Zərdab Rayon İcra Hakimiyyəti Zərdab şəhəri Heydər Əliyev prospektində yolların əsaslı təmiri işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Valyuta.az xəbər verir ki, tenderin qalibi “Avtoyoltikintiservis” MMC seçilib. İcra Hakimiyyəti təmir işlərinə görə şirkətə 126 330,8 AZN ödəyəcək.
“Avtoyoltikintiservis” MMC 16 mart 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN, qanuni təmsilçisi isə Məmmədov Ramin Adil oğludur.
Şirkət və qanuni təmsilçisi barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.
Tenderin şərtlərindən məlum olur ki, 126 min manata görüləcək təmir işləri frez maşını ilə köhnəlmiş asfaltın qaşınması və avtomaşına yüklənməsi, 5 km məsafəyə daşınması, yolun bitumlanmas, iri dənəli asfaltbetondan 4 sm qalınlığında örtüyün vurulması və əlavə xırda dənəli asfaltbetondan 2 sm qalınlığında örtüyün vurulmasından ibarətdir.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadədir. O, 2019-cu ildə bu vəzifəyə təyin edilib. Mərdan Camalzadə Azərbaycanın müdafiəsi sənayesi naziri olmuş mərhum Yavər Camalovun qardaşıdır.