Dövlət qurumlarının tanımadığı Gülnarə Heydəri Sərhəd Xidmətindən 450 min manatlıq tender udub

 03-06-2023

Dövlət Sərhəd Xidməti qazanxana avadanlıqları və su nasoslarının satın alınması üzrə 13.03.2023-cü ildə başladığı açıq tender müsabiqəsini tamamlayıb və  GÜLNARƏ NADİR QIZI HEYDƏRİ ilə 451.568,3 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırdığını 01.06.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlayıb.

Tenderin şərtlərinə görə Gülnarə Nadir qızı Heydəri 2023-cü ilin sonuna qədər Dövlət Sərhəd Xidmətini 10 növ müxtəlif ölçüdə istilik qazanı, 11 növ qazla və dizellə işləyən odluq,  3 ədəd qaz requlyatoru, 4 ədəd müxtəlif ölçüdə genləşmə çəni, 2 ədəd boyler, 7 ədəd müxtəlif ölçüdə dövriyyə nasosu, hidrofor nasosu,hidrofor nasosla birlikdə kiçik həcmli, 3 ədəd müxtəlif ölçüdə dərinlik su nasosu ilə təchiz etməlidi.

Açıq mənbələr üzərindən Aktualinfo.org-un apardığı ətraflı araşdırmada yarım milyon manat civarında açıq tenderin qalibi olmuş Gülnarə Nadir qızı Heydəri barəsində heç bir məlumat əldə edə bilmədik.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestrinə daxil edilmiş məlumatlarda belə Gülnarə Nadir qızı Heydərinin adına rast gəlinmir. Yəni Gülnarə Nadir qızı Heydəri Dövlət Vergi Xidmətində heç fiziki şəxs kimi də qeydiyyata alınmayıb. Belə olan halda onun tenderdə iştirakına necə yol verilib?

"Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilir.

Maddə 8. Malgöndərənlərin (podratçıların) dövlət satınalmalarında iştirakı

 8.1. Dövlət satınalmalarını tənzimləyən normativ hüquqi sənədlərdə göstərilən hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxslər, yaxud hüquqi şəxslər birliyi dövlət mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasında keçirilən dövlət satınalma prosedurlarında iddiaçı kimi iştirak edə bilərlər. Tikinti, tikinti quraşdırma və istehsal sahələrinin qurulması ilə bağlı tender qalibi olan qeyri-rezident hüquqi və ya fiziki şəxslərlə malların (işlərin və xidmətlərin) satınalması müqaviləsi həmin şəxslərin Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq uçota alınmış daimi nümayəndəlikləri və daimi nümayəndəlik yaratmayan bölmələri olduğu halda bağlanılır.

Göründüyü kimi qanun yalnız hüquqi və fiziki şəxs kimi Dövlət Vergi Xidmətində qeydiyyata alınmış şəxslərin satınalmalarda iddiaçı kimi iştirakına icazə verir. Bəs görəsən ölkədə satınalmaların təşkilinə nəzarət edən qurum olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti hara baxır? Başqa vaxt sözügedən qurum ölkədə satınalmaların şəffaf şəkildə keçirilməsi barədə açıqlamalar verir.

Yuxarıda qeyd etdiyimiz kimi açıq mənbələrdə GÜLNARƏ NADİR QIZI HEYDƏRİ  barəsində heç bir məlumat yoxdur. Heç fiziki şəxs kimi də qeydiyyata düşməmiş bu xanım çox güman ki, Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərindən birinin ya qohumu, ya da tanışıdır.

Yoxsa heç yerdə adı olmayan, müvafiq dövlət qurumları tərəfindən  ya hüquqi, ya da fiziki şəxs kimi səlahiyyət verilməmiş bir şəxslə 451 min manat məbəğində satınalma müqaviləsinin bağlamağa kim çürət edərdi?

Dövlət məmurlarının yaxın adamlarının adına yaradılmış MMC-lərin tenderlərdə qalib olmaları, satınalmaları saxtalaşdırılması halları barədə sosial şəbəkə və elektron media resusrslarında demək olar ki, kifayət qədər geniş məlumatlar var. Yəni, təəccüb ediləsi heç bir şey yoxdu. Amma heç bir dövlət qurumunda qeydiyyatdan keçməmiş, nə hüquqi, nə də fiziki şəxs olmayan birinin yarım milyon manat civarında tenderin qalibi olmasına təəccüb etməmək olmur.

Bənzər yazılar

0.25951886177063