İkiqat aldadılan vətəndaş, qazanclı çıxan MTK: Sayğac “haqqı” necə tənzimlənməlidir?

 10-06-2023

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mənzil-tikinti kooperativlərinə (MTK) xəbərdarlıq edib. Qurumda yeni tikilmiş çoxmənzilli yaşayış binalarında quraşdırılan sayğaclara görə mülkiyyətçilərdən əsassız olaraq pul tələb edilməsi barədə vətəndaş müraciətlərinə baxılıb. Araşdırmalar zamanı MTK-larla alıcılar arasında bağlanmış müqavilələrdə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlərin mövcud olduğu aşkarlanıb.

Bəs əslində, bu sayğaclar kim tərəfindən quraşdırılmalıdır? Belə MTK-lar aşkarlandıqda onlar hansı formada cəzalandırılır?

“Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-a açıqlamasında deyib ki, sayğacları qurum özü quraşdırır:

“Əvvəllər sayğaclar MTK-larla payçıların arasındakı razılığa əsasən quraşdırılırdı. Bizə də ən çox daxil olan müraciətlərdən biri bu idi. Vətəndaş şikayət edirdi ki, MTK üç sayğaca görə 800-1000-1200 manat pul istəyir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin sayğaclarla bağlı qərarı oldu. Artıq ötən ilin sonlarından başlayaraq su sayğaclarının “Azərsu” ASC hesabına quraşdırılmasına qərar verildi.

Bu ildən başlayaraq su sayğaclarının “Azərsu” ASC tərəfindən quraşdırılması həyata keçirilir. Ona görə MTK sahiblərinin su sayğacına görə vətəndaşlardan pul istəməsi qeyri-qanunidir. Çünki “Azərsu” ASC su sayğacına görə MTK-lardan hər hansısa ödəniş tələb etmir. MTK-lar sayğacı almır, sadəcə, xətləri quraşdırıb hazır qoyurlar. Sayğaca görə ödəniş alınması qanunsuzdur, o, şəxsi cibə gedən puldur”.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Eldəniz Vəliyev də  bildirib ki, vətəndaşlardan sayğaclara görə pul alınması qanunsuzdur:

“Azəriqaz” İB istehlakçılara satdığı qazın ödənişindən başqa heç bir xidməti ödənişli şəkildə etmir. O cümlədən əhali kateqoriyasına aid olan sayğacların verilməsi də ödənişsizdir. “Azəriqaz” İB, eyni zamanda, MTK-lara texniki şərtlərin verilməsini də ödənişsiz olaraq həyata keçirir. Dəfələrlə əhaliyə müraciət etmişik ki, MTK və digər fərdi yaşayış evləri ilə bağlı qazlaşma zamanı onlardan sayğacla bağlı tələb olunan məbləğ qanunsuzdur”.

“Azərişıq” ASC-dən isə cavab olaraq, sayğacların fiziki şəxslər üçün ödənişsiz, hüquqi şəxslər üçün ödənişli olduğu qeyd edilib:

“Fiziki şəxslər üçün sayğaclar pulsuzdur. Bu, “Elektroenergetika haqqında” Qanunda da öz əksini tapıb. MTK-lar hüquqi şəxslərdir. Yəni onlar üçün sayğaclar ödənişlidir. Bu, Nazirlər Kabineti tərəfindən tənzimlənən qərardır”.

Hüquqşünas Turan Abdullazadə vurğulayıb ki, bu cür qanunsuz hərəkət edən MTK-lar cəzalandırılmalıdır:

“Mənzil-tikinti kooperativləri ilə mənzil alıcıları arasında bağlanmış müqavilələrdə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlər mövcuddur. Belə ki, qanunvericiliyin tələblərinə zidd olaraq mənzillərdə quraşdırılacaq su, elektrik və qaz sayğaclarına görə MTK-lar tərəfindən mülkiyyətçilərdən əlavə ödənişlər tələb edilir.

