İntim sirlərinə görə ərini ÖLDÜRDÜ – Bakıda biznes-ledinin ŞOK CİNAYƏTİ

 27-05-2022

2019-cu il iyulun 7-də paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsindəki evlərdən birində Araz Sofiyevin qətlə yetirilməsi, xanımı Rənanın isə yaralanması barədə polisə məlumat daxil olur. Dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək əraziyə baxış keçiriblər.

Hadisə zamanı xəsarət alan Rəna Sofiyeva ilkin izahatında göstərib ki, maskada olan 2 nəfər evlərinə basqın edib. Onlar həyat yoldaşını qətlə yetiriblər, özünə isə xəsarət yetirərək, evdən 4850 dollar və mobil telefonları ələ keçiriblər.

Rəna Sofiyeva

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə uzun müddət araşdırma aparılsa da, heç kimi məsuliyyətə cəlb etmək mümkün olmayıb. Mərhumun atası hadisədə gəlinindən şübhələnib.

Həmçinin, R. Sofiyeva da prokurorluğa izahatında yalan ifadə verib. Hadisədən 7 ay sonra o, şübhəli qismində saxlanılıb.

Lent.az dəhşətli qətl hadisəsinin istintaq materiallarını əldə edib

İstintaqla müəyyən edilib ki, Araz Sofiyev 2019-cu ilin mart ayında 2003-cü ildən rəsmi nikahda olduğu Rəna Sofiyevanın ailəvi tanışları Mehman Xəlilovla intim münasibətdə olduğunu bilib. Yoldaşının bu barədə valideynlərinə məlumat verib boşanacağını bəyan etməsindən sonra, qadın anası və qardaşlarının yanında rüsvay olmasının qarşısını almaq üçün onu qətlə yetirmək qərarına gəlib.

Araz Sofiyev

Bu məqsədlə Rəna 2019-cu il iyulun 7-də saat 23 radələrində Araz evə qayıtdıqdan sonra ona psixotrop maddə verərək halsız vəziyyətə salıb. Əri qonaq otağındakı divanda uzanıb yatandan sonra gecə saat 2:45-də mənzilin giriş qapısını açıb, kənar şəxsi ya şəxsləri içəri buraxıb. Onlarla birlikdə ərinə qarşı müstəsna dərəcədə qəddarlıqla kəsici və küt alətlərlə çoxsaylı zərbələr vurmaqla onu xüsusi amansızlıqla qəsdən öldürüb.

İş üzrə dindirilmiş Rəna Sofiyeva bildirib ki, Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Kənd Təsərrüfatı texnikaları satan “4S” MMC-də aylıq 1350 manat əmək haqqı almaqla marketinq-menecer vəzifəsində işləyib. 2003-cü ildə Araz Sofiyev ilə ailə həyatı qurub, nikahdan bir övladları dünyaya gəlib:

“Ailə qurduqdan sonra Yeni Günəşli qəsəbəsinin “Q” yaşayış massivində yaşayırdıq. Araz müxtəlif şirkətlərdə ekspeditor, axırıncı dəfə dondurma zavodunda satış meneceri işləyib, 2017-ci ildən heç yerdə işləməyib. Araz işləmədiyi müddətdə bir neçə dəfə banklardan kreditə pul götürmüşəm. 

“Hyundai” markalı avtomobilimi 2018-ci ildə 10.000 manata qardaşım Salman Bayramova satdım, pulu dollara dəyişdim. Əvvəl başqa maşın almaq istəyirdim, lakin sonradan fikrimi dəyişib pulu oğlumun təhsili üçün saxladım.

