Prezidentin Qazax səfərindən - Video

 07-08-2023

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev avqustun 7-də Qazax rayonuna səfər edib.

Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Qazax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazax rayonunda yenidən qurulan Qarapapaq-Çaylı avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Uzunluğu 19 kilometr olan Qarapapaq-Çaylı avtomobil yolu dördüncü texniki dərəcəyə uyğun yenidən qurulub. Qazax rayonu ərazisində üç yaşayış məntəqəsini birləşdirən bu yolun yenidən qurulması nəticəsində 14 mindən çox əhalinin rahat gediş-gəlişi təmin olunub, yük və sərnişin daşınması asanlaşıb.

Layihə çərçivəsində yol boyunca torpaq, qazma işləri görülüb. Yolun torpaq yatağının eni 10 metr, hərəkət hissəsi isə altı metrdir.

Prezident İlham Əliyevə Fərəhli avtomobil yolunun əsaslı təmiri layihəsi də təqdim olunub.

Qazax rayonunun Qazax-Yuxarı Əskipara avtomobil yolunun 13-cü kilometrliyindən ayrılan Fərəhli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq görülən yenidənqurma işləri yekunlaşıb.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanış olub.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.

Dövlətimizin başçısına kompleksdə yaradılan şərait barədə məlumat verilib.

Bildirilib ki, 20,5 hektar ərazini əhatə edən hərbi hissə kompleksinə qərargah binası, beş binadan ibarət 146 mənzilli yaşayış kompleksi, yeməkxana, hamam, camaşırxana və tibb məntəqəsindən ibarət əsgər yataqxanası, şəxsi heyətin xidmətinin yüksək səviyyədə aparılması üçün lazımi şəraitlə təmin edilmiş iş otaqları daxildir. Bununla yanaşı, kompleksin ərazisində helikopter meydançası, hərbi texnikaların saxlanması üçün avtomobil parkı, avtomobilyuma və yanacaqdoldurma məntəqələri, silah, ərzaq və əşya-geyim anbarları, içməli su anbarı, qazanxana binası mövcuddur.

Qeyd edildi ki, kompleksin idman şəhərciyində hərbi qulluqçuların idmanla məşğul olmaları üçün zəruri avadanlıq quraşdırılıb və voleybol meydançası yaradılıb.

İstilik sistemi, daimi su və elektrik enerjisi ilə təmin edilən kompleksdə ehtiyat generatorlar quraşdırılıb. Ərazidə əsaslı tikinti-abadlıq işləri aparılıb, 23 min kvadratmetr sahə asfaltlanıb, geniş yaşıllıq salınıb, ağaclar əkilib.

Xidmətin yüksək səviyyədə aparılması, şəxsi heyətin döyüş qabiliyyətinin təkmilləşdirilməsi, peşəkar vərdişlərinin daha da inkişaf etdirilməsi üçün hərtərəfli şərait yaradılıb.

Dövlətimizin başçısına, həmçinin, “Qazax” Əlahiddə Sərhəd Diviziyasının xidməti istifadəsinə verilmiş silah arsenalı, döyüş texnikaları, yüksəkkeçidli nəqliyyat vasitələri, zirehli və avtomobil texnikası, tibb avtomobilləri nümayiş etdirildi.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış olub.

ADA Universitetinin rektoru Hafiz Paşayev dövlətimizin başçısına Qazax Müəllimlər Seminariyasının tarixi və Mərkəzdə yaradılan şərait barədə məlumat verib.

Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci il noyabrın 3-də Qazax Müəllimlər Seminariyasının 100, 2013-cü il fevralın 14-də isə Firudin bəy Köçərlinin 150 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb.

ADA Universiteti Seminariyanın tarixi binasının və onun maarifçi missiyasının bərpası təşəbbüsü ilə çıxış edib. 2021-ci ilin oktyabrında başlanılan bərpa işlərinə Heydər Əliyev Fondu, Azərbaycan Sahibkarlar Konfederasiyası, Amerika Azərbaycan Cəmiyyəti cəlb olunublar. 

Gələcəkdə ADA Universiteti tərəfindən Qazax Mərkəzində 10-11-ci siniflərin təhsil alacağı müasir tipli Yeni Məktəbin qurulması, bir neçə bakalavr ixtisasının açılması və kollecin təsis edilməsi nəzərdə tutulur.

Hazırda mərkəzdə fəaliyyət göstərən magistr proqramlarının tədrisinə ADA Universitetinin müəllim və professor heyəti cəlb olunub. Onlar mütəmadi olaraq Qazax şəhərinə ezam edilirlər. Bu məqsədlə mərkəzin tədris kompleksində Universitet tərəfindən Müəllimlər Evi tikilir. Tikintisi başa çatmaqda olan Müəllimlər Evi ADA Universitetinin Mərkəzdə çalışan bölgələrdən olan daimi əməkdaşları və ezam edilən müəllim heyəti üçün nəzərdə tutulub.

Dövlət başçısının səfərindən videonu təqdim edir:

 

 

Bənzər yazılar

0.36902284622192