Diplomu saxta çıxdığı deyilən rektor Ədalət Muradov NİYƏ CƏZALANDIRILMAYIB?

 09-06-2022

Professor diplomunu qanunsuz yolla əldə etmiş Ədalət Muradov hələ də rektordur

Azərbaycanda ali təhsil verən universitetlərdə durumun hansı vəziyyətdə olduğu hər kəsə yaxşı məlumdur. Rüşvət və korrupsiyanın geniş yayıldığı ali təhsil ocaqlarından öndə gedənlərdən biri də Azərbaycan Dövlət İqtisad Universitetidir.

Hazırkı Azərbaycan Dövlət İqtisad Universiteti hələ sovetlər dönəmində filial olaraq fəaliyyət göstərirdi və rüşvətxorluq yuvası kimi aşkar edilərək, rəhbərliyin həbs olunduğunu yaşlı nəsil yaxşı xatırlayır. Ölkəmiz müstəqillik qazandıqdan sonra ADİU mötəbər ali təhsil ocağı kimi fəaliyyətə başladı və elə həmin illərdən külli miqdarda rüşvətlə saxta diplom satmaq, Dağıstanda fəaliyyət göstərən ADİU filialından saxta sənədlərlə tələbə köçürülməsi prosesi universitet rəhbərliyinin ən yaxşı qazanc mənbəyinə çevrildi.

ADİU ali təhsil müəssisəsindən daha çox uzun müddət deputat Şəmsəddin Hacıyevin ailə üzvlərinin və yaxınlarının gəlir mənbəyi çevrildi və tam isğal olundu. ADİU-da milyonlar mənimsəyən deputat rektor gözlənilmədən vəzifədən çıxarıldı, onun yerinə professor Ədalət Muradov təyin olundu.
Yeni rektor təyinatı hamıda ADİU-nun normal ali təhsil müəssisəsinə çevriləcəyi, tüğyan edən rüşvət və korrupsiyanın səngiyəcəyi düşüncəsi cücərdi.

Rektor Ədalət Muradov işə başladıqdan az sonra ataların yerində dediyi "sən saydığını say, amma gör, fələk nə sayır" məsəlini ADİU-da işə saldı və anormal hərəkətlərilə universitetin tələbə heyətinin ciblərini "təmizləməyə" başladı. Rektorun hərəkətindən cana doyan professor-müəllim heyəti şikayətlənməyə və rektorun çirkli fəaliyyətinə etiraz etməyə başladılar. Şikayət və etirazlar ölkə mətbuatında yer aldı və rektorun professor diplomunun saxta olduğu iddiası ortaya çıxdı.

Xatırladaq ki, «Təzadlar»ın Araşdırma Qrupu redaksiyaya daxil olmuş məlumat əsasında araşdırma apardı və rəsmi sənədlərlə təsdiq olundu ki, Azərbaycan Dövlət İqtisad universitetinin rektoru Ədalət Muradov 1998-ci ildə Ukraynada doktorluq elmi işini müdafiə edib, lakin bu diplomu 16 il sonra-26 dekabr 2014-cü ildə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasında tanıdıb.

Bu məsələdə ən dəhşətli hal odur ki, o, doktorluq diplomunu tanıtmamışdan bir ay əvvəl, yəni 21 noyabr 2014-cü ildə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasından professor diplomu alıb. Bəs bu necə ola bilər: doktorluq diplomu olmadan necə professor diplomu almaq olar???

Təbii ki, Ədalət Muradovun bu hərəkəti Azərbaycan Prezidenti yanında AAK-ın Prezident tərəfindən təsdiq olunmuş «Əsasnamə»sinin tələblərinə ziddir, sənəd saxtalaşdırma cinayətinin tərkib hissəsini yaradır. Ə.Muradov məhz qanunsuz və əsassız olaraq professor diplomu əldə edəndən sonra Prezident İlham Əliyevin sərəncamı ilə ADİU-ya rektor təyin olunduğu məlum oldu.

