AQTA satışa çıxarılan qablaşdırılmış sularla bağlı ciddi xəbərdarlıq edib

 08-05-2023

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) vətəndaşlara çağırış edərək onları “ÇEMP Su” və “Çuxuryurd İstisu” əmtəə nişanlı sulardan istifadədən çəkindirib.

AQTA-dan bildirilib ki, həyata keçirilən yoxlama nəzarət tədbirləri zamanı son vaxtlar bir sıra hallarda mərkəzləşdirilmiş su xəttindən verilən suyun müxtəlif filtrlərdən keçirilməklə qablaşdırılması və “Qida təhlükəsizliyi haqqında” Qanununun tələblərini kobud şəkildə pozaraq üzərində müxtəlif təbiət mənzərələri, bulaq, çeşmə, dağ təsvirləri göstərməklə “təbii”, “mineral”, “müalicəvi” sözləri yazılmaqla satışa çıxarılması faktları aşkarlanıb.

Bu xüsusda ötən həftə Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 3 ünvanında fəaliyyət göstərən “Araz su” içməli su emalı müəssisəsində agentlik əməkdaşları tərəfindən plandankənar yoxlama həyata keçirilib və qanunsuz fəaliyyətin qarşısı alınıb. Həmçinin aparılan nəzarət tədbirləri çərçivəsində “ÇEMP Su” və “Çuxuryurd İstisu” əmtəə nişanlı qablaşdırılmış sularda müvafiq qanunun tələbləri pozularaq “təbii”, “mineral”, “müalicəvi” və s. sözləri yazılmaqla satışa çıxarıldığı müəyyən olunub. Hazırda bununla bağlı agentlik tərəfindən qanunvericilik çərçivəsində zəruri tədbirlər həyata keçirilməkdədir.

AQTA bu cür məhsulların satışı ilə məşğul olan ticarət şəbəkələrinə xəbərdarlıq edərək bildirir ki, həmin məhsulların satışı dərhal dayandırılmalı və geri çağırılması ilə bağlı müvafiq tədbirlər həyata keçirilməlidir. Əks halda, həmin suların satışını həyata keçirən ticarət müəssisələri barədə qanunvericilik çərçivəsində inzibati tədbirlər görüləcək.

İstehlakçılardan həmin suları istehlak etməmək, bu kimi hallarla rastlaşdıqda dərhal Agentliyin “1003” Çağrı Mərkəzinə məlumat vermələri xahiş olunur.

Bənzər yazılar

0.14631104469299