Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:
Bakının bəzi məktəblərində məktəb direktorları artıq direktor müavinləri vasitəsi ilə yeni formalar barədə xəbərdarlıq edirlər.
Valyuta.az-a bu barədə Bakı məktəblərindən birində övladı oxuyan valideyn tərəfindən şikayət daxil olub.
"Keçən il başqa geyim demişdilər, aldıq. Həmin geyimlər keyfiyyətsiz olduğundan ilin ortasında yenidən iki köynək almalı oldum. İndi o köynəklər təzə qalıb, bu il yenidən geyindirməyi düşünürdüm. Lakin builki formanın rəngi göy və boz olacaq. Keçən il isə göy və ağ idi", deyə valideyn bildirib.
Onu da qeyd edək ki, sentyabr ayından etibarən tək ibtidai sinif şagirdləri yox, yuxarı sinif şagirdləri də vahid məktəbli forması geyinəcək.
Bu onu deməyə əsas verir ki, forma alışı zamanı yenə sıxlıq yaşana bilər.
Məsələ ilə bağlı Bakı Tikiş Evindən bildirilib ki, bu il forma qıtlığının yaşanmaması üçün Bakıda 9 satış mərkəzi fəaliyyətə başlayıb.
BTE-dən qeyd edilib ki, bundan başqa ətraf rayonlarda da belə satış mərkəzləri açılacaq.
Hələ bu ilin mayında Elm və Təhsil Nazirliyindən bildirilmişdi ki, bu il yeni məktəbli forması təqdim olunsa da, ötən il məktəbli forması alanlar yeni tədris ilində də həmin geyimlərdən istifadə edə bilərlər. Yəni 3 il müddətinə həmin formalardan istifadə ilə bağlı hansısa məhdudiyyət olmayacaq. Belə oolan halda məktəbin hələ yay tətilinin ilk ayında formalarla bağlı xəbərdarlıq etməsi sual doğurur.