Həllini tapmayan qayınana-gəlin-baldız triadası: Psixoloq səbəbləri açıqladı

 01-08-2023

Tanınmış vəkil Babək Həmidovun sosial şəbəkə paylaşımı geniş müzakirəyə səbəb olub. B.Həmidov ən aktual və həllini hələ də heç kimin tapa bilmədiyi qayınana-gəlin-baldız üçbucağının tərəfləri arasında tərsmütənasibliyə diqqət çəkib.

O qeyd edib ki, boşanma səbəbi qayınana, baldız olan çox xanım görüb, lakin boşanma səbəbi qayınata, qayın olan bəy görməyib. Vəkilin sözləri xüsusilə xanımları qəzəbləndirib. Bəzi xanımlar kişiləri problemdən qaçmaqda günahlandırsalar da, bəziləri qayınana-gəlin münasibətlərinin pozulmasında birinci səbəbkar kimi qayınataları hədəf seçiblər...

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən tanınmış psixoloq Gülər Məmmədova isə deyib ki, Azərbaycan ailələrində mental dəyərlərə görə hər bir ailə üzvünün öz fərdi vəzifəsi, statusu var.

“Bu, mənim fərdi yanaşmamdır. Bəzən ailəyə gələn yeni insanı qəbullanmaq prinsipindən rollar, yanaşmalar dəyişilir. Eyni cinsdən olan qayınana, baldız gəlini ailəyə adaptasiya etdirmək üçün müəyyən mücadilələr aparırlar. Nəticədə isə gəlin-baldız-qayınana triadası hökm sürür. Ömür boyu elə tarixən bütün komediyalarımızda, səhnələrimizdə, filmlərimizdə qayınana və baldız rolları stiqma olaraq dəyərləndirilib və həmişə daha çox önə çəkilib. Çünki qadınlar emosional olurlar, öz fikirlərini çox rahat şəkildə ifadə edə bilirlər.

Qayınana və baldız qarşı tərəfi dəyişdirmək üçün, həm də öz doğmalarını bölüşə bilmədikləri üçün içlərində olan hissi, duyğunu daha tez büruzə verirlər, nəinki qayınata, qayın. Kişilərdə emosional sfera, empatiya qadınlara nisbətən daha fərqli olduğundan, yüksək dərəcədə inkişaf etmədiyindən daxillərindən qaynaqlanan fikirlərini arxa plana keçirə bilirlər, o qədər də büruzə vermirlər.

Əslində kişilər daha lakonik olduqlarından müəyyən məsələlərə bir az da əhəmiyyətsiz, tamam fərqli yanaşırlar. Bu da nisbi məsələdir. Elə ailələr var ki, baldız və qayınana daha sağlam düşüncəli olduqları təqdirdə qayınata, kürəkən çox yorucu olur. Bu, əslində fərdi yanaşmadır. Mən elə də böyük fərq qoymazdım. Amma ümumilikdə götürsək, bəli, qayınana-baldız stiqması vüsət alıb”, - psixoloq bildirib.

 

Bənzər yazılar

0.32192707061768