29 yaşlı oğlanın büdcəyə milyonlarla borcu necə yaranıb?

 03-06-2023

Yasamal Rayon Məhkəməsində vergidən yayınmada təqsirləndirilən Şəki sakini, 1994-cü il təvəllüdlü Rəşid Məmmədovun məhkəməsi keçirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, orta təhsilli və 5 uşaq atası olan R.Məmmədov Cinayət Məcəlləsinin 213.3-cü (Vergidən yayınma-xüsusilə külli miqdarda) maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə bildirilib ki, Rəşid “Senton” MMC, “Titan W” MMC, “Şkala-Temp” MMC, “Bulus Termini” MMC, “Yamaxa-08” MMC, “Etalon MLT 08” MMC, “Titan-V.V” MMC, “Gurur İnşaat” MMC, “Teta-2016” MMC, “Xəzər-2016” MMC və bir çox (14 MMC) şirkətə rəhbərlik edib.

Aparılan vergi yoxlamaları nəticəsində bu şirkətlərin dövlət büdcəsinə ümumilikdə 2 milyon 262 min 470 manat vergi borcunun formalaşması məlum olub və rəsmi sənədlərdə şirkətə rəhbərlik etdiyi məlum olan R.Məmmədova cinayət işi açılıb.

Cinayət işi üzrə keçirilən məhkəmə prosesində R.Məmmədov həmin şirkətləri özünün yaratdığını deyib. Lakin o vergi borcunun məbləği ilə razılaşmayıb: 

”Şəki şəhərində 2008-2010-cu illərdə kafedə işləmişəm, 2012-ci ildə hərbi xidmətdə olarkən hərbi hissəni özbaşına tərk etdiyim üçün məhkum olunmuşam. 2013-2014-cü illərdə 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmişəm. 2016-cı ildə bir neçə müəssisə təsis edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başladım”.

R.Məmmədov bildirib ki, onun adına xeyli sayda müəssisə olduğu üçün öz adına yeni müəssisələr təsis etmək mümkün olmadığından digər müəssisələri müxtəlif vaxtlarda ayrı-ayrı adamlardan satın alıb: 

”MMC-lər başqaları tərəfindən təsis olunsa da, bu müəssisələrin fəaliyyətinə faktiki olaraq özüm rəhbərlik etmişəm, müəssisələr adından bütün əməliyyatları, o cümlədən, bank əməliyyatlarını özüm aparmışam. Bu müəssisələrin məndən başqa digər işçiləri olmayıb, müəssisələrin mühasibat işlərini özüm aparmışam, fəaliyyətinə rəhbərlik etdiyim ilk gündən bu müəssisələrin təsis sənədləri, möhürləri, parol və pin kodları məndə olub. Bu müəssisələrin əsas fəaliyyəti müxtəlif malların idxalı, alışı və satışı, müəyyən iş və xidmətlərin görülməsindən ibarət olub”.

Məhkəmə R.Məmmədovu qeyd edilən maddə üzrə təqsirli bilib. Ona 2 il dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və ya məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 il 6 ay həbs cəzası verilib.

Həmçinin vergi qurumunun mülki iddiası təmin edilərək R.Məmmədovdan ümumilikdə 2 milyon 262 min 470 manat məbləğində pul vəsaitinin tutularaq dövlət büdcəsinə köçürülməsinə qərar verilib.

Bənzər yazılar

0.31198000907898