“Bakı şəhər İcra başçısı Eldar Əzizov “Difai”dən kitab yazır, amma kitab yarmarkasının keçirilməsinə qadağa qoyur”.
MillətinSəsi.info xəbər verir ki, bunu “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu sosial şəbəkə hesabında etdiyi paylaşımda yazıb.
“Ramiz Mehdiyev də belə edirdi, demokratiyadan, dövlətçilikdən qalaq-qalaq kitablar yazırdı, əvəzində özünə və ətrafına lüks həyat, eləcə də 5-ci kolon yaradırdı. İndi nə əməllərini, nə də əmlakını və var-dövlətini hesablamaqla bitirmək olur”, - Ş. Xuduoğlu bildirib.
Naşir yazıb ki, iki ay məktubuna cavab verilməyib: “Sonra dedilər “Abadlıq xidməti”nə deyin, “Abadlıq” dedi ki, onların etirazı yoxdur. Bəhanə kəsiləndə “adamların bir yerə yığılmasını istəmirik” dedilər.
Tiflisdə Rustaveli küçəsi boya-boy sənətkarların, kitabçıların üzünə açıqdır. Heç icazə də istənilmir. Bütün böyük şəhərlərdə əl işləri və kitab sərgilərinə küçə və parklarda şərait yaradırlar. Eldar müəllim isə özünü intelektual sayır, “hamı Hararini oxumalıdır” deyir, amma kitaba qadağa qoyur.
Sabir heykəlinin yanında olmaz, Fontanlarda olmaz, Bulvarda olmaz; bu qədər dövlət vəsaitləri hesabına parklar salınır, bulvar tikilir ki, orda kitab olmasın! Bəs bu yetim Azərbaycan kitabına harada sərgi keçirək? Bizim kitaba böyük hörmətimiz var deyirlər. Hörmətiniz budurmu?”