Aleksey Nejivoy: “Rusiya üçün Azərbaycan daha önəmlidir, bu göz qabağındadır”

 11-06-2022

Rusiyalı ekspert, Siyasi və Sosial Texnologiyalar Laboratoriyasının rəhbəri Aleksey Nejivoy hazırda Ermənistanda vəziyyətlə bağlı öz fikrini bildirib. 

O, MillətinSəsi.info-a müsahibəsində bildirib ki, hazırda ölkə və onun elitası regionda, dünya iqtisadiyyatında öz yerini axtarır.

“İndi Ermənistanda baş verənlər bilavasitə elitanın ölkə əhalisinin maraqlarına deyil, öz maraqlarına həddən artıq diqqət yetirməsinin nəticəsidir. Erməni istəblişmenti hazırda xarici və daxili situasiyanın, iqtisadi çətinliklərin təsiri altında aktiv şəkildə təkmilləşir, lakin müsbət inkişaf variantlarını görmür. Və bu zaman hər şeydə günahlandırıla bilən ümumi düşmən obrazı həmişə “kömək edir”.

Erməni elitasına daim gündəmdə qalmaq üçün iqtisadi əlaqələr qurmaq, insanların güzəranını yaxşılaşdırmaq sərfəli deyil. Uğursuzluqlarınızı və ölkədəki çətinlikləri üzərilərinə yaza biləcəkləri düşmənləri olmalıdır.

Ayrıca əlavə etmək istəyirəm ki, Azərbaycan Cənubi Qafqazda sabitlik məsələlərində Rusiya üçün strateji tərəfdaşa çevrilir. Bunun üçün isə Azərbaycanda hər şey yaxşı olmalıdır. Ermənistan isə ən yaxşı halda regionda dağıdıcı element kimi xarici qüvvələrin tələbat obyektidir. Ancaq dünyanın böyük oyunçuları hazırda bunda maraqlı deyil”, - deyə qeyd edib.

Ermənistanda sülhün, iqtisadi əməkdaşlığın sonsuz qarşıdurmadan daha yaxşı olduğunu başa düşəcək və bunu xalqa çatdıra biləcək kifayət qədər sağlam düşüncəli adamların olub-olmaması və hətta yerli Elmlər Akademiyasının erməni alimlərinin belə Qarabağın heç bir statusda Azərbaycanın tərkibində ola bilməyəcəyi ilə bağlı bəyanatlar verməsinə münasibət bildirən ekspert bu məqamda hər şeyin siyasi konyunkturadan asılı olduğunu bildirib.

“Bu insanlar bu gün Ermənistanı idarə edən elitanın simasıdır, bu, hakimiyyət orqanlarına sədaqət nümayişidir. Amma ümumilikdə Ermənistan çökmüş vəziyyətdədir”, - deyə o vurğulayıb.

“Mən bir neçə il əvvəl demişdim ki, Qarabağ məsələsi dövlətin, iqtisadi modelin uğuru məsələsidir. Kim siyasi və iqtisadi cəhətdən daha güclüdürsə, o da sonda qalib gələcək. Azərbaycan bu yarışda birmənalı şəkildə qalib gəldi. Amma Ermənistan öz yerini tapmayıb.

Ermənistan tərəfinin çoxlu variantı yoxdur. Rusiya üçün Azərbaycan daha önəmlidir, bu göz qabağındadır. Regionda uğurlu dövlətə çevrilmiş Azərbaycan Respublikası geosiyasi baxımdan Rusiya üçün sərfəli variant hesab olunur.

Bəli, Rusiya Federasiyası haradasa öz maraqlarından əl çəkməli olacaq, lakin Cənubi Qafqazda sabit təməli olacaq. Müəyyən mərhələdə Ermənistandan sadəcə olaraq heç nə soruşulmayacaq. Siyasət - mümkün olanın sənəti, güclü olanın haqqıdır. Bu ifadə hər şeyi deyir. Azərbaycanın güclünün haqqına sahibdir, Ermənistanda isə siyasi dağıntılar vəziyyəti daha da gərginləşdirir” – deyə Aleksey Nejivoy Rusiyanın bu məsələdə mövqeyi ilə bağlı fikirlərini ifadə edib.

Nair Əliyev

Bənzər yazılar

0.26009702682495