General Hikmət Həsənovun köməkçisi hakim önünə çıxarılıb

 19-08-2023

Tərtərdə yüzlərlə hərbçiyə qarşı kütləvi işgəncədə ən çox adı çəkilən general, o dönəm korpus komandiri olmuş Hikmət Həsənovun köməkçisi Fuad Ağayev avqustun 17-də məhkəmə önünə çıxarılıb. Tərtərdə 2017-ci ildə bu olaylar yaşandığı zaman F.Ağayev həm generalın köməkçisi, həm də korpusun hüquqşünası olub.

Fuad Ağayev dörd nəfərlə – Qurban CümşüdovCavid AğadadaşovFuad Axundov və Ramil Əhmədovla birlikdə mühakimə olunur. Bu işi Bakı Hərbi Məhkəməsinin hakimləri araşdırır. Tərtərdə altı il öncə baş vermiş olaylarla bağlı 2021-ci ilin dekabrında yenidən istintaq aparılandan sonra məsuliyyətə cəlb olunanlar bir neçə qrupa bölünüb və işləri bölüm-bölüm məhkəməyə göndərilib. Hazırda Bakı Hərbi Məhkəməsində "Tərtər işi" üzrə toplam 13 nəfərin mühakimə edildiyi üç qrupun məhkəməsi gedir.

F.Ağayev və onunla birlikdə məhkəmə önünə çıxarılanlardan Cümşüdov və Ağadadaşov daha öncə Tərtərdəki işgəncələrə görə mühakimə edilib və cəza da alıblar. Ağayevə 10 il, onların hər birinə isə 6 il həbs cəzası kəsilib. Ancaq 2021-ci ildə istintaq təzələnəndən sonra yeni hallar üzə çıxıb. Bu üzdən onlara yeni ittihamlar verilib.

Məhkəmədə məlum olub ki, bu iş üzrə 317 nəfər zərərçəkmiş kimi tanınıb. Başqa deyimlə, bu beş nəfər təqsirləndirilən onlara işgəncə verməkdə suçlanır. Üstəlik, işgəncə nəticəsində həyatını itirənlərin dörd ailə üzvü də hüquqi varis sifətində məhkəməyə qatılacaq.

Tərtərdə işgəncədən ölən daha bir hərbçinin - Elçin Quliyevin anası Validə Əhmədova digər qrupun məhkəməsində zərərçəkmiş kimi tanınsa da, Fuad Ağayevgilin işində bu statusda deyil. O, məhkəməyə ərizə verərək bu işdə də zərərçəkmiş qismində iştirakına icazə verilməsini istəyib. Məhkəmə Əhmədovanı bu məhkəmədə zərərçəkmiş qismində tanımaqdan imtina edib.

Zərərçəkmişlərdən bir neçəsi məhkəməyə gəlib-getməklə bağlı maddi çətinlikləri olduğunu vurğulayaraq bununla bağlı məhkəməyə ərizə veriblər. Onlar gediş-gəliş, qalmaq xərclərinin qarşılanması üçün məhkəmənin tədbir görməsini istəyirlər.

Təqsirləndirilənlərin vəkilləri prosesdə hərbi sirr, dövlət sirri səsləndirilə biləcəyindən məhkəmənin qapalı keçirilməsini xahiş ediblər. Ancaq zərərçəkənlər prosesin qapalı keçirilməsi ilə razılaşmadığından məhkəmə də qapalı prosesə razılıq verməyib. Beləliklə, 2017-ci ildə Tərtərdə yüzlərlə hərbçiyə işgəncə verilməsi, onlardan bir neçəsinin ölümü ilə bağlı daha bir məhkəmə istintaqı avqustun 31-dən başlanacaq.

"Tərtər işi" üzrə digər iki qrupun hər birində dörd nəfər mühakimə olunur. Onların arasında Tərtərdə hərbi hissə komandiri olmuş polkovnik Vüsal Ələsgərov, hərbi hissənin keçmiş qərargah rəisi Rəşid Niftəliyev, müddətdən artıq xidmət etmiş hərbçilər var. Mühakimə olunanların heç biri özünü təqsirli saymır.

Cinayət işinin materiallarından, məhkəmədəki dindirmələrdən 2017-ci ilin mayında hadisələr baş verərkən korpus komandiri Hikmət Həsənovun Tərtərdə hadisə yerində olduğu bilinib. O, 2021-ci ilin avqustunda korpus komandiri vəzifəsindən azad edilərək Hərbi Akademiya rəisinin müavini təyin olunub.

Mənbə Azadlıq radiosu

Bənzər yazılar

1.3051161766052