Eldar Mahmudovun övladları yenidən məhkəməyə verildi

 06-05-2023

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun övladları - Anar Mahmudov və Nərgiz Mahmudova yenidən məhkəməyə verilib.

Pravda.az xəbər verir ki, bu barədə Ağarəhimov İlqar Ağarəhimoviç adlı vətəndaş Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

İddia hakim Emin Əliyevin sədrliyi ilə araşdırılacaq.

Vətəndaş alqı-satqı müqaviləsi üzrə mübahisələri barədə tələb irəli sürüb.

Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, İlqar Ağarəhimov daha əvvəl də Eldar Mahmudovun övladlarını məhkəməyə vermişdi.

İlqar Ağarəhimovun iş adamı olduğu deyilir. İddialara görə, onun Anar Mahmudov və Nərgiz Mahmudovanı məhkəməyə verməsi biznes mübahisələri ilə bağlıdır.

Eldar Mahmudov 2004-2015-ci illərdə Azərbaycanın milli təhlükəsizlik naziri vəzifəsində işləyib. 2015-ci ildə Prezidentin sərəncamı ilə tutuduğu vəzifədən azad olunub. Bundan sonra MTN-də əməliyyatlar başlanılıb. Qurumun yüksək rütbəli vəzifəli şəxsləri həbs edilib.

Həmin vaxt Eldar Mahmudovla bağlı yayılan məlumatlarda onun övladlarının hətta Avropada biznes imperiyası quruduqları iddia edilirdi.

Bu arada qeyd edək ki, hazırda həbsdə olan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev Eldar Mahmudovla qudadır. Onun qızı Anar Mahmudovun həyat yoldaşıdır.

Londonda Anar Mahmudova məxsus bir neçə şirkət mövcud olub. Anar Mahmudovun eyni zamanda Azərbaycanda, Lüksemburqda, İspaniyada və Türkiyədə şirkətləri var. Anar Mahmudovun adı rəsmi sənədlərdə "Diqlas-1" MMC və "Kristal İnşaat" MMC-nin təsisçisi, həm də qanuni nümayəndəsi olaraq qeyd olunub.

Eyni zamanda Anar Mahmudovun “Caspian Crystal Holdinq”in İdarə heyətinin sədri olduğu göstərilib. Yuxarıda adları qeyd olunan “Kristal İnşaat” MMC, həmçinin “Crystal Med” MMC “Caspian Crystal Holdinq”lə eyni ünvanda yerləşib. Bunlardan başqa Anar Mahmudov Türkiyədə "Deha Gömlek Üretim Sanayi ve Ticaret Limited" şirkətinin şəriklərindən biri olub.

Həmçinin Anar Mahmudov "Sınalco Gayrimenkul ve Danışmanlık Hizmetleri Anonim" şirkətinin İdarə Heyətinin sədri olub.

Eyni zamanda Anar Mahmudov İspaniyada 4 şirkət ("22 Vaquer De Bendinat S.L.", "Son Sana Portals S.L.",  "Macent Invest Group SL" və  "Majorca Capas Group İnvestment SL"), Lüksemburqda 2 şirkət ("Utılıcom" və "Konoco .M") yaradıb.

Barəsində iddia qaldırılan Nərgiz Mahmudova isə Eldar Mahmudovun kiçik qızdır. Nərgiz Mahmudova mərhum prezident Heydər Əliyevin qardaşının nəvəsi Rasim Əliyevlə ailə həyatı qurub. 

Nərgiz Mahmudova Eldar Mahmudovun kiçik qızıdır. Onun digər qızı Xurman Mahmudova yazardır.

Bənzər yazılar

0.22779202461243