İstintaq fotosu

Hadisədən 3 həftə əvvəl Araz məndən çoxdan aldığı qızıl qolbağımı işlədib-işlətmədiyimi soruşdu. İstifadə etmədiyimi söylədikdə Araz qolbağı satmaq istədiyini dedi. Bunun səbəbini soruşduqda o, kimlərəsə borcu olduğunu bildirdi. Dəyəri təxminən 1500 manat olan qolbağı ərimə verdim. Araz da onu satıb, borcunu qaytardı. 2 ay olardı ki, əlavə iş kimi restoranlar üçün dekor gülləri yetişdirib satmağa başlamışdım. Bununla əlaqədar Heydər Əliyev prospekti 115-də yerləşən biznes mərkəzində icarəyə ofis götürmüşdüm. 2019-cu il iyulun 6-sı saat 18 radələrində Araz mənə zəng edərək, ofisin qarşısında olduğunu dedi. Aşağı düşdükdə Arazı, qayınatam Knyazı və qaynım Ayazın maşınla gəldiklərini gördüm. Onlarla birlikdə evimizə getdik. Bir qədər evdə oturub, söhbət edəndən sonra qonaqlar çıxıb getdilər. Saat 21 radələrində kimsə Araza zəng edib, onu futbol oynamağa çağırdı. Buna görə yoldaşım evdən çıxdı və 3 saatdan sonra qayıtdı. Həmin vaxt evdə mən, anam və oğlum olub. Futboldan gələn Araz hamam otağına keçdi. Gecə saat 1 radələrində ərim havaların isti keçməsinə görə kondisioner olan qonaq otağında divanda yatdı. Saat 3 radələrində yuxudan oyandım. Qonaq otağına keçəndə Arazın yavaş səslə tanımadığım 2 nəfərlə nə isə danışdığını eşitdim. Arazın qarşısında oturan şəxs mənə “səs çıxartma, gəl yoldaşının yanında otur” dedi. Ərim də həmin şəxslərə deyib ki, “mənə nə edirsiniz edin, ailəmə toxunmayın”. Arazın solunda əyləşdim. Ərimin tapşırığı ilə 4850 dolları götürüb qonaq otağına qayıtdım. Pulu verən kimi Arazın qarşısında oturan şəxs mənə evdə olan telefonları gətirməyimi tələb etdi. Özümün, anamın və oğlumun telefonlarını gətirib onlara verdim. Telefonları götürən şəxs, pulun qalan hissəsini nə vaxt verəcəyini soruşanda, Araz əsəbiləşərək uca səslə “bundan artıq pulu olmadığını” dedi. Həmin şəxs “sakit olmasını, əks halda ikimizi də öldürəcəyini” bildirəndə, ərim onu söydü. Qapının yanında dayanan və qarşımızda oturan şəxslər hücum edib, yoldaşıma zərbələr vurmağa başladılar. Mane olmaq istədikdə, sol qolumdan yaralandım. Qışqıran kimi onlardan biri üzümə yumruq vurdu. Zərbənin təsirindən huşumu itirdim. Özümə gələndə anamın qışqırdığını, Arazın isə divanda qan içində, oturaq vəziyyətdə olduğunu gördüm. Təcili tibbi yardıma zəng etdik, tibbi briqada məni 3 saylı şəhər Klinik Xəstəxanasına aparıb, orada qoluma sarğı qoydular”.

Rəna Sofiyeva

Rəna Sofiyeva əlavə edib ki, Araz son vaxtlar sakitləşdirici dərman qəbul edirdi. Onun kimlərə nə qədər pul borcu olduğunu bilməyib. Hadisə baş verən gecə saat 1 radələrində yatıb, qapının döyülməsini eşitməyib. Hazırkı iş yerindən əvvəl 2007-ci ildən Mehman Xəlilovun rəhbərliyi ilə proqram təminatı, dizayn işləri ilə məşğul olan şirkətdə çalışıb. Xəlilovla 2014-2016-cı illərdə qeyri-rəsmi ər arvad münasibətində olub, 2019-cu ilin mart ayında bu barədə yoldaşına danışıb. Ərini öldürən şəxslərin üzündə qara rəngli maskalar olub, onlar rus dillində danışıblar.