Halbuki bu zaman Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamə»nin və eyni tarixli Fərmanla təsdiq olunmuş «Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamə»nin (VII. Nostrifikasiya və təkrar attestasiya) 49, 50, 51, 52 və 53-cü maddələrinin tələbləri kobud surətdə pozulmuşdu.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında «Əsasnamə»nin və «Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında» «Əsasnamə»nin tələblərinə görə isə, Ədalət Muradov əvvəlcə Ukraynada 1998-ci ildə müdafiə etdiyi doktorluq işi əsasında aldığı elmi dərəcə diplomunu AAK-da tanıtmalı, sonra ona professor diplomu verilməli idi. O isə əksini edib, AAK rəhbərliyi də onun bu qanunsuz niyyətinə yaşıl işıq yandırıb.

Bundan başqa, Ədalət Muradov 2014-cü ilin noyabrın 21-də qanunsuz yolla professor diplomu alsa da, o, hələ 1999-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında professor vəzifəsində çalışıb, “Makroiqtisadiyyat”, “İqtisadiyyatın dövlət tənzimlənməsi”, “Azərbaycanın iqtisadi siyasəti” fənlərini tədris edib və yüksək maaş alıb. 15 il ərzində Azərbaycanın AAK-ı tərəfindən professor diplomu tanınmamış bir şəxs dövlət büdcəsindən külli miqdarda maaşı necə alıb?!

Qeyd edilən məlumatlar AAK-ın və ADİU-nun rəsmi saytlarında öz əksini tapıb. ADİU-nun rəsmi saytının məlumatlarına görə, Ə.Muradov 2011-2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında İqtisadiyyat (İqtisadiyyat və Hüquq) üzrə Ekspert Şurasının Sədr müavini olub. AAK-ın Rəyasət Heyətinin 21 noyabr 2014-cü il tarixli qərarı və 14RH saylı protokolu ilə 8 nəfərə, bu sırada Ədalət Muradova professor diplomu verilmişdirsə, o, bundan 3 il əvvəl AAK-da necə İqtisadiyyat (İqtisadiyyat və Hüquq) üzrə Ekspert Şurasının Sədr müavini işləyib?

Axı, qaydalara və AAK-ın “Əsasnaməsi»nə görə, Ekspert Şurasının Sədri və sədrin müavini vəzifəsinə (eləcə də EŞ-in digər üzvləri) yalnız və yalnız elmlər doktoru-professor olanlar təyin edilə bilər. Ədalət Muradov 1998-ci ildə Ukraynada müdafiə etdiyi doktorluq diplomunu yalnız 2014-cü ilin dekabrında AAK-da tanıdıb və bundan bir ay əvvəl qanunsuz olaraq professor diplomu alıb.

Beləliklə, «Təzadlar»ın Araşdırma Qrupunun ortaya qoyduğu ciddi sənəd və sübutlar tam təsdiqini tapıb. Yuxarıda qeyd edilən xüsusatlar Prezident yanında AAK-ın rəsmi saytında yerləşdirilib. «Təzadlar» qəzeti sonradan düzəliş edilmə ehtimalını nəzərə alaraq, qabaqlayıcı tədbir kimi, saytdakı həmin məlumatları foto və video yaddaşa köçürüb, həm də müvafiq təsdiq sənədlərini (AAK-ın redaksiyaya göndərdiyi məktubda da saytdakı məlumatların həqiqəti əks etdirdiyi yazılıb) Baş Prokurorluğa göndərilib.

Bir neçə ilə bundan əvvəl ADİU-da rektorun məsələsi araşdırılıb. Məsuliyyət məsələsinə gəldikdə isə, rektor Ədalət Muradov diplomunu qanunsuz yolla əldə etdiyi təsdiq olunub. Buna görə o, Azərbaycan CM-nin müvafiq maddələri ilə cəza almalı idi. Amma o, hazırda ADİU-da rektordur. Hətta o zaman Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Azərbaycan Dövlət İqtisad Universitetində yoxlama aparıb, lakin rektor süddən çıxmış qaşıq kimi, ağappaq təmiz çıxıb!

Mövzuya qayıdacağıq.
Mirdaməd

Bənzər yazılar

0.22898888587952