Qanunvericiliyin tələblərinə görə, su, elektrik və qaz təchizatı müəssisələri ilə istehlakçılar arasında bağlanmış müqavilələrə əsasən, sayğacların təchiz edilməsi və quraşdırılması təchizatçılar tərəfindən və təchizatçıların vəsaiti hesabına həyata keçirilir. Bu zaman üçüncü şəxslərin, o cümlədən mənzil-tikinti kooperativinin bu məsələdə iştirakı olmamalıdır. Təbii inhisar subyektlərinə çoxmənzilli yaşayış binalarında yerləşən mənzillərə sayğacların təbii inhisar subyektlərinin vəsaiti hesabına quraşdırılması barədə 2021 və 2022-ci illərdə Dövlət Xidməti tərəfindən müvafiq göstərişlər verilib.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 447.0.9-cu maddəsinin tələblərinə əsasən, istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. Həmçinin İnzibati Xətalar Məcəlləsinə əsasən, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə - fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər 4 000 manatdan 6 000 manatadək məbləğdə cərimə edilirlər.

Belə inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi baxır. Şikayəti olan vətəndaşlar həmin quruma, həmçinin məhkəməyə də müraciət edə bilərlər”.

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, hər şey MTK-nın hesabına olmalıdır, lakin onlar sonradan çəkilən xərci sakinlərdən yığırlar:

“Bununla bağlı qanuna düzəlişlər edildi. Hər hansı bir ünvana kommunikasiyalar çəkmək üçün MTK-lar həmin qurumdan texniki şərt almalıdırlar. Bu müraciət MTK tərəfindən olur. Sayğaclar texniki şərt alanın, yəni MTK-nın hesabına həyata keçirilir. Sadəcə, MTK-lar çəkilən xərci azaltmaq üçün həmin ödənişi sonradan sakinlərdən tələb edirlər. Amma bu ödənişin sakinlərə heç bir aidiyyəti yoxdur. Vətəndaş bilməlidir ki, ödənişi etmək kimi məcburiyyəti yoxdur. Müqavilədə bu yazılmır. Müqavilədə yazılsa, qanunaziddir. Yəni heç bir halda ödəniş tələb oluna bilməz”.

Əmlakçı Firdovsi Xəlilovun fikrincə isə, MTK-lar çıxan xərci ya mənzilin üzərinə gəlməli, ya da vətəndaşdan tələb etməlidirlər:

“Dövlət qurumları - “Azəriqaz” İB, “Azərişıq” ASC, “Azərsu” ASC sayğacların ödənişsiz olduğunu desələr də, bu belə deyil. Qurumlar deyirlər ki, mən pulsuz vermişəm, niyə sakinlərdən pul alırlar? MTK-ların işləri dövlət qurumlarından keçdiyi üçün heç bir halda sıfır xərclə infrastrukturu formalaşdıra bilmirlər.

Əslində, kanalizasiya, su, qaz, elektrik enerjisini aidiyyəti üzrə dövlət orqanları heç bir problem yaratmadan təmin etməlidirlər. Qurumlar deyirlər, pulsuzdur, amma çəkdiyimiz xətlər uzaqda yerləşir. Bina olan yerə bir neçə ildən sonra çəkiləcək. Məsələn, elektrik enerjisinin verilişi üçün xətt üç kilometr aralıdan keçir. Yaxud da iki kilometr kənarda kanalizasiya xətti var və öz hesabınıza çəkə bilərsiniz.

Kommunikasiyaları olmayan evi sata bilmədiyindən MTK özü bu xətləri çəkir. Bu da çox böyük xərc deməkdir. Xərcləri çıxır və məcburən bunu sakinlərdən istəyirlər. Fərdi ev tikən insanlar bu xətləri çəkərkən üç min manata yaxın xərc çəkirlər. Bu xərclərə baxdıqda aydın olur ki, MTK-ların sakinlərdən üç sayğac üçün istədikləri 900-1 000 manat elə də böyük məbləğ deyil.   

Bu cür halların yaşanmaması üçün çəkilən xərclər mənzilin qiymətinin üzərinə gəlməlidir. Bu ən məntiqli çıxış yoludur. O halda digər xərclər hamısı vətəndaşlara hədiyyə olunar. Amma yenə də bu pul sakindən alınır. Bəzi MTK-lar deyir ki, bizdə sayğac pulsuzdur. Amma mənzilin qiymətinin üstünə gəlirik. Nəticədə mənzil alan yenə də itirir. MTK desə də ki, biz o pulu almırıq, vətəndaş nə biləcək ki, o mənzilin xalis qiyməti nədir? Zəif bənd MTK, zərərçəkən isə vətəndaşdır”.

Bənzər yazılar

0.12540507316589