Xanlar Vəliyev istefa verməməlidir, MÜHAKİMƏ OLUNMALIDIR - ŞOK İTTİHAM

 18-06-2022

“Mənə istefa çağırışı etmək absurddur. Mən o işgəncələrin qarşısını alan adamam. Mən olmasam, Allah bilir nələr olacaqdı. Mən niyə istefa verməliyəm?”. Bu, Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin iyunun 16-da “Tərtər işi”ndən zərərçəkənlərin və bu işin araşdırılmasını istəyən bir qrup insanın keçirdiyi aksiyaya verdiyi reaksiyadır.

Xanlar Vəliyevin sözlərinə görə, prokurorluq aksiya iştirakçılarını qəbul edib: “Məlum oldu ki, onların arasında dövlətə xəyanət ittihamı ilə cəza çəkən şəxslərin yaxınları, həmçinin qazi adı ala bilməyənlər, hansısa nazirlikdən şikayətçi olanlar var. Bir neçə nəfər də var ki, onların şikayətləri araşdırılır. Bu barədə Baş Prokurorluqdan soruşa bilərsiniz. Çünki İstintaq Qrupu Baş Prokurorluqda yaradılıb”.

Ancaq X.Vəliyev “Tərtər işi” ilə bağlı müxtəlif dövrlərdə bir-birinə zidd açıqlamalar verib. O, ötən ilin aprelində bildirmişdi ki, “Tərtər işi” ilə bağlı işgəncələr haqda deyilənlər yalandır: “Ümumiyyətlə, hesab edirəm ki, bu nağıldır və kim danışırsa, nağıl söyləyir”.

Bu açıqlamadan 7 ay sonra isə o, tamamilə əks mövqe sərgiləmişdi: “Tərtərdə kütləvi şəkildə hərbçilərə qarşı qeyri-qanuni formada işgəncə tədbirləri həyata keçirilib”.

Hüquqşünas Yalçın İmanov hərbi prokurorun son bir ildə fərqli mövqelər sərgiləməsini onun məsuliyyətdən yayınmasına xidmət etdiyini düşünür.

Yalçın İmanov deyir ki, Xanlar Vəliyev belə açıqlamaları 2017-ci ilin may və sonrakı aylarında baş verən kütləvi və amansız qanun pozuntularında özünü kənara çəkməsinə xidmət edir:

“Amma “Tərtər işi”ni az-çox araşdıran bir şəxs kimi deyə bilərəm ki, zərərçəkən hərbçilər sorğulanma zamanı onlara münasibətdə yol verilən qanun pozuntularında Xanlar Vəliyevin adını sıx şəkildə dilə gətirirlər. Xüsusən Mingəçevirin aran bölgəsində baş verən qanunsuz sorğulanmalara və işgəncələrə bilavasitə hərb prokurorun rəhbərlik etməsi iddiaları şikayətçilərin izahatlarında əksini tapıb. Ona görə onun qısa müddətdə bir-birini təkzib edən fərqli mövqelərini anlamaq çətin deyil”.

Hüquqşünasın sözlərinə görə, “Tərtər işi”ndə digər hüquq-mühafizə orqanları ilə yanaşı, Hərbi Prokurorluq da ciddi məsuliyyət daşıyır:

“Söhbət Müdafiə Nazirliyindən, Dövlət Təhlükəsizlik Xidmətindən və Baş Prokurorluqdan gedir. Çünki bu iş adlarını çəkdiyim qurumların birgə istintaq qrupu çərçivəsində araşdırılır. Həm də ötən il yaradılan yeni istintaq qrupunun ilkin bəyanatında dediklərim bir daha təsdiqləndi. Ona görə də Vəliyev məsuliyyəti bölüşmək istəməyib özünü kənara çəkmək niyyəti güdür”.

Y.İmanov mövcud qanunvericiliyə əsaslanaraq bildirib ki, qanunda hökumətin işgəncə iddiaları və faktları səmərəli araşdırma öhdəliyi var:

“Bu öhdəlik həmin hadisələrə aidiyyatı olan bütün vəzifəli şəxslərin istintaqa cəlb edilməsi və cəzalandırımasına gətirib çıxarmalıdır. Həm Azərbaycanın yeni qanunvericiliyi, həm də qoşulduğu beynəlxalq konvensiyalarda bu öhdəliklər yer alıb”.