Zərərçəkmiş şəxsin hüquqi varisi Qinyaz Sofiyev ifadəsində göstərib ki, iyulun 6-da oğlu Arazgildə bir qədər oturduqdan sonra saat 19 radələrində ordan çıxıblar:

“Oğlum aşağı düşüb bizi yola saldı. Onların evində olanda ailələrində hər hansı problemin olduğunu müşahidə etmədim. Ayın 7-si gecə saat 3:50-də Rənanın qardaşı Əli mənə zəng edərək Arazın kiminləsə dalaşdığını dedi. Oğlumun və gəlinimin telefonlarına zəng çatmadı. Arvadım və oğlu Ayazla birlikdə dərhal Yeni Günəşli qəsəbəsinə yollandıq. Evə girəndə dəhlizdə və otaqda qan ləkələrini gördük. Arazın meyiti qonaq otağında, divanın üzərində yarı uzanıqlı vəziyyətdə qana bulaşmış vəziyyətdə idi. Bir qədər sonra Rəna sol qolu sarıqlı vəziyyətdə xəstəxanadan gəldi. Gəlinim qısa olaraq iki nəfərin evlərinə girib Arazı bıçaqla vurduğunu və ona da xəsarət yetirdiyini dedi. Oğlum ailəcanlı, mülayim, haqsızlıqla barışmayan, heç kimlə ədavəti olmayan biri idi. Arazın heç kimə pul borcu olmayıb, olsaydı bu barədə mənim, qardaşlarının və anasının mütləq xəbəri olardı. Axırıncı dəfə onu həyətdən yola salanda da, Araz pula ehtiyacının olmadığını dedi. Araz yaxın günlərdə Gürcüstana maşın almağa getməyi planlaşdırırdı. 

Oğlumla gəlinimin münasibəti yaxşı olub. Hadisədən sonra oğlum Azərin sözlərindən bildim ki, bir neçə gün əvvəl Araz ona Rənadan boşanmaq istədiyini, yaxın vaxtlarda ailə üzvlərini yığıb, bu barədə bizə məlumat verəcəyini deyibmiş”.

Cinayət işi üzrə ittiham aktı

Şahid Sevil Bayramova ifadəsində bildirib ki, gecə saat 3 radələrində dəhlizdə qan izləri, qonaq otağında Arazın divanın üzərində yarı uzanıqlı vəziyyətdə, Rənanın isə onun sol tərəfində huşsuz vəziyyətdə görüb:

“Hər ikisinin öldüyünü zənn edərək qışqırdım. Bloka çıxıb qonşuları köməyə çağırdım. Mənzilə qayıdanda gördüm ki, nəvəm otağın qapısına söykənib, qızım isə artıq yerdə uzanıb və qolundan təzyiqlə qan axır. Kömək üçün yenidən bloka çıxdım və qonşunun qapısını döydüm. Qapını açan qadından ərini çağırmasını xahiş etdim. Qonşumuz Samir İlyasov evimizə keçdi, vəziyyəti görəndən sonra “102” və “103”ə zəng etdi. 20 dəqiqədən sonra həkimlər Rənanın qolunu sarıyıb xəstəxanaya apardılar”. 

Şahid Sərdar Sofiyev bildirib ki, iyulun 7-si səhər saat 4 radələrində nənəsinin qışqırıq səsinə oyanıb. Atasını divanda hərəkətsiz və qanlı, anasını isə atasının üstündə yarı uzanıqlı vəziyyətdə görüb:

“Anam nənəmin qışqırıq səsinə sanki oyanıb qışqırmağa başladı. Qulaqcıqlar dəhlizdə, yerdə idi. Sonra öyrəndim ki, atamı öldürənlər evdəki mobil telefonları götürüb aparıblar”. 

Şahid qeyd edib ki, atası tam sağlam olub, hər gün idmanla məşğul olub və dərman qəbul etməyib. Ölümündən əvvəlki günlərdə onda halsızlıq əlaməti hiss olunmayıb.

Arazın meyiti

Şahid Fatma Sofiyeva ifadəsində göstərib ki, oğlu Arazın gəlini Rəna ilə münasibəti həmişə yaxşı olub:

“2019-cu ilin yanvar ayından baş ağrılarından şikayətləndiyinə görə oğlumu müayinələrdən keçirdim və həkim ona müxtəlif dərmanlar yazdı. İyunun 28-də Araz atasının verdiyi avtomobillə məni Yasamal rayonuna apararkən, yolda Rənadan boşanmaq istədiyini dedi. Səbəbini soruşanda oğlum “sən bilməyən şeylər çoxdu, mən də hamısını sənə deyə bilmirəm” söylədi. 

