qarayev kimi bəstəkarlar yetişdirib. Mən o siyahıda axırıncıyam. Gör, nə qədər əjdahaların adlarını çəkmək olar. Əlbəttə, yetişdirəcək. Çünki bu xalq doğrudan da bəxti gətirən xalqdır. Allah-taala xalqımıza elə yaradıcı adamlar bəxş edib ki, ortaya gözəl sənətkarlarımız çıxıb. Bura hər bir sahəyə aid yaradıcı adamları aid etmək olar.

- Sizcə, Üzeyir Hacıbəyovun yaratdığı musiqi məktəbi artıq ölüb, yoxsa yaşayır?

- Üzeyir bəyin yaratdığı musiqi məktəbi əgər ölsəydi, heç musiqidən danışmağa dəyməzdi. Biz indi musiqidən danışırıqsa, deməli, məktəb yaşayır. Gör, Üzeyir bəyin vaxtında nə qədər bəstəkarlarımız olub. Əksəriyyəti də onun tələbələri idi. Ü.Hacıbəyov onillər bundan əvvəl rəhmətə getsə də, musiqi get-gedə davam edir. Özü də ki, belə baxanda, Üzeyir bəydən sonrakı vaxtı onilliklərə bölsək, görün, hər onillikdə nə qədər bəstəkarlar yetişib və onlar nələr yaradıblar. Bu özü böyük işdir.

- Belə bir fikir işlətmişdiniz ki, müasir dövrümüzdə uzunömürlü olan mahnıların əksəriyyəti keçmişdə yazılıb. Bu, təkcə bizdə belədir, yoxsa bütün dünyada? Mahnıların qısa ömürlü olmasının səbəbini nədə görürüsünüz?

- Bu, təkcə bizdə belə deyil. Məsələn, bu saat keyfiyyətli köhnə musiqilərə retro və yaxud da şanson deyirlər. Məsələn, Zeynəb xanımın vaxtında - 40-50 il bundan əvvəl oxuduğu mahnılar indi yenidən dəbə düşür. Ona görə deyirəm ki, daha çox keyfiyyətli musiqilər o dövrlərdə yazılıb. Məsələn, “Sarı gəlin”, Akif İslamzadənin ifasında Seyid Rüstəmovun “Hardasan” mahnısı, Qədir Rüstəmovun ifa etdiyi “Sona bülbüllər” və s. bu cür yadda qalan musiqilərin 99.9%-i keçmişdə yazılıb. İndi də yazılır. Sadəcə, indikilərə vaxt lazımdır. Keçmişdə yazılan mahnıları da eşitmişəm, indikiləri də. İndi yazılan mahnılara təxminən 50-60 il ömür lazımdır ki, gələcəkdə mənim kimi kimsə kənardan baxan desin ki, bu mahnılar o birilərlə yaxşıdır və ya onlardan zəifdir. Yəni hər şey müqayisədə görünür.

- Bu gün yutubda milyonlarla baxış alan və trendə çevrilən xeyli sayda mahnılarımız var. Milyonlar dinləyirsə, o işi keyfiyyətli hesab etmək olarmı?

- Milyonlarla baxış alan hər mahnı keyfiyyətli musiqi olmur. Amma mənim üçün keyfiyyətli deyil. Hərəsinin öz dinləyicisi var. Mənim bəyənmədiyim musiqini kimsə bəyənir və yaxud da əksinə. Bu, normal haldır. Ona görə də bu məsələdə mən heç kimdən incimirəm, heç kimi də qınamıram. Zövq məsələsidir. Zövqlər müxtəlifdir.

- Açıqlamalarınızdan birində sənətkarı yetişdirən amillərdən birinin mühit olduğunu demişdiniz. Bu gün sənətkarın yetişməsi üçün mühitimizdə nə çatmır?

