Hələ ötən il maliyyə naziri Samir Şərifovun köməkçiləri və müşavirləri haqda mediada “onlar maliyyə nazirinin köməkçisi və müşaviri imiş” deyə bir informasiya yayılmışdı. İnformasiyanın məğzi nazirin “köməkçisi”, yaxud “müşaviri” vəzifəsinin olmasından daha çox, bu vəzifəni daşıyanların “görünməməsi” idi. Xüsusilə Elman Mehdiyevin Maliyyə Nazirliyində özünə “isti” yer düzəldərək, “gizləndiyi” bəlli məsələdir və bu reallıq cəmiyyət tərəfindən çox da bilinməsə də, ancaq mediaya yaxşı məlumdur…
O da məlumdur ki, Elman Mehdiyevin keçmişi heç də təmiz deyil. Axı onun dost və müəllim hesab etdiyi keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun hansı əməllərinə görə həbs edildiyi hər kəs tərəfindən bilinən və rəsmi təsdiqini tapmış faktlardır. Necə olur ki, uzun illər Səlim Müslümovun “sağ əli” olan Elman Mehdiyev bu gün Maliyyə Nazirliyində yüksək vəzifə tutmağa davam edir?!
Elman Mehdiyevin keçmişinə boylanmağa əsas yaradan sualdır. Hələ 2002-ci ildə Səlim Müslümov Dövlət Sosial Müdafiə Fondunun sədri təyin olunanda tələbəsi olaraq gördüyü Elman Mehdiyevi etibarlı kadrı kimi DSMF Aparatında şöbə müdiri vəzifəsinə qoyub.
O, 2009-cu ildə DSMF-də sədr müavini, 2014-2015-ci illərdə isə Səlim Müslümovun dəstəyi ilə DSMF-nin sədri vəzifəsinə yüksəlib.
Birinci məqam odur ki, Səlim Müslümov müxtəlif ittihamlarla həbs edildiyi halda onun əsas adamı necə cəzadan yayına bilib. Çünki Elman Mehdiyev Səlim Müslümovu dostu və müəllimi hesab edib və onun “sağ əli” kimi nazirlikdə və DSMF-də əsas söz sahibi olub. Hətta, qeyri-qanuni fəaliyyətlərdə birbaşa iştirak edən şəxs olduğu haqda da məlumatlar var.
İkinci məqam odur ki, Səlim Müslümovun kadrı necə maliyyə nazirinin müşaviri postuna təyin edilib? Axı onun “dostu və müəllimi” qanunsuz əməllərinə görə həbs edilmişdi və bu işdə Elman Mehdiyevin də əlinin olduğu aksiomadır.
Elman Mehdiyevin “dost və müəllim” dediyi Səlim Müslümova qarşı gizli fəaliyyətinə dair əldə etdiyimiz məlumatlar bütün bu məqamlara aydınlıq gətirməyə imkan verir.
Redaksiyamıza daxil olan məlumata görə, Elman Mehdiyev Səlim Müslümovun rəhbərliyi altında çalışdığı dövrdə özünü “dost” kimi göstərməyi bacarıb. Amma gerçəklikdə isə Səlim Müslümovu satan adam elə Elman Mehdiyevin özü olub. Xüsusilə də 2014-2015-ci illərdə Səlim Müslümovun dəstəyi ilə DSMF-nin sədri olandan sonra Elman Mehdiyev həmin vaxtdan başlayaraq, Səlim Müslümov haqqında kompramatlar toplayaraq, onları Maliyyə Nazirliyinə ötürürmüş.
Burada “kələfin ucu” açılır və hər şey gün kimi aydın olur. Deməli, Elman Mehdiyev öz müəllimini – Səlim Müslümovu Maliyyə Nazirliyinə cuğullayırmış. Sonradan Maliyyə naziri, yaxud nazirlikdəki maraqlı qruplar əldə etdikləri kompramatları Səlim Müslümova qarşı istifadə edib. Onun həbsindən dərhal sonra da əsas “agent” Elman Mehdiyev “qoruma altına” alınıb və maliyyə nazirinin müşaviri təyin edilib. Hazırda Samir Şərifovun himayəsi altındadır. E.Mehdiyevin 2011-ci ildən etibarən Baləkənin icra başçısı olan dayısı İslam Rzayevin də müdafiəsinin eyni qruplar tərəfində təşkil edildiyinə dair məlumatlar var.
O da məlum olur ki, Samir Şərifov olmasaydı, Elman Mehdiyev də Səlim Müslümov kimi barmaqlıqlar arxasında əyləşəcəkdi. Çünki bütün maxinasiya və qanunsuz əməllərdə əsas icraçı məhz Elman Mehdiyev olub…
Elman Mehdiyev cəzasız qaldı, hətta mükafatlandırıldı belə. İndi o, Maliyyə Nazirliyində “gizlənib” və onun keçmişinə baxdıqda eyni əməllərini bu nazirlikdə davam etdirmədiyinə dair heç kim zəmanət verə bilməz.
Müəllif Zaur Hacılı
Mənbə Demokrat.az