Qalmaqallı xanım məktəb direktoru həbs edilmədi- həkimlə də cinayət əlaqəsi üzə çıxdı - TƏFƏRRÜAT

 13-03-2022

Siyəzən şəhər 6 nömrəli məktəb-liseyin direktoru olmuş Yeganə Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Mənimsəmə və rüşvət almaqda ittiham olunan Yeganə Əliyeva həbs edilməyib. Onun cinayət əməlləri başqa bir vəzifəli şəxsin cinayətlərini də üzə çıxarıb.

Musavat.com xəbər verir ki, Yeganə Əliyeva Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb.

Sabiq deputat Hadi Rəcəbli ilə fotosu yayılan Yeganə Əliyevanın qalmaqallı işi məktəbin bir qrup müəlliminin onun barəsində Təhsil Nazirliyinə şikayəti ilə başlamışdı. Etiraz edən müəllimlər deyirdilər ki, direktor məktəbdə ucdantutma rüşvət yığır, korrupsiya əməlləri ilə məşğuldur və pedaqoji kollektivin üzvlərini təhqir edir. Müəllimlər bildirirdilər ki, Yeganə Əliyeva məmurlarla əlaqələrindən istifadə edərək qanunsuz hərəkətlərini gizlədə bilirmiş. 

Onlar işlədikləri məktəbdə qanunsuz olaraq “fond pulu” adı altında haqq yığılmasından, külli miqdarda dövlət əmlakının direktor tərəfindən talanmasından şikayət edirdilər. Yeganə Əliyevanın əməlləri məhkəmə istintaqında da sübuta yetirilib, lakin ona ən yüngül cəza təyin edilib.

Araşdırmalar zamanı o da məlum olub ki, Yeganə Əliyeva hazırda Siyəzən Rayon Mərkəzi Poliklinikasında Ailə sağlamlıq Şöbəsində bölmə müdiri işləyən Töhfə Əzimova ilə də əlbir olaraq qanunsuz hərəkətlər ediblər.

Belə ki, Yeganə Əliyevanın istəyi ilə müəllimlərə məcburi bülleten yazıblar. Töhfə Əzimova məktəb direktorunun bu sifarişlərini yerinə yetirib. Burada məqsəd müəllimlərə ayrılan bülleten pullarının nağdlaşdırılması olub.

Müəllimlər məktəbdəki özbaşınalıqlar barədə prokurorluğa şikayət edən zaman istintaqda saxta bülleten verilməsi məsələsi də üzə çıxıb. Buna görə də Töhfə Əzimova məsuliyyətə cəlb olunub. Onun barəsində Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirli bilinib.

Araşdırma zamanı məlum olub ki, məktəbin müəllimləri İlhamə Əbdülova, Günel Bayramova və Nailə İbrahimovanın adına əmək qabiliyyətinin olmaması barədə vərəqələr yazılıb.

Müəllimlər ifadələrində bildiriblər ki, onların xəbəri olmadan bülleten yazılıb, amma işə çıxıblar. Bundan isə ayın sonunda- maaş köçməyən zaman xəbər tutublar. Direktor onlara tapşırıb ki, jurnalları özləri yox, başqa şəxslər yazsın. Adı çəkilən müəllimlərin uzun müddətli stajı olduğu üçün onları bülletenə çıxarıb ki, maaşları tam olaraq köçsün.

Məhkəmə Töhfə Əzimovanın səmimi peşman olmasını, yaşını, tək qadın olmasını, uzun müddət tibb sahəsində xidmət göstərməsini nəzərə alaraq onu 2 min manat cərimələyib.

Bənzər yazılar

0.20769500732422