“Bu da bilirsiniz, pisdir də. Ən ağıllı, ən savadlı adamlar xaricə gedirlər”. Bu sözləri Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar Rzayev Yeniavaz.com-a müsahibəsində deyib.
“Burada bizim nə qədər çox savadlı gənclərimiz olsa o qədər yaxşıdır. Kapitalizm belədir ki, hərə öz işi ilə məşğuldur. Bəlkə də bu daha düzgündür ki, hərə öz işi ilə məşğul olsun. Mühəndis öz işi ilə, həkim öz işi ilə... Amma ziyalılığın ilk şərtlərindən biri ədəbiyyata bələd olmaqdır. Ədəbiyyat insan yetişdirir. Ona görə də, mənə elə gəlir ki, ədəbiyyata maraq olmaması kapitalizmin mənfi cəhətlərindən biridir.
İndi kapitalizm sistemidir. Belə də olmalıdır. Türkiyədə Əziz Nesin, Yaşar Kamal, Orhan Pamukdan başqa heç bir yazıçı öz yazdıqları ilə dolana bilmirlər. Biri dərs deyir, biri köşə yazır. Birinin mağazası var. Hərə bir işdən pul qazanır, sonra öz kitablarını yazır. Sovet vaxtında isə yazarlar öz yazdıqları ilə dolana bilirdilər”.
“Bir ssenariyə maşın ala bilərdin. Kitabların böyük tirajla çıxırdı. İndi onlar yoxdur. Nə kitablar böyük tirajla çıxır, nə ssenari çəkilir. İndi bu sənətlə dolanmaq mümkün deyil. Azərbaycanda bir ya iki yazıçı öz kitabları ilə dolanır. Misal üçün mən də bu şəkildə dolana bilməzdim. Çünki, kitablarımı hətta, özüm çap edirəm. Kitablarımdan bir qəpik qonorar almıram. Bu da kapitalimzdir. Həmçinin qeyd edim ki, əgər sənin filmlərin gündə televiziyada göstərilirsə, müsahibə alınırsa bunun qonorarı verilməlidir. Sizə demirəm, prinsip olaraq olaraq deyirəm (gülür). Əgər məni göstərirlərsə gərək ondan mənə gəlir gəlsin. Heç biri gəlmir. Yaxşı heç yerdən gəlir gəlmirsə yazıçı öz sənəti ilə necə dolana bilər? Nə kapitalizm kimi kapitalizmdir, nə də sosializm kimi sosializm. Şikayət eləmirəm, dolanıram mən günahdır şikayət eləmək. Maaş alıram, təqaüd alıram. Sadəcə demək istəyirəm ki, indiki dövrdə yazarlar yazıçılığın hesabına dolana bilməz. Ona görə də əziyyət çəkilər”.
Anar həmçinin bildirib ki, ölkədə bir neçə yazıçıya təqaüd verilir amma bu dəryada damladır:
“İldə 50 yaşlı yazıçıya təqaüd ayrılıb. 20 nəfər isə cavan yazıçıya təqaüd verilir. Artıq 8 ildir veririk. Hər dəfə bu prosesdə başımız ağrıyır. Çünki, 50-si alır, onlardan 100-2 çıxır ki, biz də dolana bilmirik, mən də almalıyam. Deyirik ki, sən biraz gözlə gələn ildən təqaüd ayıraq. Deyir ki, yox, bu il almasam özümü öldürəcəm. Çətindir... Sovet dövrünün iyisi burunlarında qalıb. Varlanacağam dövlətlənəcəyəm və sair... Mümkün deyil. Gərək nə cür yazıçı olasan ki, yazı ilə dolana biləsən. Bu sovet dövründə belə idi. İndi paxıllıq edirlər ki, siz sovet dövründə bəy balası kimi dolanmısınız. Doğrudan da elə idi. Amma o dövrdə qadağalar var idi. Hər şeydən yaza bilmirdin. Senzura incidirdi. Amma kitabımız çıxırdısa ondan qonrar alırdıq. Yazıçılar Birliyinin ədəbiyyat fondu var idi. Orada gedib işləyə bilirdik. İndi onların heç biri yoxdur. Hamı da deyir ki, vaxt belə idi və sair. Onda sosializmi geri qaytaraq. Sosializmi də qaytarmaq lazım deyil, çünki, onun da pis üzünü görmüşük”.