Səbail rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.
MillətinSəsi.info Yeniavaz.com-a istinadən istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “ARH Servıces” MMC (VÖEN- 1007583061) olub.
Müsabiqənin şərtlərinə görə, “ARH Servıces” MMC Gənclər və İdman İdarəsinə hədiyyələr satacaq və qarşılığında 49 min 485 manat alacaq.
Tender müsabiqəsində diqqət çəkən məqamlardan biri odur ki, qalib şirkət yeni yaranıb.
Səbail rayon Gənclər və İdman İdarəsi tender müsabiqəsini 23.05.2022-ci il tarixində elan edib. Qalib şirkət olan “ARH Servıces” MMC isə bundan təxminən 10 gün əvvəl - 13.05.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı “Binəqədi rayonu, Rəşid Behbudov, ev 1A, m. 17”-də yerləşir. Qanuni təmsilçisi Həsənov Arzu Müşfiq oğludur.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb.
Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Cəmi 10 gün əvvəl yaranan şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Qeyd edək ki, Gənclər və İdman İdarələri tərəfindən daha əvvəl də yeni yaranan, təcrübəsiz şirkətlər tenderin qalibi elan ediblər.
Aşağıdakı cədvəldə Gənclər və İdman İdarələri tərəfindən son 7-8 ayda keçirilən bəzi tenderlərin siyahıs yer alıb.
Tenderin qalibi olan ən “təcrübəli” şirkət tender elanından 4 ay əvvəl yaranıb. Hətta şirkətlərdən biri tender elanından sonra yaranıb.
Onu da qeyd edək ki, bu tenderlərin əksəriyyəti Fərid Qayıbov nazir təyin olunduqdan (7 sentyabr 2021-ci il) sonra həyata keçirilib. Nazirliyin tender müsabiqələrində “gənc” şirkətlər qalib elan edilir.
Xatırladaq ki, “Gənclər siyasəti haqqında” Qanunun 1-ci bəndində Gənclər siyasətinin nə olduğu açıq şəkildə yazılıb.
Belə ki, Gənclər siyasəti - gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin və təminatların yaradılmasına yönəlmiş tədbirlər sistemidir.