ZORAKILIQ GÖRƏN QADIN: “Mən cəhənnəmdə idim, indi cənnətə düşmüşəm”

 25-06-2022

İqtisadi azadlıq zorakılıqdan qurtuluş yolu kimi

“Bir dəfə məni yenə möhkəm döydü, gedib yatdı. Başımı divara vurub partlatmışdı, üz-gözüm gömgöy idi. Fikirləşdim ki, daha dözə bilmirəm. Uşaq hələ beş aylıq idi. Yatızdırdım uşağı, sonra ip hazırladım, çıxdım stulun üstünə, ipi boynuma keçirdim. Bu vaxt Allahın işiydi ki, uşaq çığırıb ağladı. Yoldaşım oyandı, uşağı çox pis söydü onu oyatdığı üçün. Gəlib gördü ki, özümü asıram. İpi heç boynumdan çıxarmadan sinəmə necə yumruq qoydusa, ip boğazımdaca yuxarıdan qırıldı, yerə sərildim. Arxasına baxmadan qapını çırpıb getdi. Daha vecinə olmadı ki, bəlkə o gedəndən sonra özümü öldürərəm…”

21 yaşlı Əfsanə (ad şərtidir) Azərbaycanda zorakılıq qurbanı olan çoxsaylı qadınlardan biridir. O, “öz cəhənnəmi”ndən cəmi üç gün əvvəl qurtulub. Hələ də qorxu içindədir. Boşanmaq qərarına gəldiyi həyat yoldaşının onu və övladını tapıb öldürəcəyindən dəhşətli dərəcədə qorxur. Gələcəyə dair xəyalları var, amma bu xəyallara doğru gedəcək gücü, inamı özündə görmür.

***

2021-ci ildə rəsmi statistikaya görə Azərbaycanda 6635 qadın əri, partnyoru, atası, qardaşı və digər kişi qohumu tərəfindən müxtəlif növ zorakılığa məruz qalıb. Həmin il 70 qadın öldürülüb, 24-ü ağır yaralanıb. Ekspertlər hesab edirlər ki, rəsmi statistika qadınlara qarşı zorakılıqla bağlı real mənzərəni tam əks etdirmir, çünki zorakılığa məruz qalan qadınların az qismi hüquq-mühafizə orqanlarına müraciət edir. 

***

16 yaşında zorla ərə verilib

Əfsanənin dediyinə görə, zorakılıqla çox erkən yaşlarında qarşılaşıb. Və bunun səbəbini atasız böyüməsində görür. Üstəlik deyir ki, anası da, bacısı da zorakılıq qurbanlarıdır.

“Anam da ilk evliliyində zorakılıq görüb. Əri narkotik istifadəçisi imiş. Ondan boşanıb. Uzun illər ailə qurmayıb. Sonra atama ərə gedib. Evlənəndə ikisi də yaşlı idilər artıq. İki qızları olub, bacım və mən. 8 yaşım olanda atam rəhmətə getdi. Ondan sonra zülüm, işgəncə… Atasızlıq necə olar?! Arxan olmur, dayağın olmur. Atalı qızları yiyəsiz bilmirlər, qorxurlar onlara zərər verməyə”.

Əfsanənin atasının ilk evliliyindən də uşaqları olub. Dediyinə görə böyük qardaşları öz bacılarını üstün tuturmuş, anadan ögey bacılarını isə istəmirmişlər. Anası da qızlarını götürüb öz qardaşının yanına sığınıb.

“Dayımgil yeməyimizə, geyinməyimizə, oturuşumuza, duruşumuza, hər şeyimizə danışırdılar. Sığıntı kimi qalırdıq orda. Xalam da boşanıb gəlmişdi. Bacımı döyürdü. Mənim 14, bacımın 16 yaşı vardı. Dözə bilmədi bacım evdəki əziyyətlərə. Özündən 16 yaş böyük bir adama ərə verdilər, o da getdi. Bacım da ər evində döyülür, işgəncə görür, amma dözür”. 

