Azərbaycan yığması UEFA Millətlər Liqasında ilk qələbəsini QAZANIB -  VİDEO

 13-06-2022

Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirib. 

Canni De Byazinin baş məşqçi olduğu komanda Bakıda Belarusu qəbul edib. 

"Dalğa Arena"dakı qarşılaşmaya Azərbaycan millisi daha üstün başlayıb. 3-cü dəqiqədə Azər Salahlının zərbəsindən sonra top qapının yanından keçib. Ardınca qonaqlar fərqlənməyə yaxın olsa da, qapıçı Şahruddin Məhəmmədəliyev iki epizodda qola mane olub.

Epizodların birində Riçard Almeyda topu qapının üstündən vurub. Daha sonra Emin Mahmudovun cərimə zərbəsi təhlükəli alınıb, lakin qapıçı Pavel Pavlyuçenko topun qapıdan keçməsinə icazə verməyib. İlk hissənin sonlarında Şahruddin Məhəmmədəliyev növbəti dəfə komandanı real qoldan xilas edib. Komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

İkinci yarının əvvəlində də Azərbaycan yığması daha fəal olub. 46-cı dəqiqədə Abbas Hüseynovun zərbəsindən sonra top qapı dirəyinə dəyərək geri qayıdıb, Renat Dadaşovun zərbəsində isə dəqiqlik çatmayıb. 59-cu dəqiqədə zədələnən Eddi İsrafilovun yerinə meydana Coşqun Diniyev daxil olub. Mahir Emreli Renat Dadaşovu,  Anton Krivotsyuk isə Azər Salahlını əvəzləyib. 73-cü dəqiqədə Abbas Hüseynov yerini Namik Ələskərova, Riçard Almeyda isə Aleksey İsayevə verib. 

Azərbaycan yığması 76-cı dəqiqədə istəyinə çatıb. Mahir Emreli baxımlı qolla komandanı önə keçirib. 85-ci dəqiqədə qonaqlar hesabı bərabərləşdirməyə yaxın olsalar da, istəklərinə çata bilməyiblər. 87-ci dəqiqədə isə Ramil Şeydayev qapıçı səddini keçə bilməyib. Şeydayev 90+3-cü dəqiqədə topu rəqib qapıdan keçirməklə fərqi daha da artırıb. 

Beləliklə, rəqibini 2:0 hesabı ilə məğlub edən Azərbaycan yığması UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb. 

Azərbaycan - Belarus - 2:0

Qollar: Mahir Emreli, 76, Ramil Şeydayev, 90+3

21:34

Azərbaycan və Belarus yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur oyununda ilk qol vurulub. 

Azərbaycan millisi 76-cı dəqiqədə hesabı açıb - 1:0.

Mahir Emreli baxımlı qola imza atıb. 

21:02

Azərbaycan və Belarus yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur oyununda ikinci hissə başlayıb. 

Hələlik "Dalğa Arena"da oynanılan qarşılaşmada hesab açılmayıb - 0:0.

20:47

Azərbaycan və Belarus yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur oyununda ilk hissə başa çatıb. 

"Dalğa Arena"da keçirilən matçda komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar - 0:0.

20:04

Azərbaycan və Belarus yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin III tur oyunu başlayıb.

"Report"un məlumatına görə, "Dalğa Arena"dakı qarşılaşma saat 20:00-da start götürüb.

Görüşü Anastasios Papapetrunun rəhbərlik etdiyi yunanıstanlı hakimlər idarə edir.

18:35

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunda üz-üzə gələcək Azərbaycan və Belarus yığmalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Azərbaycan: 12 Magomedaliyev (GK) 3 Salahli 4 Mustafazade 8C Makhmudov 9 Dadaşov 11 Sheydaev 13 A. Hüseynov 14 Eddy 15 B. Hüseynov 18 J. Huseynov 20 Richard Almeida

Belarus: 12 Pavlyuchenko (GK) 2 Pechenin 3 Bacharou 4 Khadarkevich 5 Malkevich 6 Politevich 8 Shauchenka 9 Ebong 10 Bakhar 14C Yablonsk. 21. Klimoviç

Qeyd edək ki, "Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

10:54

Bu gün UEFA Millətlər Liqasında IV turun görüşləri keçiriləcək.

A Liqasının birinci qrupunda Danimarka (6 xal) millisi evində Avstriyanı (4 xal) qonaq edəcək. Digər oyunda isə Xorvatiya (4 xal) səfərdə fransızların (2 xal) qonağı olacaq.

Hər iki görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

B Liqasının 2-ci qrupunda da bu gün mübarizə davam etdiriləcək. Saat 22:45-də başlayacaq oyunda İslandiya evində İsraili qəbul edəcək. Qrupun digər oyunu isə baş tutmayacaq. Buna səbəb Rusiyanın yarışlardan kənarlaşdırılmasıdır. Belə olan halda isə baş tutmalı olan Rusiya-Albaniya qarşılaşması ləğv edilib.

C Liqasının üçüncü qrupunda qrup lideri Qazaxıstan (7 xal) evində ikinci yerdə qərarlaşan Slovakiyanı (6 xal) qəbul edəcək. Qrupun autsayderləri Belarus (2 xal)  və Azərbaycan (1 xal) milliləri münasibətlərə Bakıda aydınlıq gətirəcəklər. Qazaxıstan-Slovakiya matçı saat 18:00-da, millimizin qarşılaşması isə 20:00-da start götürəcək.

Bənzər yazılar

0.38018989562988