Sədərək Ticarət Mərkəzindəki sahibkarlardan NARAZILIQ: "Deyirlər, ya pulu ödə, ya da mağazanı bağla"

 23-06-2022

Sədərək Ticarət Mərkəzində fəaliyyət göstərən və ya burada mağazası olan sahibkarlardan bəziləri ticarət mərkəzinin rəhbərliyinin onları hədələdiyini iddia edirlər. Bu barədə MillətinSəsi.info-a sahibkarların özləri məlumat veriblər.

Belə halla üzləşən iqtisadçı-ekspert, həm də Sərədəkdəki sahibkarlardan biri olan Eyyub Kərimli saytımıza açıqlamasında bildirib ki, əvvəlcə təmir aparacaqlarını deyib, razı olmayanları mağazaları bağlamaqla hədələyiblər:

“İyun ayının 1-dən bazarın nümayəndələri gəldilər ki, “Şirniyyat” adlanan hissədə mağazalar təmir olunacaq. Sahibkarların əksəriyyəti razı olmadı. Razı olmayanları mağazalarını bağlamaqla hədələdilər. Ona görə də, sahibkarlar məcbur razılıq verdi və həmin vaxt təmirə görə ödənişin hissə-hissə ödənilməsi barədə razılığa gəlindi.

İndi də gəlib, pulu 2 və ya 3 dəfəyə ödəməyimizi tələb edirlər. Bu böyük məbləğdir. Şəxsən mənim özümdən 7 400 manat pul istəyiblər. Etiraz edəndə də, deyirlər, çək, bağla. Obyekt qanuni olaraq mənim mülkiyyətimdədir. İndi də gəliblər ki, bağlayırıq. Mən səndən obyektin böyüdülməsini tələb etməmişəm axı. Deyirlər ki, Fövqəladə Hallar Nazirliyinin göstərişidir. FHN-in göstərişinə vaxtında bir çarə qılmaq lazım idi”.

Sözügedən iddialarla bağlı Sədərək TM-nin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim Yeniavaz.com-a açıqlama verib. O iddiaları əsassız adlandırıb:

“Bu, sahibkarların öz təşəbbüsü ilə baş verən bir şeydir. Mağazaların qarşısında köhnə palatkalar qoyulmuşdu. Fövqəladə hallar zamanı o palatkalar darısqallıq yaradırdı. 1-ci və 2-ci zonada bu işlər başa çatıdırılıb. Genişlənib və palatkalar yığışdırılıb. Heç bir narazılıq da olmayıb. Mən o iddiaları təkzib edirəm. Onlara şərait yaradılıb. Ödənişlər hissə-hissə aparılır. Mən o işi aparanlara çatdırmışam. Belə hallar olsa, yoluna qoyulacaq. Mağazaların bağlanması ilə hədələnmə iddiaları əsassızdır. Bu işlər Nazirlər Kabinetinin yanğın təhlükəsizliyi ilə bağlı qərarı əsasında həyata keçirilir. Tək-tək narazılıqlar varsa da, bunu kütləvi hesab eləmək olmaz”.

Bənzər yazılar

0.21342515945435