İyulun 11-də keçirilən 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin Gədəbəyin Söyüdlü kəndində baş verənlər fonunda məmurların fəaliyyətsizlikləri ilə bağlı səsləndirdiyi iradlar ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı. Cənab Prezident xüsusən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevi yaranmış problemə biganə yanaşdığına görə sərt tənqid etdi.
Müşavirədən bir gün keçməmiş Prezidentin tələbi ilə Söyüdlüdəki vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev brifinq keçirərək ictimaiyyət qarşısına çıxdı. Lakin nazirin brifinqdə verdiyi açıqlamalar çoxları tərəfindən qənaətbəxş hesab olunmadı. Necə deyərlər, bu, brifinq olmadı, bu, kinodur...
Nazirin dediklərindən belə nəticə çıxdı ki, Söyüdlüdə ekologiya-filan pozulmayıb, bütün Gədəbəy camaatı xəyal görürmüş...
Cənab Prezident “ictimaiyyətə məlumat verilsin” deyərkən bunu nəzərdə tutmamışdı. Nazirin əl-ayağa düşüb bir gecənin içində hazırladığı, yenə də şablon cümlələrdən, söz yığınından ibarət, üzündən belə səlis oxuya bilmədiyi açıqlamadan, Prezident İlham Əliyevin təbirincə ilə desək, “heç kim heç nə başa düşmədi”. İnanmaq istəyirik ki, hesabatı üzündən səlis oxuya bilməməyin səbəbi Prezidentin tənqidlərindən doğan utanma hissi, ya da “kreslo”nu itirmək həyəcanı idi. Nazir 24 dəqiqəlik malalamanın sonunda tələsik sağollaşaraq dəftəri götürüb işıq sürəti ilə “qaçmaqla” bir daha sübut etdi ki, brifinqə çağrılan media orqanları sadəcə “yuxulamaq” üçün çağırılıbmışlar.
Cənab Prezident 1 həftə vaxt vermişdi, deməmişdi ki, 1 gecənin içində hazırladığınız şablon cümlələrlə ictimaiyyətin başını qatın. Nazir Prezidentə 1 aya yaxındır, Söyüdlü ilə bağlı heç bir məruzə etməyib. Bununla belə birfinqdə “öhdəmizə düşən işi bundan sonra məsuliyyətlə yerinə yetirəcəyik” demək əvəzinə, “çalışacağıq bir də belə hallarla üzləşməyək” deyir.
“Söyüdlüdə texnoloji proseslərə baxdıq, tanış olduq” nə deməkdir? Muxtar Babayev açıqlaması ilə bir daha sübut etdi ki, bu günə qədər hələ onlar heç proseslə tanış deyilmişlər. Nazirin habelə “Monitorinq işlərinə iyunun 22-dən başlanılıb”, “Gədəbəyin mədən, filiz sahəsində və ətraf ərazilərdə 86 nöqtədə keçirilən “kompleks ekoloji və geoloji monitorinqlər zamanı” radiasiya fonu, səs-küy, vibrasiya, atmosfer havasında zərərli qazların və toz hissəciklərinin konsentrasiyası ölçülüb, göstəricilərin normalar daxilində olduğu qeyd edilib” deməsi də bizi heç təəccübləndirmədi. 11 ildir, Söyüdlüdə olan göldə hələ indi monitorinqlər aparılır? Əvvəlki “aylarda” demirik, heç olmasa illərdə “apardığınız” monitorinqlərin nəticələrinə aid sənədlər haradadır? Nazirin bunun ardından səsləndirdiyi “Göldə olan bəndlərin dayanıqlılığının araşdırılması üçün ciddi yoxlamaların aparılması zəruridir”, “Fəaliyyətin təşkili və icrası üzrə tələb olunan layihələr əksər hallarda müvafiq icra orqanları ilə razılaşdırılmayıb” sözləri ilə sualımıza cavab tapmaq elə də çətin olmadı.
