Avstraliyada Azərbaycan Silahlı Qüvvələrinin ildönümü və Ulu Öndərin 100 illiyi qeyd olunub 

 27-06-2023

Azərbaycanın Avstraliya İttifaqındakı səfirliyi paytaxt Kanberrada Azərbaycan Silahlı Qüvvələri Günü və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı rəsmi qəbul təşkil edib.

Səfirlikdən bildiriblər ki, Avstraliya Xarici İşlər və Ticarət Departamenti rəsmilərinin, parlamentin üzvlərinin, bu ölkədəki diplomatik nümayəndəliklərin rəhbərlərinin, eləcə də Azərbaycan icması fəallarının iştirak etdikləri tədbirdə əvvəlcə Avstraliyanın və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Azərbaycanın Avstraliyadakı, eyni zamanda Yeni Zelandiya və Fici Respublikasında akkreditə olunmuş səfirliyinin müvəqqəti işlər vəkili Vaqif Cəfərov 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin və onun Silahlı Qüvvələrinin yaradılması, eləcə də 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpası və suverenlik uğrunda apardığı davamlı mübarizə haqqında məlumat verib, ölkəmizin bu yolda qazandığı uğurlar və qarşılaşdığı faciələr barəsində danışıb.

Diplomat 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixi əhəmiyyətini vurğulayaraq, etnik mənsubiyyətindən, dinindən və cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verildiyini bildirib. Lakin bu ilk müstəqillik dövrünün qısa sürdüyü, 1920-ci ilin aprelində sovet istilasına tab gətirməyərək süqut etdiyi qeyd olunub.

Bu xüsusda məhz Azərbaycan Xalq Cümhuriyyətinin süqutu faktının bir dövlətin müstəqilliyinin qorunmasının əldə edilməsindən daha çətin olduğu vurğulanıb, Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti sayəsində respublikanın çətin dövrü arxada qoyaraq inkişaf yoluna qədəm qoyduğu diqqətə çatdırılıb. Bir millətin yüksəlişinin və enişinin onun liderinin gücünə bağlı olduğunu bildirən diplomat, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasi baxışlarının milli qürurun, dövlətçiliyin möhkəmlənməsinə şərait yaratdığını deyib.

Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün, həmçinin milli təhlükəsizliyimizin əsas qoruyucusu kimi şərəfli missiyası və qazandığı zəfərlər barədə məlumat verilib. Bununla yanaşı, ordumuzun beynəlxalq miqyaslı, sülhməramlı qüvvələr tərkibində və dünyanın müxtəlif regionlarında humanitar missiyalar həyata keçirərək beynəlxalq sülhə davamlı töhfə verdiyi bildirilib.

Tədbirdə ordumuzun 2020-ci ildə Vətən müharibəsində qazandığı şanlı zəfərinə toxunularaq, Silahlı Qüvvələrimizin ölkəmizin məruz qaldığı işğal və etnik təmizləməyə 30 il sonra son qoymasından, beynəlxalq ədaləti və hüququ bərpa etməsindən söz açılıb.

Mərasimdə Azərbaycan və Avstraliya arasında ikitərəfli dinamik münasibətlər barəsində danışılıb, xüsusilə müstəqilliyimizin ilk günlərindən etibarən Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyan Avstraliya hökumətinin nümayiş etdirdiyi rəsmi mövqeyə görə təşəkkür edilib. Qeyd edilib ki, iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən “yaşıl enerji”, mədənçilik, kənd təsərrüfatı istiqamətləri üzrə geniş əməkdaşlıq imkanları mövcuddur. Prezident İlham Əliyev təmiz ətraf mühitə və “yaşıl enerji” sahəsinə diqqət yetirir.

Həmçinin Avstraliyanın Azərbaycanda “yaşıl enerji” təşəbbüslərinə maraq göstərdiyi, bu xüsusda bir müddət əvvəl “Fortescue Future Industries” (FFI) ilə Azərbaycanın Energetika Nazirliyi arasında imzalanmış Çərçivə Sazişi də daxil olmaqla əməkdaşlıq perspektivlərindən bəhs edilib.

Qeyd edək ki, Azərbaycanın Avstraliya İttifaqındakı səfirliyinin dəstəyi ilə Azərbaycan Silahlı Qüvvələr Günü və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə böyük oxucu kütləsinə malik “Vibe Media” xəbər portalında “Mübarizədən zəfərə: Azərbaycanın müstəqillik salnaməsi” sərlövhəli məqalə dərc olunub.

Bənzər yazılar

0.3360447883606