Əfsanə çörəkpulu qazanmaq üçün pambıq alağına gedirmiş. İstidə günün altında saatlarla pambıq sahəsinin ortasında əldən düşürmüş. Deyir ki, uşaq idim, istəyirdim mənim də gözəl həyatım olsun, oxuyum, özümə gələcək qurum. Amma anası yaşlı və xəstə olduğu üçün (gözü görmür, qulağı eşitmir) evdə tək işləyən o olub. 

16 yaşı tamam olanda evlənmək növbəsi Əfsanəyə çatıb. Onu da zorla ərə veriblər.

“Oğlan xəstə imiş, qıcolmaları tuturdu. Yıxılırdı qarşımda, heyvanı kəsərsən əsər ha, o vəziyyətdə, tir-tir titrəyirdi, ağzından köpük gəlirdi, şalvarını batırırdı. Uşaq idim, ömrümdə elə şey görməmişdim, qorxumdan əsirdim, yaxın dura bilmirdim. Qayınanam deyirdi ki, sən ona baxmalısan, təmizləməlisən, yetimsən, hər şeyə dözməlisən. Mən də öz-özümə deyirdim ki, axı mən Allaha neyləmişəm, niyə bütün bunlara dözməliyəm?”

Bir gün telefonla danışanda bacısına artıq dözə bilmədiyini, özünü öldürəcəyini deyib. Bacısı da anasına xəbər edib. Anası Əfsanəni evlərinə aparıb.

“Başladım orda-burda işləməyə, amma yarıda bilmirdim, çox uşaq idim, gücüm yox idi, dözüm nə idi bilmirdim. Həyatı hələ dərk eləmirdim. Dörd il çox çətinlik çəkdim. Kişilərə nifrət edirdim, hamısını eyni bilirdim. Deyirdim ki, mənimçün hər şey bitib. Sonra bu insan qarşıma çıxdı. Əvvəl heç üz vermədim, amma çox israr etdi. Deyirdi: “Çox ağıllısan, tərbiyəlisən, səndən xoşum gəlir”. Telefon nömrəmi hardansa tapmışdı. Bloka atırdım, başqa nömrələrdən zəng vururdu. Axırı aldandım, bağlandım ona, sevdim, Allah da şahiddi ki, çox sevdim onu. Amma o məni sevmədi”. 

“Axı mən neyləmişəm ki, məni döyürsən?”

İkinci evliliyində rəsmi nikahı olub. Amma bu dəfə də bəxti gətirməyib. Elə ilk günlərdən həm ərindən, həm də qayınanasından zorakılıq görüb. Qayınanası gəlin olaraq istəmədiyi üçün onu döyür, təhqir edirmiş. Əri də elə ilk günlərdən ona xəyanət edir, Əfsanə buna səsini çıxarmaq istəyəndə isə hər dəfə vəhşicə döyürmüş. “Axı mən neyləmişəm ki, məni döyürsən” – Əfsanə tez-tez verdiyi bu suala cavab ala bilməyib.

“Yoldaşım heç nəyin üstündə məni döyürdü. Hamilə olanda da. Deyirdi: “Anan gəlməsin, səni öyrədir”. Çox pis söyürdü anama, elə mənim özümə də. Dözürdüm, deyirdim bəlkə düzələr. Evimiz köhnə idi, qarışqa girirdi, stolun üstünə çıxırdılar, təmizləyirdim, yenə gəlirdilər, körpə uşaqla çatdıra bilmirdim. Stolda qarışqanı görən kimi döyürdü məni. Yumruq, təpik…” 

Bir gün yenə dözə bilmədiyini və intihar etmək istədiyini anasına deyir. Anası da onu götürüb digər qızının evinə aparır. 

“Yeznəm məni görən kimi bacımı döydü. Məni evində istəmirdi. Əlacsız qalmışdım. Onların qonşuluğunda təhsilli, xeyirxah bir qadın vardı, ona danışdım dərdimi. Dedim, göydə Allah yerdə siz, mənə bir yol göstərin, uşağımla ortalıqda qalmışam. O da mənim kimi qadınlar üçün olan sığınacaqlar haqda danışdı. Əvvəlcə çox qorxdum, necə yer olduğunu bilmirdim. Amma kaş ki, ən başından, 16 yaşımda məni məcbur ərə verəndə gələrdim sığınacağa, bütün sonra yaşadıqlarım başıma gəlməzdi. Öz ayaqlarımın üstündə durmağı öyrənərdim”. 