- Bəli, mühit. Belə baxanda Bethoven öz mühitində yaranıb. Üzeyir Hacıbəyov da həmçinin. Doğulan kimi bəstəkar olmayıb ki. Yəni mühit öz işini görür. Məsələn, Üzeyir bəy yaşadığı dövrdə uşaqlığı keçdiyi yerlərdə - Qarabağda, Şuşada istər-istəməz muğam, xalq mahnıları eşidib və hamısı onun beyninə həkk olunub. Beləliklə, yavaş-yavaş evdən gələn tərbiyə və münasibətlə musiqini qəbul edib, musiqini öz həyatı, gələcəyi hesab edib, bütün həyatını musiqiyə bağlayıb. Yəni mühit bu işdə mütləq rol oynayır. Mənə elə gəlir ki, bu gün sənətkarın yetişməsi üçün mühit çatışmır.

- Ölkəmizdə müəllif hüquqları ilə bağlı vəziyyət nə yerdədir, qorunurmu?

- Çox yaxşıdır, şikayətim yoxdur. Mən özüm Müəlif Hüquqları Agentliyi ilə uzun illərdir sıx əlaqədəyəm. Onlar əllərindən gələni edirlər. İndiyə qədər nə vaxt lazım olsa, müraciət etmişəm və həmişə mənə dayaq olublar. Elə məsələlər var ki, bu qurumun köməyi mütləqdir.

- Bir musiqinin yaxşı tanınması üçün onu kimin oxumasının önəmi varmı? Yoxsa yaxşı musiqi mütləq özünə yol tapır?

- Musiqi var ki, özü özünə yol açır. Kim ifa edir etsin, fərqi yoxdur. Məsələn, Ü.Hacıbəyovun “Leyli və Məcnun” operasını kimlər oxumayıb, kimlər bu operada oynamayıb. Xalq həmişə bu əsərə böyük həvəslə gəlib baxıb. Çünki əsərin özü çox qüvvətli bir əsərdir.

Atam 55 il Opera və Balet Teatrı çalışıb. 5-6 yaşlarımdan atamla teatra gedib onun yanında oturub baxırdım. Ən qocaman ifaçılardan gənclərə qədər daha kimləri görməmişəm...

Götürək “Koroğlu” operasını. Bir az obyektiv danışaq. Mən belə düşünürəm ki, “Koroğlu” əsərini Üzeyir bəy Bülbülün ifasında görürdü. Bübüldən sonra onu çox ifaçılar oxuyub və bu gün də oxuyur. Amma hesab edirəm ki, əsərə ən çox baxılan vaxt Bülbülün oynadığı vaxtlar idi. Əsər Bülbülə görə daha çox sevilirdi.

Mənim “Bayatılar” əsərimi nə qədər adam oxuyub və bu gün də oxuyurlar, amma mən onu məhz Brilliant (Xalq artisti B.Dadaşova-red.) xanım üçün yazmışdım. Mahnı onun adına yapışıb, söhbət bundan gedir.

- Müğənnilərdən biri deyib ki, əla səsi olub pul qazana bilməyənə sənətkar kimi baxmır. Bu nə dərəcədə doğru yanaşmadır? İstedadı ilə vəsait qazana bilməyən doğurdanmı sənətkar ola bilməz?

- Yox, bu, qətiyyən düzgün deyil. Bizim əla səsi olan klassik ifaçılarımız var. Amma toyçular var ki, səsi olmasa da, pul qazanır. Sənətkar təkcə oxumaqla olmur. O oxuduğu şeyin mənasını bilməlidir. Musiqi savadı olmalıdır ki, nəyi necə oxumaq lazım olduğunu, harada piano, harada forte, harada bərk və ya yavaş oxumağı, səsi nə vaxt uzatmağı bilsin. Əgər savadı yoxdursa, eləcə Allah yolunda ağzını açıb oxuyursa, o başqa şeydir.

Billurə Yunus

Bənzər yazılar

0.30334806442261