Niyə quru sərhədlər AÇILMIR? - AZAL-ın hökumətə təzyiq etməsi İNANDIRICI DEYİL

 21-06-2022

Hazırda ölkə mətbuatında, eləcə də sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri, bəlkə də birincisi Azərbaycanın qonşu ölkələrlə quru sərhədlərinin açılmamasıdır. Maraqlı burasıdır ki, pandemiya ilə bağlı qadağaların əksəriyyəti ləğv olunsa da, quru sərhədləri bağlı olaraq qalır. Bunun hansı səbəbdən baş verməsi ilə bağlı isə nə Nazirlər Kabineti, nə qurumun tabeliyində fəaliyyət göstərən Operativ Qərargah heç bir rəsmi açıqlama vermir.

Yeni Azərbaycan Partiyasında təmsil olunan millət vəkili və Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, həmçinin Aqrar siyasət komitələrinin üzvü Aydın Hüseynov məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verib.

O bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) pandemiyanın bitməsi ilə bağlı hər hansı qərarı olmadığından quru sərhədləri bağlı olaraq qalır: “Mən belə hesab edirəm ki, bu, hökumətin səlahiyyətində olan məsələlərdir. Çox güman ki, pandemiyanın yekunlaşdığına dair Ümumdünya Səhiyyə Təşkilatının rəsmi bir qərarı yoxdur. Bu pandemiya ilə bağlıdır. Digər tərəfdən mən hesab edirəm ki, müəyyən yumşaldıcı tədbirlər həyata keçirmək olar.

Kiminsə xəstəsi varsa, kiminsə rəhmətə gedəni varsa, bunların gəlib-getməsi üçün müəyyən şərait yaradılır. Hansı səbəbdən quru sərhədləri bağlanmışdı? Pandemiyaya görə. Ümumdünya Səhiyyə Təşkilatı da pandemiyanın başa çatması ilə bağlı bir fikir yürütməyib. Mən hesab edirəm ki, yəqin bununla bağlıdır”.

Deputat sosial şəbəkə istifadəçiləri və bəzi tanınmış şəxslər tərəfindən səsləndirilən quru sərhədlərinin açılmamasından AZAL-ın (“Azərbaycan Hava Yolları” QSC) mənfəət götürməsi ilə bağlı iddialara isə belə reaksiya verib: “AZAL bir şirkətdir. Şirkətin hökumətin qərar çıxarmasına təzyiq etməsi, yaxud da onu nəzarətdə saxlaması inandırıcı deyil”.

İqtisadçı-ekspert Rövşən Ağayev isə bildirir ki, quru sərhədlərinin açılmamasının səbəblərindən biri AZAL və ya Buta kimi şirkətlərin maraqlarına xidmət etmək ola bilər: “Başqa əsas səbəblərdən biri də budur ki, insanlar daha ucuz və keyfiyyətli turizm məkanları kimi Gürcüstana, ordan da Türkiyəyə keçib həmin yerlərdə pul xərcləməsinlər. Həm kənarda valyuta xərcləməsinin qarşısını almağa, həm də əsasən oliqarxiyanın mülkiyyətində olan turizm obyektlərinə qazanc verməyə çalışırlar. O turizm obyektləri ki, keyfiyyətə və qiymətə görə adını çəkdiyim qonşu ölkələrə uduzurlar”.

Məsələ ilə bağlı fikirlərini öyrənmək üçün Ümid Partiyasının sədri İqbal Ağazadə ilə də əlaqə saxladıq. Partiya sədri bildirdi ki, quru sərhədlərinin açılmamasının səbəbi ilə bağlı sual ancaq hökumətə verilməlidir: “Mənim verəcəyim sual təxminlər və gümanlar ola bilər. Mətbuat hökumətə təzyiq göstərməlidir ki, səbəblərini deyin, niyə quru sərhədlər açılmır?”

Qeyd edək ki, bununla bağlı açıqlama almaq üçün Nazirlər Kabinetinin müvafiq şöbəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Bənzər yazılar

0.19824504852295