Əfsanə indi zorakılığa məruz qalmış qadınlar üçün olan sığınacaqlardan birində qalır. Orada psixoloji sarsıntılarından qurtulmaq, boşanmaq, işləmək istəyir, özü və övladı üçün gələcəklə bağlı xəyallar qurur. Özünə əminliyi çatmır, amma ümid edir ki, hazırda onu əhatə edən insanlar ona yardım edəcəklər.

***

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, hazırda ölkədə zorakılığa məruz qalmış qadınlar üçün dövlət sığınacaqları yoxdur. 2010-cu ildə “Məişət zorakılığı haqqında” Qanun qəbul edilsə də və bu qanunda bu cür sığınacaqların yaradılması nəzərdə tutulsa da, dövlət sığınacaqları hələ yaradılmayıb. Amma bu günədək 13 qeyri-hökumət təşkilatının təsis etdiyi sığınacaq qeydiyyatdan keçib. Hərçənd komitənin məlumatına görə, bu sığınacaqların da az qismi reallıqda fəaliyyət göstərir.

***

İnteqrasiya proqramının olmaması

Həmin özəl sığınacaqlardan birinə “Təmiz Dünya” Qadınlara Yardım İctima Birliyinin sədri Mehriban Zeynalova rəhbərlik edir. O bildirir ki, sığınacaqlar zorakılıq qurbanlarına reabilitasiya dövrünü keçmək, normal həyata inteqrasiyalarına yardım məqsədilə lazımdır. 

“Qanunvericiliyə əsasən, zorakılıq qurbanlarının sığınacaqda qalma müddəti üç ay göstərilib. Amma vəziyyətdən asılı olaraq bu müddət bir il, il yarıma qədər də uzadıla bilər. Əgər qurbana qarşı təhlükə aradan qalxmayıbsa, yaxud boşanma prosesi sona çatmayıbsa və ya hamiləlik halı varsa (uşağını dünyaya gətirməsi, bir qədər böyüdüb ərsəyə gətirməsi üçün), biz onu burada saxlamağa davam edirik”.

Mehriban Zeynalova bildirir ki, zorakılıq qurbanlarının sığınacaqdan çıxandan sonra yenidən zorakılıq mühitinə qayıtmaması üçün inteqrasiya proqramları olmalıdır. 

“Burada olduğu müddətdə qadınlar peşə bacarıqlarına yiyələnə, sertifikatlar ala, daha sonra sərbəst şəkildə özü özünün maliyyələşməsinə gətirib çıxaran sahibkarlıq işi ilə məşğul ola bilərlər – sosial və ya fərdi sahibkarlıqla. Belə olduğu halda onlar rahatlıqla sığınacaqdan çıxıb öz həyatlarını müstəqil şəkildə qura bilirlər. Kimlərsə bunu edə bilir, amma hamısı yox. Çünki 13-cü ildir ki, “Məişət zorakılığı haqqında” Qanun qəbul edilib, amma hələ də qanunvericilikdə boşluqlar qalır, təkmilləşməyə ehtiyac var. Məsələn, Məşğulluq Proqramına görə şəxsin özünü məşğulluğa başlaması üçün o, qeydiyyatda olduğu ərazidə yaşamalı, həmin ərazidə yeri olmalıdır. Ailəsindən qaçıb gizlənən qadın üçün bu mümkün deyil. Amma orda yazılsa ki, qeyd edilən qaydalar gender əsaslı zorakılıq qurbanlarına şamil edilmir, o halda proqramın əlçatanlığı mümkün olar”. 

“Təəssüf ki, dünyanın hər bir yerində, o cümlədən ölkəmizdə də qadına qarşı şiddət var. Bu gün də qadın döyülür, şiddətə məruz qalır. Xüsusən də ailədə qadınlara qarşı zorakılıq səbəbindən ölüm hallarının sayının artması narahatlıq doğurur”, – deputat Tamam Cəfərova bildirir.