Dəfələrlə xahiş etməyimə baxmayaraq, Araz heç nə demədi”.

Hadisə olan ev

Şahid Mehman Xəlilov bildirib ki, dizayn, veb saytların hazırlanması ilə məşğul olan MMC-nin direktoru olub. 2015-ci ildən şirkət Ə.Rəcəbli küçəsində yerləşən binanın 2-ci mərtəbəsində fəaliyyət göstərib:

“2007-ci ildə Rəna Sofiyevanı menecer kimi işə qəbul etdim. 2014-cü ildən 2016-cı ilə qədər aramızda sevgi və intim münasibət yarandı. Amma sonra münasibətimizi yalnız işgüzar şəkildə davam etdirmək qərarına gəldik. “Opel” markalı avtomobilimi Araza pulunu hissə-hissə ödəmək şərti ilə satdım, həmin vaxtdan münasibətlərimiz dostluğa çevrildi. Ailəvi olaraq evlərinə gediş-gəlişimiz var idi. 2019-cu ilin fevralında Araz borc sahibinin onu sıxdığını söyləyərək, məndən 5-10 min manat pul istədi. Araza pul vermədim, o da məndən incidi. Rəna mənə evin bütün yükünün üzərində olduğunu, Arazın işləmədiyini bildirib pula ehtiyacı olduğunu deyəndə, ondan “niyə boşanmadığını?” soruşdum. Rəna bu sözümü ərinə çatdırdığı üçün, Araz mənimlə mübahisə etdi. Bundan sonra Rəna işdən çıxdı. Həmin vaxtdan da Arazı görmədim. İyulun 7-də Arazla ortaq dostumuz olan Rəfail zəng edib, səbəbini söyləmədən məni 33-cü Polis Bölməsinə çağırdı. Yolda olarkən dostum İlham Kazımov mənə zəng edib “Araza nəsə olub, hamı facebokda şəklinin altında “Allah rəhmət etsin” yazır dedi. Bölmədən Suraxanı rayon prokurorluğuna gələndə öyrəndim ki, Araz qətlə yetirilib. Rəna Sofiyevanın istintaq tərəfindən tutulmasını kütləvi informasiya vasitələrindən öyrəndim”.

Qətl olan otaq

Bakı İstintaq Təcridxanasında saxlanılan zaman Rəna Sofiyevanın ətrafında əməliyyat tədbirləri keçirilib. Nəticədə məlum olub ki, anası evdə şkafın arxasında gizlədilmiş noutbukun hələ də polis əməkdaşları tərəfindən tapılmadığını bildirib.

Rənanın anasına təmkinli olmağı və noutbukun yerini dəyişdirməyi tapşırdığı üzə çıxıb. Qeyd olunan məlumat 2020-ci il fevralın 22-də Suraxanı rayon Polis İdarəsinə təqdim edilib. Rəna Sofiyeva məsuliyyətdən yayınmaq məqsədi ilə guya səhhətində psixoloji problemlərin olduğunu göstərməyə çalışıb. Araz Sofiyev onun Mehman Xəlilovla intim münasibətdə olmasından xəbər tutduqdan sonra, mütəmadi evdə qalmaqal salıb. Yaranmış xoşagəlməz vəziyyətə və xəyanət etməsi ilə bağlı yayılan söhbətlərə son qoymaq məqsədi ilə qətlin Rəna Sofiyeva və ya onun təhriki ilə digər şəxslər tərəfindən törədildiyi istisna edilmir.

Həmin noutbuk istintaq orqanı tərəfindən ələ keçirilsə də, içərisindəki məlumatları əldə etmək mümkün olmayıb. Bununla əlaqədar Rəna Sofiyeva, kompüteri xüsusi proqramla bağladığını, işi ilə bağlı olduğu üçün parolu heç kimə verməyəcəyini bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəna Sofiyeva cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Bənzər yazılar

0.19928312301636