Sabirabad RİH 2 manatlıq şirkətə tender verdi - "Pearl Light Supplier” kimindir?

 18-05-2023

Sabirabad Rayon İcra Hakimiyyəti başçısının Sabirabad Şəhər Nümayəndəliyi mal-materialların satın alınması ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo.az xəbər verir ki, tenderin qalibi "Pearl Light Supplier” MMC olub. Qurum şirkətdən alacağı mal-materiallara görə 57.399,48 AZN xərcləyəcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Pearl Light Supplier” MMC 24 noyabr 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi, ev 94/B, döngə 2-də yerləşir. Şirkətin qanuni təmsilçisi isə Yusibova Lütviyyə Şöyüb qızıdır.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barədə heç bir məlumat yoxdur. Görünür, bu şirkətin yeni yaranması ilə bağlıdır. 

Maraqlıdır ki, 6 aydır fəaliyyət göstərən və barəsində heç bir məlumat olmayan şirkət artıq bir neçə iri məbləğli tenderin qalibi olub. 

Bu il mayın 1-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsi "Pearl Light Supplier” MMC ilə maliyyə dəyəri 169 998,4 AZN təşkil edən satınalma müqaviləsi imzalayıb. Müqavilədə yumşaq invertarların satin alınması nəzərdə tutulub. 

Ötən ilin dekabrında isə Lerik Rayon İcra Hakimiyyəti Başçısın Lerik Şəhər Nümayəndəliyi şirkətlə maliyyə dəyəri 32 982.87 AZN təşkil edən satınalma müqaviləsi bağlayıb. Müqavilə kommunal yaşayış binalarının əsaslı təmiri ilə bağlı olub. 

Bu müqavilə imzalanarkən "Pearl Light Supplier” MMC” 1 ayın şirkəti olub.     

"Dövlət satınalmaları haqqında” Qanunun 6.2.1-ci maddəsinə görə satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlılığın olması lazımdır. 

Şirkətin yaranmasından qısa müddət sonra tenderlərə cəlb edilməsi onun qalib olduğu tenderlərin şəffaflığına şübhə salır. İddia edilə bilər, yeni yaranan şirkətlər də "Dövlət satınalmaları haqqında” Qanunun 6.2.1-ci maddəsinin tələblərinə cavab verə bilər. Doğrudur, bu mümkündür. Lakin nə ünvanı, nə əlaqə telefonu, nə də veb-səhifəsi olan şirkət barədə bunu demək bir qədər çətindir. 

Mənbə qaynarinfo.az

Bənzər yazılar

0.40629601478577