Amma Mehriban Zeynalovadan fərqli olaraq o, qadınların müdafiəsi istiqamətində qanunvericiliyin mükəmməl olduğu fikrindədir:

Azərbaycanda qadınlara qarşı zorakılıqla mübarizə sahəsində beynəlxalq standartlara cavab verən qanunverici baza yaradılıb. Lakin bu, məişət zorakılığının qarşısını almağa kifayət etmir. Qadınlara qarşı şiddətin, zorakılığın qarşı almaq üçün maarifləndirmə işləri aparılmalıdır. Zorakılıqla mübarizə təkcə dövlət qurumları deyil, bütün cəmiyyət tərəfindən aparılmalıdır. Qadınlarımız hüquqlarını yaxşı bilməlidirlər ki, zorakılıqla mübarizədə özlərini müdafiə edə bilsinlər”.

Azərbaycanda gender bərabərliyinin təmin edilməsi, qadın zorakılığına qarşı mübarizə diqqətdə saxlanılır. Bu istiqamətdə müvafiq qanunlar və normativ aktlar qəbul olunur. Ölkəmiz bu sahədə öz mövqeyini kifayət qədər aydın şəkildə nümayiş etdirir, – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova hesab edir.

Onun sözlərinə görə, qadın zorakılığına qarşı səmərəli icra mexanizmlərinin yaradılması çox vacibdir.

“Hazırda Milli Fəaliyyət Proqramı həyata keçirilir. Proqram çərçivəsində gender bərabərliyinin təmin edilməsi məqsədilə bələdiyyələrdə komissiyalar yaradılıb. Bu komissiyalar riskli qrupdan olan insanlarla işləyir. Bu istiqamətdə deputatların seçicilərlə iş aparmaları ümumi işə töhfə vermiş olar”, – Muradova qeyd edib.

İçki, nəşə, xəyanət, zorakılıq

37 yaşlı Təranə (ad şərtidir) 23 yaşında ikən uzaq qohumu ilə ailə qurub. Evliliklərinin ilk illərində hər şey qaydasında imiş, zamanla münasibətlər pisləşməyə başlayıb.

“Yavaş-yavaş başladı dəyişməyə. İçki içirdi, gəlib evdə dalaşırdı. Deyə bilmirdim ki, uşağın yeməyi qurtarıb, əlinə keçəni mənə tullayırdı. Deyirdi: “Cəhənnəmə qurtarıb, ölsün acından”. Belə-belə gözümdən düşdü. 

Nə qədər ki, atası var idi, ona hər şeyi deyirdim, atası da onu sıxırdı deyə üstümə çox gələ bilmirdi. Qayınatam rəhmətə gedəndən sonra tamam dəyişdi. Nəşə çəkməyə, ardınca satışı ilə məşğul olmağa başladı. Hər dəfə deyirdim ki, eləmə, uşaqlar böyüyür, görüb götürürlər. Bu səbəbdən evimizdə mübahisələrimiz çox olurdu. Səsimi çıxaran kimi bıçaqla üstümə cumurdu, boğurdu, döyürdü məni də, uşaqları da”.

Məsələ bununla da qalmayıb. Təranə xəbər tutub ki, ərinin beş ildir ki, başqa qadınla münasibəti var. Hətta bir gün həmin qadını evlərinə gətirib və hamısı birlikdə yaşamağa başlayıblar.

“Evliliyimizin son ili idi, onu evimizə gətirdi. Mən və uşaqlarım evdə ola-ola. Etiraz edəndə dedi ki, uşaqları dədən evindən gətirməmisən, özün isə xoşuna gəlmir, çıxıb gedə bilərsən. Dedi ki, o qadın dəyər verdiyim insandı, içi anam qarışıq ona güldən ağır söz deyə bilməz. Anladım ki, uşaqları götürüb bu evdən getmək üçün özümə çıxış yolu tapmalıyam. Amma məni həmişə təhdid edirdi ki, boşansan səni uşaqlarla birlikdə öldürəcəm. İzini də itirəcəm, heç kimin xəbəri də olmayacaq. Çox qorxurdum”.

