Bakıda uşaq sığınacağına iki dəfə polis çağıran QADIN KİMDİR? - VİDEO

 21-06-2022

Bakıda beş gün əvvəl Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən azyaşlı uşaq Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilib. Bundan sonra bir qadın həmin sığınacağın qarşısına gələrək övladının oğurlandığını deyib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşlarını çağıran qadın gələn polislərə də hədə-qorxu gəlib və təkrar “102” Xidmətinə zəng vurub.  

Məsələ barədə Oxu.Az-a açıqlamasında sığınacağın rəhbəri Kəmalə Ağazadə bildirib ki, uşağın Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə, ailənin vəziyyətinə uyğun qiymətləndirilərək müəssisəyə gətirilməsinə qərar verilib.

O deyib ki, prosesdə Abşeron RPİ əməkdaşları da iştirak ediblər:

“Qadını həkim-psixiatr briqadası ilə aidiyyəti üzrə tibb müəssisəsinə yerləşdiriblər. Uşaq gətiriləndə çox pis vəziyyətdə idi. Təcili yardım çağırdıq, uşağa həkim baxışı keçirildi. İlkin dəyərləndirmə və müşahidələr onu göstərir ki, uşaq uzun müddət yuxu dərmanlarının təsiri altında olub. İki yaş səkkiz aylıqdır, lakin öz yaşına uyğun olaraq fikrini aydın izah edə bilmir. Çox çətinlik çəkir. Artıq beş gündür ki, uşaq bizdədir.

Lakin iki gün sonra ana yerləşdirildiyi tibb müəssisəsindən buraxılıb. Səhiyyə Nazirliyinin aidiyyəti müəssisəsi bu qadını necə evə buraxa bilib? Sosial şəbəkələrdə videodan da görürsünüz. Qadın bir neçə dəfə gəldi, səs-küy yaratdı. Mən hələ proseslərin çox yumşaq hissəsini ictimailəşdirdim”.

K.Ağazadə məsələ barədə dərhal polisə məlumat verdiyini də bildirib:

“Qadın özü də polisə zəng edərək şər-böhtan atırdı. Heç ona yaxın gedən olmamışdı. Çünki görürük ki, ruhi xəstədir. Qadının adı M.Bəhrəmovadır, mən gözləyirəm ki, nazirlik açıqlama versin ki, bu vəziyyətdə bir qadın necə küçədə gəzə bilir?”

“Qadının davranışları ruhi əsəb xəstəsi olduğunu deməyə əsas verir. Ehtimal edilir ki, narkotik vasitə də istifadə etmiş ola bilər. Qonşularının mənə dəfələrlə yazdığı məlumatlarda həmin qadının içki düşkünü, yüngül həyat tərzi keçirən və hətta narkotik vasitə istifadəçisi olduğu bildirilib. Dünən gecə saatlarında 7-ci bölmədən yenə mənə zəng gəldi ki, qadın gedib oraya və uşağının oğurlandığını iddia edib. Mən görüntüləri polislərə geniş formatda göndərdim. Əminəm ki, o bu gün də sığınacağa gələcək və bizə hədə-qorxu gəlməyə başlayacaq”, - deyə K.Ağazadə qeyd edib.

Bakıda sığınacaq qarşısında uşağının oğurlandığını iddia edən qadın barədə Respublika Psixiatriya Xəstəxanasından açıqlama verilib.

Xəstəxanadan  bildirilib ki, 1984-cü il təvəllüdlü, Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan Bəhrəmova Jalə Bəhrəm qızı 16.06.2022-ci il tarixdə saat 17:25-də təcili tibbi yardım vasitəsilə xəstəxanaya qəbul olunub:

“Jalə Bəhrəmova qəbul olunarkən davranışı, psixi vəziyyəti və hansısa narkotik preparatdan istifadəsi barədə heç bir rəsmi sənəd (qonşuların ərizəsi, hüquq-mühafizə orqanlarının rəsmi məktubu, xəstənin psixiatriya stasionarında qeyri-könüllü yerləşdirilməsi haqqında məhkəmə qərarı) təqdim olunmayıb. 

18.06.2022-ci il tarixdə qardaşının iştirakı ilə Jalə Bəhrəmova Həkim Məsləhət Komissiyasına təqdim olunub, şikayətləri dinlənilib, psixi vəziyyətinə uyğun olaraq ona müvafiq diaqnoz təyin olunub. Təyin olunmuş diaqnoz, “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, xəstənin psixiatriya stasionarında qeyri-könüllü yerləşdirilməsinə əsas vermədiyi üçün Jalə Bəhrəmova 18.06.2022 -ci il tarixdə saat 13 radələrində qardaşının müşayiətilə evə yazılıb”.

Bənzər yazılar

0.45626497268677