Gəncədə sığınacaq tikilməsi üçün sahə ayrılıb.
APA xəbər verir ki, bunu bu gün Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nın müzakirəsi zamanı Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov bildirib.
Həzi Aslanov deyib ki, son 3 ildə QHT-lərə insan alverinə qarşı mübarizə sahəsində ayrılan vəsaitin artırılmasına ehtiyac olduğu barədə fikirlərlə razıdır: “Ancaq bir irad da var. Hər il həyata keçirilən layihələr demək olar ki, təkrarlanır. Təqdim olunan layihə tutarlı olmalıdır. Çünki təqdim edilən layihələrin maliyyə tutumu 6-7 min manat olur."
Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda qeyd edilib ki, dilənçilik hallarının qarşısının alınması məqsədi ilə regionlarda açıq və qapalı tipli təlim-tərbiyə müəssisələrinin yaradılması barədə Nazirlər Kabineti qarşısında vəsatət qaldırılıb: "Ümumən yetkinlik yaşına çatmayanlar arasında avaralıq və dilənçilik hallarının qarşısının alınması məqsədi ilə regionlarda açıq və qapalı tipli təlim-tərbiyə müəssisələrinin, eləcə də sosial sığınacaqların və reabilitasiya mərkəzlərinin yaradılması barədə Nazirlər Kabineti qarşısında vəsatət qaldırılıb".
Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun 2022-ci il üzrə hesabatında o da qeyd edilib ki, insan alveri və məcburi əmək qurbanlarının, o cümlədən uşaqların, əcnəbilərin yaxud vətəndaşlığı olmayan şəxslərin müəyyənləşdirilməsi istiqamətində keçirilmiş tədbirlər zamanı - Azərbaycan, Türkiyə və İran ərazilərindən istifadə etməklə Avropa və Amerika ölkələrinə getmək istəyən qanunsuz miqrasiya kanalı təşkil edən 39 nəfər saxlanılıb.
Aparılmış araşdırmalarla həmin şəxslərin əməllərində insan alveri cinayətinin əlamətləri aşkar edilmədiyindən onlar haqqında ölkə ərazisindən inzibati qaydada çıxarılma tətbiq olunub.
Hesabat ilində uşaq əməyinin istismarının qarşısının alınması üzrə həyata keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 685 uşaq, eləcə də buna şərait yaradan 232 valideyn aşkarlanıb.
Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc insan alveri ilə bağlı məsələlərə daxili işlər nazirinin çox həssas yanaşdığını, belə şəxslərin əfvinə müsbət yanaşmadığını nəzərə çatdırıb. O, bu halı təqdir edib.