Xaricdəki azərbaycanlılara pasport yeni qaydada veriləcək

 11-03-2022

Xarici ölkələrdə yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına ümumvətəndaş pasportunun verilməsi qaydası dəyişib.

MillətinSəsi.info xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə” edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, bundan sonra Xarici ölkələrdə yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına ümumvətəndaş pasportu verildikdə və ya dəyişdirildikdə vətəndaşın şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu, 18 yaşı tamam olmamış vətəndaşa ilk dəfə ümumvətəndaş pasportu verildikdə doğum haqqında şəhadətnamə və qan qrupu haqqında tibbi arayış da tələb olunacaq.

Bundan əlavə, indiyə qədər olduğu kimi həm də ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket, dövlət rüsumunun ödənilməsi barədə sənəd, pasport 15 yaşı tamam olmamış vətəndaşa verildikdə - valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd də tələb olunacaq.

Bundan əlavə, həmin hallarda şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək zərurəti yarandıqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada Dövlət Miqrasiya Xidmətinə sorğu veriləcək. Sorğuya baxılma nəticəsində şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanındıqda, ona bu Əsasnamə ilə müəyyən edilmiş qaydada ümumvətəndaş pasportu veriləcək.
Bu tələblər Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna da şamil olunur.

Bənzər yazılar

0.14175391197205