Lənkəranda Taleh Qaraşovdan 700 minlik təmir - Ötən il milyon yarım xərclənib

 16-08-2023

Lənkəran Şəhər İcra Hakimiyyəti şəhər və rayon ərazisindəki küçə, park və xiyabanlarda təmir işlərinə başlayır. 

Qaynarinfo.az xəbər verir ki, qurumun bununla bağlı keçirdiyi tender başa çatıb. Tenderin qalibi "Mars Construction” MMC seçilib. İcra Hakimiyyəti təmir işlərinə görə şirkətə 699 284,57 AZN ödəyəcək.

"Mars Construction” MMC 10 avqust 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 37, mənzil 21-də yerləşir. MMC-nin qanuni təmsilçisi Kamranov Kamran Bilal oğludur. 

"Mars Construction” MMC təsis ediləndə adı "Mars-B” MMC olub. 20 oktyabr 2022-ci ildə şirkətin adı dəyişdirilib. 

Kamran Kamranov 24 may 2023-cü il tarixdən şirkətin qanuni təmsilçisidir. Ona qədər şirkətin 4 qanuni təmsilçisi olub. Həmin şəxslər aşağıdakılardır:

Abbasov Ərşad Qniyaz oğlu
Məmmədov Elçin Əlizamin oğlu
Səmədov Elməddin Telman oğlu
Feyzullayev Anar Məzahim oğlu

Kamran Kamranov daxil bu şəxslərin heç bir haqqında açıq mənbələrdə hər hansı məlumata rast gəlinmir. 

"Mars Construction” MMC də sirli şirkətdir. Barəsində heç bir məlumat yoxdur. 

Bununla belə şirkət tenderlərdə fəal iştirak edir. 2023-cü ilin 8 ayı ərzində "Mars Construction” MMC 5 tenderin qalibi olub. Bura indi haqqında bəhs etdiyimiz müsabiqə də daxildir. 

Lənkəran Şəhər İcra Hakimiyyəti ötən il Lənkəranda abadlıq, quruculuq, yenidənqurma və təmir işləri ilə bağlı 4 satınalma müqaviləsi imzalayıb. Bu müqavilələrin toplam maliyyə dəyəri 1 392 643, 99 AZN-dir. 

Beləliklə, ötən abadlıq və təmir işlərinə milyon yarıma yaxın vəsait xərclənsə də, icra hakimiyyəti bu il yenidən tender keçirməyə ehtiyac duyub. 

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovdur. O, 2012-ci ildən Lənkərana rəhbərlik edir. 

Taleh Qaraşovun icra başçısı kimi karyerası isə 1996-cı ildən başlayır. O, 1996-2002-ci illərdə Kürdəmirin, 2002-2006-cı illərdə Cəlilabadın, 2006-2011-ci illərdə Neftçalanın, 2011-2012-ci illərdə isə Astaranın icra başçısı olub. 

Bənzər yazılar

0.11412501335144