Qorxunun ram edilməsilə başlayan azadlıq

Bir gün Təranə dərdini iş yoldaşlarından birinə danışıb, o da qadını Mehriban Zeynalovanın sığınacağı ilə əlaqələndirib. Ona və uşaqlarına hüquqi və psixoloji yardım göstərilib. Firuzə ərindən boşana bilib. Dörd ay yarımdan sonra kirayə ev tutub, sığınacağı tərk ediblər. Həmin gündən artıq bir il keçib. 

“Dekabrda yoldaşım necəsə məni izləyib yaşadığımız yeri tapmışdı. Qəfil qabağıma çıxdı, qaçmaq istəyəndə tutub sürüyə-sürüyə basdı maşına, ağzım da partlamışdı. Telefonumu əlimdən alıb söndürdü. Neçə dəfə soruşdum ki, məni hara aparırsan, cavab vermədi. Dilə tutub evə gətirdim. İçimdə əvvəlki qorxu yox olmuşdu sanki. Evə girəndə oğlum dəhşətli dərəcədə ondan qorxduğuna görə qışqıra-qışqıra, ağlaya-ağlaya geri getdi. Birtəhər sakitləşdirdim uşaqları ki, sizi görüb gedəcək. Uşaqlara dedi ki, sizi aparmağa gəlmişəm. Uşaqlar getmək istəmədilər, dedilər, burda anamızla yaxşıyıq. 

Bir ilə yaxındı alimentimiz də yığılıb, artıq üç mindən çox bir məbləğdir. Mənə dedi ki, alimentdən imtina elə, mən də uşaqları verim sənə. Belə çıxır ki, bu, uşaqları pula satır. Dedim ki, aliment uşaqlarımın haqqıdı, uşaqlar da məndə qalacaq, alimenti də səndən alacam. Bıçaqla üstümə cuman, boğazımdan tutub boğan insanı qorxmadan evimə gətirmişəm və sözümü deyirəm. O qədər özümə inam yaratmışam ki, mən bunu edə bildim”, – Təranə qorxularından qurtulduğu anı xatırlayır. 

“Sapla” ilə iqtisadi azadlığa

“Mən işləmək istəyirəm. Öz ayaqlarımın üstündə durmaq istəyirəm. Heyif ki, oxumamışam. Oxusaydım, indi əlimdə bir sənətim olardı. Çox gecikmişəm”, – Əfsanə deyir.

Çox vaxt məhz maddi çətinliklər qadınları ailədəki zorakılığa dözməyə, hətta zorakılıq mühitinə geri dönməyə vadar edir.

“İnteqrasiya proqramının zəifliyi və ya mövcud olmaması ona gətirib çıxarır ki, qadınlar zorakılıqğa qayıdırlar. Onlar perspektivi görmürlər. Onlar üçün fərdi sahibkarlıq proqramları çox vacibdir ki, evdə oturub uşalarının qayğısını çəksinlər, bir yandan da sifariş qəbul etsinlər, öz məhsullarının, əl işlərinin onlayn satışını təşkil etsinlər, gəlir əldə etsinlər”, – Mehriban Zeynalova deyir.

Keçmiş deputatlığa namizəd, ictimai fəal Rəbiyyə Məmmədova da qadınların pul qazanmasına yardım etmək qərarına gəlib.

Onun bu yaxınlarda fəaliyyətə başlayan “Sapla” sosial layihəsi ilk on zorakılıq qurbanı olan qadına dərzi sənətinə yiyələnmək, tikdikləri ekoloji çantaları, mələfə və dəsmalları sataraq pul qazanmaq imkanı yaradıb. Layihənin yaradıcısı Rəbiyyə Məmmədova deyir ki, qadınların iqtisadi azadlığı olmadan zorakılıqdan qurtulmaları çox çətindir:

“Son bələdiyyə və parlament seçkilərində bu ərazidən namizəd idim. Təşviqat dövrü mənə imkan verirdi ki, insanlarla ünsiyyətdə olum, problemlərlə maraqlanım. Demək olar ki, Binəqədi qəsəbəsini küçə-küçə gəzmişəm. Bir dəfə elə təşviqat vaxtı məni qəsəbədə bir yerə dəvət etdilər ki, köməyinizə ehtiyac var. Gedib gördüm ki, hamilə qadını həyat yoldaşı armatur parçası ilə döyüb. Bu qadın 13 yaşında təhsildən yayındırılıb, 14 yaşında ərə verilmişdi. Təklif elədim ki, onu sığınacağa yerləşdirək. Qadın soruşdu ki, nə qədər müddət mənə köməklik göstərə biləcəksiz, sığınacaqda nə qədər qala biləcəm? Bilirsiz ki, sığınacaqda qalmaq müddəti limitlidir. Mən hər şeyi olduğu kimi izah elədim. Bildirdi ki, bu gün, sabah bir uşaq dünyaya gələcək, ikisi də artıq var. Soruşdu ki, heç bir gəlirim olmadığı halda uşaqlara təkbaşına necə baxacam?”

Həmin hadisədən sonra  Rəbiyyə Məmmədova bu cür qadınların iqtisadi azadlığını təmin edəcək layihə yaratmaq haqda düşünməyə başlayıb.

“Onda mən fikirləşdim ki, bu qadınlara iqtisadi kömək etməliyəm. Onlara peşə öyrətmək, nə cürsə əmək bazarına çıxarmaq lazımdır ki, onlar özləri pul qazana bilsinlər. Onlara zorakılıq göstərən adamlardan iqtisadi cəhətdən asılı olmasınlar. Çünki kişilər qadınları manipulyasiya edirlər, onları özlərindən asılı vəziyyətə salırlar ki, rahatlıqla zorakılıq göstərə bilsinlər. Elə edirlər ki, guya qadınlar onlarsız yaşaya bilməzlər”, – Rəbiyyə Məmmədova danışır. 

Deyir ki, elə həmin dövrdə Dünya Bankının Məşğulluq Agentliyi ilə birlikdə həyata keçirdiyi Məşğulluq Proqramı qarşısına çıxıb.

“Mən işsiz kimi qeydiyyatdan keçmişdim, proqramda iştirak üçün müraciət elədim, iki ilə yaxın bürokratik əngəllərlə mübarizə apardım. Nəhayət, avadanlıqları aldıq, Binəqədi qəsəbəsində icarəyə götürdüyümüz məkanda yerləşdirdik. Hazırda bizim on nəfər zorakılığa məruz qalmış, iqtisadi zəif və təhsilə çatımlığı olmayan qadınımız var ki, biz onlara dərzilik öyrədirik və onların əmək bazarına çıxışına töhfə verməyə çalışırıq”.

“İndi cənnətə düşmüşəm”

Təranə danışır ki, hələ ərindən gizləndiyi vaxtlarda bir gün onu uşaqları ilə birlikdə Binəqədi Rayonu İcra Hakimiyyətinə çağırıblar. 

“Dedim ki qorxuram, birdən yoldaşım gələr, orda hücum edər bizə. Vəkilim dedi ki, Rəbiyyə xanım var, onunla görüşdürəcəm sizi, birlikdə gələrsiz. Rəbiyyə xanımla belə tanış olduq. Bir gün də “Sapla” ilə bağlı elanını gördüm. Zəng vurub soruşdum ki, mən də gələ bilərəm? Beləcə “Sapla”da dərziliyi öyrəndim, indi əl işlərimizi satırıq”.

Təranə deyir ki, qadınlar zorakılığa dözürsə, öldürülürsə, hamısı qorxduqları üçündü. Onun fikrincə, qadının azadlığı içindəki həmin qorxudan azad olduğu zaman başlayır:

“Mən də yaşamışam, bilirəm, insan o qədər qorxu keçirir ki. O qədər pis sözlər eşidir, döyülür, ölümlə təhdid edilir. Buna görə də qorxur ki, boşansa başına nələr gələr. Amma heç nə də olmur. Mən özümdən götürürəm. Min şükür bu günümə, özüm qazanıram, uşaqlarımı yedizdirirəm, geyindirirəm, təhsil alırlar, çox xoşbəxt yaşayıram uşaqlarımla. On üç il evli olduğum müddətdə mən cəhənnəm yaşamışam. İndi cənnətə düşmüşəm”.

“Mediaşəbəkə”nin dəstəyilə

Bənzər yazılar

0.21494698524475