Köhnə ənənənin ölüm-qalım məsələsi: Səyyar kinoteatrları işə salmaq olarmı? 

 12-05-2023

Orta nəslin insanları yaxşı xatırlayarlar. Hər ucqar kəndə belə səyyar kinoteatrlar gedər, açıq havada ağ parça ekran quraşdırılar, 20 qəpiklik biletlə kino keyfi başlayardı. Əsasən Hind filmləri nümayiş etdirilər, zəhmətkeşlər yorucu iş günündən sonra Zita və Gitanın, Ciminin, avaranın macəralarını izləyərdilər. Film bitər, müzakirələr bitməzdi. Yay axşamlarında açıq havada qurulan səyyar kino salonları sosiallaşmaq, bir yerə toplaşmaq üçün yaxşı bəhanə idi. Ucuz və maraqlı. 

Hər aşiqin öz dövranı olduğu kimi, hər dövranın da öz tələbi var. İnternet, sosial şəbəkələr, filmlər izləmək üçün müxtəlif platformalar var. Lakin bu platformalar heç də bütün ucqar kənd və rayonlarımızda əlçatan deyil. Bəs yenidən səyyar kinoteatrları işə salmaq olarmı? Axı istənilən kənddə Mədəniyyət Nazirliyinin klubu və ya mədəniyyət evi var. Hər nə qədər adları olub, özlərinin işi olmasa da.

Rejissor və incəsənət xadimi Ümid Aminin fikrinə görə, səyyar kinoteatrları inkişaf etdirilməsi hazırda filmlərimizin nümayişi və təbliği naminə elə də effektiv nəticə verməyəcək.

O, Lent.az-a verdiyi açıqlamada belə deyib:

“Çünki filmlərə baxış ödənişli əsaslarla həyata keçirilir və nəzərə alsaq ki, rayonlarda işsizlik səviyyəsi yüksəkdir, səyyar kinoteatrlara nəzərdə tutulan insan kütləsi gəlməyəcək. Bu sadəcə olaraq vaxt itkisi və o layihəyə ayrılan pulların havaya sovrulması olardı. Son zamanlar səyyar kinoteatrların bərpası ilə bağlı fikirlər səsləndirilir. Əməkdar incəsənət xadimi, kinorejissor, aktyor Elxan Cəfərov “Azərbaycan Kinosu-125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino Forumunda “İdeologiya. Milli kino - dünən, bu gün və sabah” adlı paneldə çıxış edərkən ölkə üzrə 10 səyyar kinoteatrın yaradılmasını təklif edib. Fikrimcə bu layihəyə ayrılan pulu  uşaqlar üçün cizgi filmləri çəkməyə, milli rəqslərimiz haqqında sənədli filmlər çəkmək üçün ayırsalar, daha məntiqə uyğun olardı. Biz müasir dövrdə yaşayırıq və istədiyimiz filmi fərq etməz, harada olsa izləyə bilərik. Bu cür təşəbbüsü rayonlarda Gənclər mərkəzlərində, ictimai mərkəzlərdə həyata keçirmək olar. Səyyar kinoteatrların təşkili şərt deyil”.

Bakıda insanların müxtəlif kinoteatrlarda baha qiymətə hətta keyfiyyətsiz  filmləri belə izlədiyini nəzərə alsaq, səyyar kinoteatr məsələsi deyilən qədər qorxulu görünməməlidir.

Məsələ bundadır ki, səyyar kinoteatrlarda yalnız yerli filmlər yox, kinoprokata girən bütün filmlər nümayiş etdirilir. Səyyar kinoteatrın hazırda fəaliyyət göstərən kinoteatrlardan qat-qat artıq qazanc gətirmək imkanı olacaq. Çünki bu kinoteatrlar böyük  məbləğ hesabına tikilib. Səyyar kinoteatrlar isə daha ucuz başa gələcək. Bu işi nazirlik olmadan, sahibkarlar da həyata keçirə bilərlər. Artıq çoxdan isbat olunub ki, kino, incəsənət sahəsi dünyada az əməklə böyük gəlir gətirən sahələrdəndir.

Bənzər yazılar

0.44218611717224