Hüquqşünas yeni İstintaq Qrupundan xüsusi gözləntisi olmadığını da deyib:

“Gözləntim də özünü doğrultdu. Çünki İstintaq Qrupu hadisəyə aidiyyatı olan vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində heç bir addım atmır. Görünən odur ki, belə də davam edəcək, səbəb də siyasi iradənin olmamasındadır. Yalnız az əhəmiyyətli, xırda fiqurları yenidən ittiham etməklə “Tərtər hadisələri”nin ağrılarını və miqyasını azaltmaq olmur. Əksinə, söhbət təkcə Xanlar Vəliyevdən getmir, bu işə aidiyyatı olan digər yüksək vəzifəli şəxslər də var”.

“Ona görə Azərbaycan hökuməti düşünməlidir ki, yüzlərlə qurbanın haqlı etirazları nəzərə alınmalı, onlar reabilitasiya olunmalı, onlara dəyən maddi-mənəvi zərər ödənməlidir. Həm də “Tərtər hadisələri”nin təkrarlanmaması üçün bu olaylarda mühüm rolu olan, o cümlədən, Xanlar Vəliyev özü də istintaqa cəlb edilməlidir. İstintaq onların məsuliyyət daşıyıb-daşımamasını tam, ədalətli və əhatəli şəkildə araşdırmalıdır”, – deyə hüquqşünas bildirib.

Hərbi ekspert Üzeyir Cəfərov isə Xanlar Vəliyevə 2021-ci ilin aprel-noyabr aylarındakı açıqlaması ilə dünənki reaksiyasını müqayisə etməyi məsləhət görür:

“Əgər Xanlar Vəliyev işgəncələrin qarşısını alıbsa, niyə işgəncə verənlərin və onlara rəhbərlik edənlərin adlarını açıqlamır? Hərbi prokuror unutmasın ki, o, bu məsələyə müdaxilə edənə qədər 1 nəfər ölmüşdü, ondan sonra 12 hərbçi işgəncə nəticəsində öldü. Sual yaranır, bəs qalanlarının ölümü necə baş verdi? Bu, işgəncənin qarşısını almaq, yoxsa işgəncə iştirakçısı olmaqdır?”.

“İkincisi, Xanlar Vəliyevə sual verilməlidir ki, işgəncələrdə adı hallanan Tərtərin hərbi prokuroru Binnət Məmmədovu hansı xidmətlərinə görə mərkəzi aparata gətirib? Ona görə də Xanlar Vəliyevin dünənki açıqlamasının heç yeri yox idi. Niyə onun istefasını tələb etmək absurd olsun, ortada faktlar var axı. Əgər Vəliyevin də faktı var idisə, insanların qarşısına çıxıb deyərdi. Yaxşı olardı, o, üzr istəyib tarixə düşərdi”, – ekspert belə deyir.

Üzeyr Cəfərov hesab edir ki, Xanlar Vəliyev xidmətdə olmanın son yaşını keçdiyi üçün istefa verməlidir.

Siyasi şərhçi Ərəstun Oruclu isə məsələyə qısa şərh verib:

“Xanlar Vəliyev düz deyir, o, istefa verməli deyil. Həbs olunaraq mühakimə edilməli və həyatını həbsxanada başa vurmalıdır”.

İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatının ötən ilin aprelin 13-də yaydığı bəyanatında qeyd olunurdu ki, “Tərtər işi” çərçivəsində ən azı 78 nəfər Azərbaycan vətəndaşı saxlanılıb və dövlətə xəyanət ittihamı ilə 12 ildən 20 ilədək həbs cəzasına məhkum edilib.

Təşkilat 2017-ci ilin mayında Azərbaycan Baş Prokurorluğunun, Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə bəyanatında istinad edərək bildirib ki, Ermənistan kəşfiyyatına casusluq ittihamı ilə bir qrup hərbçi və mülki şəxs saxlanılıb.

Bundan əlavə iyunun 28-də İşgəncə Qurbanlarına Dəstək Günü ərəfəsində Avropa Şurası Parlament Assambleyasının 24 üzvü Azərbaycanda işgəncələrin araşdırılması təşəbbüsü ilə çıxış etmişdi.

Sənəd müəllifləri “Tərtər işi”ndə miqyaslı işgəncələr faktı ilə əlaqədar araşdırmaların zəruriliyini vurğulayıblar

Bildirilib ki, 200-dən artıq hərbçi bu işin qurbanı olub, onlardan 11-i vəfat edib: “Bundan sonra həbsdə olan hakimiyyət tənqidçilərinə qarşı qeyri-insani rəftarın və işgəncələrin olması barədə xəbərlər yayılıb”.

Mənbə Meydan TV

Bənzər yazılar

0.43789100646973