Muxtar Babayevin sözlərinə görə, müvafiq beynəlxalq şirkətin dəvət olunması, göllə bağlı araşdırlamaların aparılması nəzərdə tutulur. Prezident İlham Əliyev 1 aya yaxındır, aidiyyatı üzrə göstəriş verib. Nazirin açıqlamasından isə belə çıxır ki, məmurlar Prezidentin göstərişinə hörmətsizlik edib, bu günə qədər hələ indi “nəzərdə tutublar”. “Tullantı anbarının layihəsi üzrə verilmiş ekoloji ekspertiza rəyində qoyulmuş ekoloji tələblər pozulub...” Muxtar Babayev, bəs siz bundan indi xəbər tutursunuz?
“Beynəlxalq şirkətin dəvət olunması ilə bağlı artıq danışıqlar aparırıq, inanıram ki, razılaşıb iyulun sonundan müayinələrin aparılmasına başlayacağıq...” Buradan da aydın olur ki, Prezident İlham Əliyev Söyüdlü məsələsi ilə bağlı iradlarını bildirməsəydi, nəinki 1 həftə ərzində, heç qarşıdakı 1 ay ərzində də nəticə olmayacaqdı. Nazirin dedikləri təsdiqləyir ki, 11 il müddətində hələ indi şirkət qarşısında çox “ciddi tələblər qoyulub ki, yeni, xüsusən təbiətə dost, aztullantılı texnologiyalardan istifadə etsin”.
“Toksiki maddələrin kənarlaşdırılması üçün bəndin arxasında aidiyyatı dövlət orqanları ilə razılaşdırılmadan çay məcrasının yaxınlığında ehtiyat tullantı gölü yaradılıb...” Belə çıxır ki, şirkət könlü istəyən vaxt, hür şəkildə Azərbaycanın qanuni ərazisində qanunsuz iş görüb, Söyüdlü boyda göl düzəldib, aidiyyatı qurumlar da bundan xəbər tutmayıblar? İcazə verin, bu məqamda cənab Prezidentin “salam-əleyk” söhbətini yadımıza salaq...
Muxtar Babayev malalamaqdan doymur, ardınca deyir ki, “digər nöqsanları da bu saat sizin üçün səsləndirəcəyəm...” Sonra baş verənləri mediaya təkrarən nəql edir. Nöqsan birbaşa sizin və Nazirliyinizin işindədir. Ki bunu da cənab Prezident çıxışında tutarlı şəkildə ictimaiyyətə çatdırdı. Nöqsanlardan danışmaq yox, sadaladığınız nöqsanları aradan qaldırandan sonra ictimaiyyətin qarşısına çıxmaq lazım idi. Ortaya tutarlı iş qoyulmayıbsa, bildiyimiz şeyləri yenidən təkrarlayıb gözdən pərdə asmaq nəyə lazımdır?
Nazir “Söyüdlü kəndində irihəcimli sosial-iqtisadi layihələr həyata keçirilməyib, bu da istər-istəməz kəndlilərin narazılığına səbəb olan faktorlarından biridir” deməklə məsələnin məsuliyyətini üzərindən atmağa çalışdı. Heç olmasa “Ekologiya Nazirliyinin fəaliyyətsizliyi” ifadəsini dilinizə gətirə bildiniz. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətsiz qurum olduğunu inkar etmirsinizsə, bəs siz o postda niyə əyləşmisiniz?
Söyüdlü camaatı səsini geniş miqyasda qaldırmasaydı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətsizliyi, görəsən, nə vaxta qədər qanunsuz şəkildə qırılan meşələrin, ağacların yox edilmiş kölgəsində, mənasız piar aksiyalarının, yaşıl meşəlikdə çəkdiyiniz kabab dumanının altında qalacaqdı? Cənab nazir, “ekologiya budur?”
Mənbə kommersant.az