2020-ci ildə Azərbaycandan xaricə 1,1 milyard manat ekvivalentində qanunsuz vəsait çıxarılması baş verib. Bunu Hesablama Palatası aşkarlayıb. Palatanın 2020-ci ildəki fəaliyyətinə dair hesabatından aydın olur ki, auditlə əhatə olunan dövrdə 7 rezident bank tərəfindən ümumilikdə ölkə ərazisindən kənara “müxbir hesaba göndəriş” adı altında manat ekvivalentində 1,1 milyard manat dəyərində xarici valyuta vəsaitləri (əsasən ABŞ dolları və avro ilə olan pul banknotları) ixrac olunub.
Minval.info xəbər verir ki, bu hesabatın yayılmasından 3 il ötüb və vəziyyət dəyişməyib.
Azərbaycanda vəzifə tutub, cibində mandat gəzdirməklə böyük varidat sahibinə çevrilənlər az deyil. Əksəriyyəti də vəzifədə olduqları müddətcə ölkədə qamarladıqları var-dövləti xaricə daşıyır, günlərin birində isə sakitcə aradan çıxır. İtirən Azərbaycan, ölkə insanı, qazanan isə xaricdə onun hesabına kef çəkənlər olur. 2 dönəm deputat olan Hacı Salayev də belə vəzifə sahiblərindəndir. 2010-2015-ci illərdə Milli Məclisin deputatı olub. Bu müdddətdə Hacı Salayev böyük biznes qurmaq imkanı qazanıb. Bu gün isə Hacı Salayev biznesini xaricə daşımaqdadır. Özü və ailəsi də artıq ölkədə yaşamırlar.
O, oğlu Kənan Salayev üzərindən İstanbulun Beşiktaş səmtində fəaliyyət göstərən “Alliance Capital İnşaat Telekommunikasion Sanayi ve Ticaret Limited” Şirkətinə sahibdir. Şirkət 2012-ci ilin iyunun 16-da İstanbul Ticaret Odasında 500 min TL nizamnamə kapitalı ilə qeydiyyatdan keçirib. Sərmayənin 475 min lirəsi Kənan Salayevə, qalan 25 min lirəsi ortağı Mustafa Cevleyan adlı iş adamına aiddir. Şirkəti Mustafa Cevleyan idarə edir. Şirkət yaşayış binaları, iş və ticarət mərkəzlərinin tikintisi və satışı ilə məşğul olur. Şirkət İstanbulun Beşiktaş səmtində, Akat Məhəlləsində Ebulula Mardin küçəsi Mermerler St. D.Bl. N. 8/3 ünvanında yerləşir.
Deputatın digər oğlu Turqut Salayev də 2017-ci ilin 24 avqustundan İstanbulda şirkət sahibidir. Onun İstanbul Ticaret Odasında 50 min TL nizamnamə kapitalı ilə qeydiyyatdan keçirdiyi Teks Group İnşaat Sanayi Ve Ticaret Anonim Şirkəti də tikinti sahəsində fəaliyyət göstərir, ofisi Göktürk Merkez Mh.Panayır Çayırı Cd.N.4 A5/1 Eyüp ünvanında yerləşir. Hacı Salayev əvvəllər Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarədə, Hərbi Əks-Kəşfiyyat Xidmətində və Milli Təhlükəsizlik Nazirliyində çalışıb, ehtiyatda olan polkovnikdir. 2002-ci ilin noyabr ayından 2005-ci ilin mart ayınadək “TRUST” Mühafizə Şirkətinin Baş direktoru vəzifəsində işləyib. 2005-ci ilin avqust ayından 2006-cı ilin mart ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Prezidentinin Təhlükəsizlik məsələləri üzrə müşaviri və Təhlükəsizlik Departamentinin rəisi vəzifəsində işləyib. 2010-cu ildə IV Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
2011-2015-ci illərdə Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının Hüquq Məsələləri Daimi Komissiyasının sədr müavini olub. 2015-ci ildə yenidən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü olub. Mətbuatın yazdığına görə qalmaqallı keçmişi olub. Onun Azərbyacanda çörək zavod, tikinti məhsullarının istehsal və satışını həyata keçirən şirkətləri, adı gizli qumar oyunlarının keçirilən məkan kimi hallanan “Lake Palace” Hoteli də var.
2021-ci ildə belə məlumat da yayılmışdı ki, Hacı Salayevin oğlu Kənan Salayevin atasına məxsus “Lake Palace” hotelində ölkənin elit dairələrinə aid olan məmurların övladları üçün qumar masası yaradıb. İddia olunurdu ki, Kənan Salayevin yaxın dostu Ayaz “Lake Palace”də sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədova böyük məbləğdə pul uduzub. “Lake Palace” hotelində ayrı-ayrı nömrələrdə gecə saatlarında qumar masası təşkil edir. Bildirilirdi ki, hoteldə qumar oynamağa gələn gənclər bir qayda olaraq ölkənin tanımış məmurlarının övladları olur. Kənan Salayevin uşaqlıq dostu, sinif yoldaşı Ayaz adlı şəxsin həm də “Lake Palace” hotelindəki qumar masalarını idarə edən biri olduğu deyilirdi. O illərdə həmçinin Hacı Salayevin “Xəzər” çörək zavodu da Ayazın idarəsində idi. Ölkə qanunvericiliyinin dövlət məmuralarına, Milli Məclisin deputatlarına sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı qəti qadağan etməsinə baxmayaraq, Hacı Salayev deputat olduğu dönəmdə özünü qanunların əhatə dairəsindən kənar hesab edənlərdən idi.
10 il cibində mandat gəzdirsə də, Hacı Salayevi parlament trubunasından çıxış edən görən olmadı. Mətbuat nümayəndələri lal deputatların siyahısını hazırlayarkən, buna görə onun adını siyahının lap əvvəlindən qeyd edirdilər. Susumaqla öz biznesini genişləndirən Hacı Salayev elə susqun şəkildə də ölkədən qaçır. Özü ilə milyonları xaricə daşıyıb aparmaqdadır. Hüquq-mühafizə orqanlarının bundan xəbəri yoxdu? Bilmirlər ki, dövlət büdcəsini, Azərbaycan xalqına çatacaq milyonları kimlər necə oğurlayıb xaricə daşıyır?