Səlim Müslümovun məhkəməsi niyə uzanır?

 11-07-2023

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsi 1 aylıq təxirə salınıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin bu dəfə təxirə salınmasına səbəb sədrlik edən hakim Faiq Qəniyevin məzuniyyətə çıxmasıdır.

Ümumilikdə bir-iki iclası nəzərə almasaq 6 aya yaxındır bu iş üzrə məhkəmə iclasları keçirilmir.

Ötən ilin dekabr ayında şahidlərin dindirilməsi yekunlaşıb, eks-nazir sərbəst ifadə verib.

Prosedura görə, bundan sonrakı iclaslarda sənədlərin tədqiqi mərhələsi keçirilməli, məhkəmə istintaqı tamamlanmalıdır.

Sədrlik edən hakim F.Qəniyevin sözlərinə görə, məhkəmə iclaslarının təxirə salınmasına səbəb israfetmə epizodu üzrə ayrılmış cinayət işində şirkətlər tərəfindən vurulmuş ziyanın ödənilməsi istiqəmətində işlər aparılmasıdır.

Cinayət işi üzrə dəymiş ziyan 27 milyon manat hesablanıb. Həmin məbləğin 20 milyonu mənimsəmə və rüşvət alma, 7 milyonu isə israfetmə epizodu ilə bağlıdır. Dəymiş ziyanın 20 milyon manatı ibtidai istintaqın sonunda, 5 milyonu isə məhkəmə istintaqı dövründə ödənilib.

S.Müslümovun nazir olduğu müddətdə müxtəlif şirkətlər tərəfindən şəhid ailələri və qazilər üçün evlərin tikilməsi zamanı qanunsuzluğa yol verilərək dövlət büdcəsindən ayrılmış 7 milyon manat israf edilib. Bir müddət əvvəl S.Müslümov könüllü olaraq həmin ziyanın da  4.5 milyon manatını ödəyib. Şirkət rəhbərləri isə hələ ki, yerə qalan məbləğin 600 min manatdan biraz çox təşkil edən hissəsini ödəyiblər. 

Əldə etdiyimiz məlumata görə, növbəti ay keçiriləcək iclasda ödəmənin mahiyyəti barədə yekun məlumat veriləcək. Həmin gün məhkəmə istintaqı tamamlanacaq, prokuror ittiham nitqi ilə çıxış edəcək.

Proses avqustun 11 avqusta təyin edilib.

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.

Vəzifə cinayətləri ilə bağlı ittiham olunan keçmiş nazir sonradan ev dustaqlığına buraxılıb.

Bənzər yazılar

0.33659791946411