Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəhbərliyi musiqi müəlliminin qızını məktəbdən çıxartdırıb

 03-06-2023

İmişli rayonunda yerləşən Uşaq musiqi məktəbinin müəllimi Kürdəmir Regional Mədəniyyət İdarəsindən şikayətçidir.

Bununla bağlı Oxu.Az-a müraciət edən məktəbin müəllimi Röya Şirinova bildirib ki, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəhbərliyi təhsil müəssisəsində əsassız yoxlamalar aparır:

“İdarə rəhbərliyi biz müəllimlərlə kobud rəftar edir, istədiyi vaxt, istədiyi kimi məktəbə daxil olaraq, tələblər irəli sürür. Dəfələrlə bununla əlaqədar müraciət etsək də, heç bir addımın şahidi olmadıq. Hətta mənim musiqi məktəbində təhsil alan qızımı da əsassız şəkildə məktəbdən uzaqlaşdırıblar. Məsələnin konkret mənim etirazlarımla əlaqədar olduğunu düşünürəm. Çünki ötən il də idarə rəhbərliyinin bizimlə kobud rəftarı, uşaqların içərisində aşağılaması haqqında etirazımı bildirmişdim. Bundan sonra qızımı məktəbdən uzaqlaşdırdılar və qeyd etdilər ki, bu, Kürdəmir Regional Mədəniyyət İdarəsinin birbaşa rəhbərinin tapşırığıdır.

Ötən il “Şuşa ili” ilə, bu il isə “Heydər Əliyev ili” ilə əlaqədar çoxsaylı tədbirlər, müsabiqələr keçirildi. İmişli Uşaq musiqi məktəbinin üzərinə qoyulan yük və tələblər ağırdır, hansı ki, digər musiqi məktəbləri ilə əlaqədar bu qədər ciddi tələblər görmürük. Tədbirlərə hazırlıq prosesində idarə rəhbərliyinin müəllimlərlə kobud rəftarı, bizi uşaqların qarşısında danlaması, alçaltması isə onlar üçün adi hala çevrilib. Bu məsələ haqqında ölçü götürülməsini xahiş edirəm”. 

Müəllimin müraciəti ilə əlaqədar Mədəniyyət Nazirliyinə sorğu ünvanlanıb. Nazirliyin açıqlamasında qeyd edilib ki, məsələ araşdırılır və nəticə haqqında müvafiq açıqlama veriləcək. 

Onu da qeyd edək, mətbuatda Kürdəmir Regional Mədəniyyət İdarəsinin  rəisi Faiq Xudanlının adı dəfələrlə rüşvət və korrupsiya işlərində hallanıb. Hətta mətbuada yayılan məlumatlara görə, Kürdəmir, İmişli, Beyləqan, Füzuli və Xocavənd rayonlarında fəaliyyət göstərən mədəniyyət klublarında, kitabxanalarda, mərkəzlərdə və teatrlarda adı olub özü olmayan “ölü canlar” var. Yəni keçmişdə olduğu kimi yenə regional idarənin rəhbərliyi işçilərin adına yazılan əmək haqqları mənimsənilir.

Media da yayılan məlumatlarda o da qeyd edilir ki, Kürdəmir Regional Mədəniyyət idarəsinin musiqi məktəblərində dərs saatları artırılan müəllimlərdə məcburi şəkildə hər ay pul alınır. Bu miqdarı artırılmış əlavə dərs saatının 60 faizi qədərdi. Həmçinin rəhbərliyin şərti ilə razılaşmayanların dərs saatları artırılmır.

Digər məlumatda isə bildirilir ki, Kürdəmir Regional Mədəniyyət idarəsi rəhbərliyinin əsas yeyinti yerlərindən biri ayda bir neçə dəfə keçirilən müxtəlif tədbirlər silsiləsidir. Dövlət büdcəsindən və işçilərin əmək haqqısından həmkəralar təşkilatına tutulan vəsait hesabına keçirilən bu tədbirlər əslində görüntü xarakterlidir. Tədbirlərin keçirilməsi üçün işçilərə yazılan ezamiyələrə görə büdcədən ayrılan vəsaitlər rəhbərlik tərəfindən mənimsənilir.

Kürdəmir Regional Mədəniyyət idarəsində baş verən hadisələr bir daha onu göstərir ki, əslində Mədəniyyət Nazirliyinin regional idarələrində aparılan islahatlar sadəcə görüntü xarakterlidir. Çünki yenə də korrupsiya, maliyyə maxinasiyasaları və sair əməliyyatlar gizli şəkildə həyata keçirilir.

Bənzər yazılar

0.35461020469666